Əsas Səhifə > Güney Press, Araşdırma > DEPUTATIN XALASI OĞLUNUN FƏALİYYƏTİ ARAŞDIRILIR

DEPUTATIN XALASI OĞLUNUN FƏALİYYƏTİ ARAŞDIRILIR


27-07-2012, 11:51
DEPUTATIN XALASI OĞLUNUN FƏALİYYƏTİ ARAŞDIRILIR

MƏHKƏMƏ SƏDRİNİN QARDAŞI HƏBSDƏN YAYINDIRILIB

Respublika Baş Prokurorluğu deputat Əsabil Qasımovun xalası oğlu olan və 10 gün əvvəl korrupsiyada suçlayaraq iş yerində (İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi) qandalladığı Nazim Xəlilovla bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir.

Bu barədə mia.az-a İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, mərkəzin həbs olunmuş direktorunun son üç ildəki fəaliyyəti prokurorluq əməkdaşları tərəfindən ciddi təftiş olunur: «Xatırlayırsınızsa, Baş Prokurorluq rəsmi məlumatda bildirdi ki, korrupsiya şəbəkəsi yaratmaqla uzun müddət dövlət büdcəsindən ayrılmış külli miqdarda ünvanlı sosial yardım vəsaitlərini mənimsəmə yolu ilə talamaqla məşğul olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin korrupsiya əməlləri ifşa edilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları sosial yardım alan şəxslərin bank kartlarını özlərində saxlayaraq şəxsən və digər şəxslər vasitəsilə aylıq ödənişlərin bankomatlardan çıxarılmasını təşkil edərək külli miqdarda özgə əmlakını mənimsəyiblər. 2011-ci ilin sentyabrından 2012-ci ilin may ayınadək olan dövr ərzində keçirilmiş əməliyyat tədbirləri ilə “KapitalBank”ın İmişli rayonunda quraşdırılmış bankomatların kamera görüntüləri əldə olunub. Müəyyən edilib ki, 30-dan artıq şəxs, o cümlədən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları digər şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə edib və ayrılan külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyiblər. Bu və ya digər neqativ hallara görə, mərkəzin direktoru Nazim Xəlilovla bərabər, baş mühasibi Fuad Qarayev, mərkəzin əməkdaşı Nizami Xəmmədov və müqavilə əsasında mərkəzdə işləyən Ramil Əliyev məhkəmə qərarı ilə tutuldular. Amma məsələnin digər maraqlı tərəfi xidməti otağındakı zibil qutusunda ödəmə kartları gizlədilən direktorun müavinin həbsdən yayındırılmasıdır. Doğrudur, mərkəzdə bir neçə əməkdaş deyir ki, onu təftişin sonuncu olaraq həbs edəcəklər. Amma şəxsən çoxluq buna inanmır. Onu məhkəmədə həbsdən yayındırdılar. Çünki qardaşı İsmayıllı rayon Məhkəməsinin sədridir. O, buna imkan vermədi və güman ki, sonadək də imkan verməyəcək».

Mərkəz əməkdaşları mia.az-a deyiblər ki, direktor müavini bu gün müstəntiqlərə həbsdə olan direktorlarının bütün gizlinlərini açmalarında yaxından dəstək də verir.

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

Geri qayıt