Əsas Səhifə > Sosial, Manşet > HAKİM DÜŞƏRGƏ İÇİNDƏN QAYNAMAQDADIR

HAKİM DÜŞƏRGƏ İÇİNDƏN QAYNAMAQDADIR


26-07-2012, 12:44
HAKİM DÜŞƏRGƏ İÇİNDƏN QAYNAMAQDADIR

İQTİDARİÇİ GÜC MƏRKƏZLƏRİ 2013 ƏRƏFƏSİNDƏ BİR-BİRİLƏRİNƏ MEYDAN OXUYUR

DİA.AZ: - Son zamanlar mətbuatda əslində hakimiyyət içində hökm sürən qarışıqlığın təzahürü kimi qəbul edilən müxtəlif səpgili informasiyalar dərc olunmaqdadır. Məsələn, xəbərlərin birində vurğulanırdı ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezidentliyə namizəd olmaq fikrinə düşüb. Bunun ardınca isə baş nazir Artur Rəsizadənin səhhəti yenidən gündəmə gətirildi. Eyni zamanda prezidentin mühafizə xidmətində iç savaşın başlaması barədə məlumatlar yayıldı. Nə baş verir?

Hər halda, ilk baxışdan görünəni odur ki, prezident seçkiləri ərəfəsində hakim düşərgədə ciddi təlatümlər baş qaldırmaqdadır. Ki, bu da anlaşılandır. Çünki buna qədər iqtidar komandasında total dəyişikliklərin baş verəcəyi söylənilirdi. Deməli, adları «qara siyahıya» düşənlər indidən hərəkətə keçərək, rəqibləri barəsində daha çox kampramat mahiyyəti daşıyan məlumatları yerli KİV-də dövriyyəyə buraxmağa başlayıblar.

Bununla bağlı DİA.AZ-a danışan Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, hələ təlatümlü dövrlər irəlidədir. Mənbəmiz bildirir ki, hakimiyyətdə müxtəlif cinahlar var ki, 2013-cü ilin seçkilərindən faydalanmağa çalışırlar: «Həmin cinahlar bir-birilərini vurmaq üçün fürsət axtarırlar. Təbii ki, bütün proseslər ilkin ərəfədə mətbuatda cərəyan edəcək. Kim mətbu savaşdan qalib ayrılsa, proseslərin də qalibinə çevriləcək».

Bu arada mənbəmiz 2005-ci ilin 17 oktyabr hadisələrini də xatırlatdı. Qaynağın iddialarına görə, həmin ərəfədə proseslərin iki qalib cinahı olan Ramiz Mehdiyevlə o zamankı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov birgə hərəkət edərək Əli İnsanov, Fərhad Əliyev, Akif Muradverdiyev, Fikrət Sadıqov kimi fiqurları sıradan çıxardılar. Halbuki həmin dönəmdə adları çəkilən fiqurlar olduqca samballı, hadisələrə təsir imkanına malik bir ünvanı xarakterizə etməkdə idilər.

Amma ilk başdan mətbuatla öz işini görən Ramiz Mehdiyev-Kəmaləddin Heydərov cütlüyü kənardan - Rusiyadan aldıqları dəstək hesabına rəqiblərini nəinki iqtidar düşərgəsindən qovmağa, hətta onların həbsinə belə nail oldular.

İndii də anoloji proseslərin getdiyini bildirən mənbəmiz vurğuladı ki, bu gün bütün tərəflər mətbuatla incə işləyirlər: «Kimin nəyi necə dediyini qəzetlərin və xəbər portallarının manşet xəbərlərindən görmək olar. Amma hələlik çalxalanma dövrüdür. Doğrudur, 2005-ci ilin 17 oktyabr hadisələri eynilə təkrarlanmayacaq. Amma həmin olaylara bənzər səs-küydə olan hadisələrin baş verməsi gözləniləndir».

Geri qayıt