Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOV NƏŞRİYYATA KÖÇMƏK İSTƏYİR

ƏLİ HƏSƏNOV NƏŞRİYYATA KÖÇMƏK İSTƏYİR


26-07-2012, 13:17
ƏLİ HƏSƏNOV NƏŞRİYYATA KÖÇMƏK İSTƏYİR

PA-NIN ŞÖBƏ MÜDİRİ BU ADDIMI HANSI ZƏRURƏTDƏN ATMALI OLACAQ?

DİA.AZ: Hələ bir müddət əvvəldən məlumat verərək bildirmişik ki, «Azərbaycan» Dövlət Nəşriyyatında kapital təmir planlaşdırılır və artıq bu yöndə müəyyən hazırlıqlar görülməkdədir. Xatırladaq ki, hətta bəzi qaynaqlar təmir dövründə dövlət nəşriyyatının özəlləşdirilə biləcəyi haqda məlumatları yaysalar da, sonradan bu xəbər öz təsdiqini tapmadı. Bildirək ki, Ermənistan və Gürcüstanda artıq sovet dövründən qalma dövlət nəşriyyatları illərdir ki, özəlləşdirilib və bu səbəbdən də Azərbaycanda da anoloji prosesin həyata keçiriləcəyi proqnozlaşdırılırdı.

Və bu xəbər təsdiqlənmədi. Amma nəşriyyatla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın sözlərindən belə aydın olur ki, təmirə hazırlanan dövlət nəşriyyatının sonrakı müddətdə yeni müsafiri olacaq.

Mənbəmiz iddia edir ki, təmirdən sonra binadakı əksər reket qəzetlərin redaksiyaları əllərindən alınacaq, onlarla bağlanmış icarə müqavilələri ləğv ediləcək: «Bunun əvəzində isə Dövlət Nəşriyyatının 1 mərtəbəsi bütünlükdə olaraq Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə veriləcək».

Mənbəmiz bildirir ki, PA-dakı sözügedən şöbənin müdiri Əli Həsənovun özünün şəxsən «Azərbaycan» nəşriyyatında oturub-oturmayacağına gəlincə isə bu məsələ hələlik dəqiqləşməyib: «Lakin ola bilsin ki, Əli müəllim üçün Azərbaycan nəşriyyatında da otaq ayrılsın».

Bu addımın hansı zərurətdən atılmasına gəlincə isə mənbəmiz iddia edir ki, birbaşa olaraq KİV-lə bağlı istiqamətə nəzarət edən Əli Həsənov şöbəsinin nəzdində genişlənmə işləri həyata keçirir ki, bu da mətbuatla bağlı PA-nın fəaliyyətinin daha da rahatlaşması üçün hesablanan addımdır.

Geri qayıt