Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİNİN MÜAVİNİNİN TƏKLİFİ VAR

ƏLİ KƏRİMLİNİN MÜAVİNİNİN TƏKLİFİ VAR


27-07-2012, 13:02
ƏLİ KƏRİMLİNİN MÜAVİNİNİN TƏKLİFİ VAR

“MİTİNQLƏR KEÇİRİLMƏLİDİR”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev facebook statusunda mitinqlərin və aksiyaların keçirilməsi ilə bağlı məsələlərə daha qlobal və dərin yanaşmanın tərəfdarı olduğunu bildirib.

“Qafqazinfo”nun məlumatına görə, R. Nurullayev bugünkü statusunda AXCP-nin heç vaxt mitinq keçirməyə qarşı olmadığını yazıb:“Mitinqlər və aksiyalar keçirilməlidir. AXCP heç vaxt aksiyaların keçirilməsinə qarşı ola bilməz. Çünki, AXCP-nin ruhunda bir mitinqçilik və köklü dəyişikliklərin əldə olunması üçün onun əsaslı roluna bir inam var.

Lakin, çox vaxt tələskənlik bizə ziyan vurub. Əlbəttə, hər kəsin müxtəlif cür düşünməyə və mövqeyinin israrına haqqı var. Bu demokratiyanın tələbidir. Mitinqlərlə bağlı qərarı İctimai Palatanın sessiyası verir. Üzvlərin səs çoğluğu ilə. Əksəriyyətin düşüncəsi və fikri qəbul edilməlidir. İctimai Palatada olan müttəfiqlərimizin və cəmiyyətdə elə günü sabah mitinqin keçirilməsi tərəfdarı olanların mövqelərini başa düşürük və bununla bərabər, onların kütləvi aksiyalar keçirməsinə nəinki qarşıyıq, hətta dəstək də verə bilərik. Kim istəsə həmin mitinqlərə qoşulmağda sərbəstdir. AXCP olaraq isə, daha böyük çaplı və bütün müttəfiqlərimizin, tərəfdaşlarımızın və xalqın geniş iştirakı ilə cəmiyyəti silkələyəcək aksiyaların tərəfdarıyıq. İstər kiçik, istər böyük aksiya olsun, AXCP həmişə öndə olub və ilk qurban verən partiyalardan birinə və bir sıra hallarda ilk qurban verən bir partiyaya çevrilib. Bundan çəkinməyib və qorxmayıb, yenə qorxmadan hakmiyyətin üstünə irəliləyib. AXCP-də həbs olunmaq və məhrumiyyətlər yaşamaq demokratik bir dəyərə çevrilib. Bu dəyərin qayəsində xalqa yaxın olmaq və onun problemlərini çözmək istəyi dayanıb.

Bu mövqenin tərəfdarıyam: siyasət daha dərin və daha uzaq plana hesablanmalıdır. Gündəlik baş verən hadisələr və gündəlik yaranan stereotiplər bizi hədəfdən yayındıranda ziyan çəkirik. Bizi hadisələr və yarana biləcək kiçik dividendlər idarə etməməlidir. Siyasətçilər hadisələr üzərində hökmranlığını təmin etməlidir. Hadisədən doğan siyasət yaxın perspektivə hesablanmış dividend və müvəqqəti uğur qazandırır, amma vurduğu ziyan böyük olur. Uzaq hədəfə hesablanmış fəaliyyəti dəstəkləyirəm. Bu yolda yaranan hadisələrin isə bizi idarə etməsinə yox, bizim hadisələr üzərində hökmranlığımızın düzgün olacağı qənaətindəyəm”.

Geri qayıt