Əsas Səhifə > Sosial, Manşet > ƏHMƏD ƏHMƏDZADƏNİ YOLA SALIRLAR

ƏHMƏD ƏHMƏDZADƏNİ YOLA SALIRLAR


27-07-2012, 15:00
ƏHMƏD ƏHMƏDZADƏNİ YOLA SALIRLAR

ASC PREZİDENTİNƏ QARŞI İFADƏLƏR ALINIR: HƏBSİ DƏ GÖZLƏNİLƏNDİR

DİA.AZ: - 2010-cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması və gələcəkdə anoloji hadisələrin təkrarlanmaması üçün həyata keçirilən tədbirlərdən biri də sözü gedən çayların sahillərində etibarlı bəndvurma və sahilbərkitmə işlərinin aparılmasıdır. Nazirlər Kabinetinin 197s saylı sərəncamına uyğun olaraq bu istiqamətdə xeyli həcmdə vəsait ayrılıb. Təkcə Sarısu gölü ətrafında bəndlərin qurulması üçün həmin sərəncama əsasən 17,7 milyon manat vəsait ayrılıb. Nazirlər Kabinetinin sonradan imzalanan və ictimaiyyətdən gizli saxlanılan 08 avqust 2011- ci il tarixli 231s saylı sərəncamına əsasən bu vəsait 20,7 milyon manata qədər artırıldı. Digər tərəfdən Kür və Araz çayları ətrafında bəndlərin möhkəmləndirilməsi üçün 197s saylı sərəncama əsasən 9,2 milyon manat vəsait ayrılıb. Təbii ki, bütün bu vəsaitlərin xərclənməsi və işlərin həyata keçirilməsi Meliorasiya və Su Təsərrüfatı ASC- ə həvalə edilib. Amma vəsaitin artırılmasına baxmayaraq sözü gedən qurumun gördüyü işlər daşqınların təsirinə məruz qalmış vətəndaşların narazılığına səbəb olur.

Bu yaxınlarda Sabirabad, Saatlı və Salyan rayonundan olan, Kür daşqınlarının təsirinə məruz qalan bir qrup sakin prezident İlham Əliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Meliorasiya və Su Təsərrüfatı ASC- ə və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək Kür şayı ətrafında sahilbərkitmə işləri zamanı onlara məxsus həyətyanı torpaq sahəsinin, baxçaların, meyvə ağaclarının məhv edilərək bəndvurmaya sərf olunduğunu bildiriblər. Sakinlər öz məktublarında yazırlar; “Bizim kəndimiz 3 aya yaxın sel sularının altında qalıb. Ev- eşiyimizə, həyətyanı torpaqlarımıza, bağımıza, əkin- biçinimizə, meyvə ağaclarımıza ciddi ziyan dəydi. Daşqınların ağrı- acılarından qurtarmamış Meliorasiya və Su Təsərrüfatı ASC Kür çayı ətrafında bəndvurma üçün bizim həyətimizi, əkin sahələrimizi, meyvə ağaclarımızı, hətta bəzilərimizin yardımçı tikililərini, tövlələrini belə dağıdıb bəndvurmaya sərf edib. Çox acınacaqlı haldır ki, sözü gedən idarənin əməkdaşları bu işi görərkən ağır texnikanın köməyindən istifadə edib və bizimlə məsləhətləşmədən, razılığımızı almadan bu işi həyata keçirib. Nəticədə bizə xeyli maddi və mənəvi ziyan dəyib. Bəndatmanın asan və ucuz yolunu tapıblar. Yaxınlıqda olan, insanlara məxsus həyətyanı torpaqları, ağacları, eləcə də münbit meşə torpaqlarını daşıyıb bəndatmaya vururlar. Halbu ki bu iş üçün dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılıb ki, bəndvurmaya daşınan torpaqlar kənardan gətirilsin və yararsız torpaqlardan istifadə olunsun. Biz öz haqqımızı tələb edir, təsərrüfatımızın bərpa olunmasını və bizə dəyən ziyanın ödənilməsini tələb edirik. Əks halda məhkəmə orqanlarına müraciət edəcəyik.”

Bəzi vətəndaşlar Əhməd Əhmədzadənin rəhbərlik etdiyi sözü gedən qurumun onların izni olmadan onlara məxsus əraziyə müdaxilə edib təsərrüfatlarına ziyan vurmasını quldarlıq qurluşuna xas hərəkət kimi dəyərləndirərək baş vermiş özbaşınalıq və dərəbəylik hadisəsi ilə bağlı ölkə başçısının ciddi ölçü götürlməsini tələb ediblər. Sakinlər əks təqdirdə məhkəmə orqanlarına müraciət edərək digər etiraz tədbirlərinə əl atacaqlarını bildirirlər.

Xatırladaq ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları zamanı bəndatma və sahilbərkitmə işlərinin etibarlı aparılmaması səbəbindən fəlakətin təsirinə məruz qalmış bir qrup sakin dəyən ziyanın ödənilməsi tələbi ilə Meliorasiya və Su Təsərrüfatı ASC- ni məhkəməyə verib.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, çoxdandır Əhməd Əhmədzadənin «vurulmasını» planlaşdıran hakimiyyət içindəki müəyyən dairələr məhz yuxarıda qeyd olunan faktları əldə rəhbər tutaraq ASC prezidentini bitirməyi düşünürlər. Bu barədə redaksiyamıza danışan Nazirlər Kabinetindəki mənbənin sözlərinə görə, artıq Əhməd Əhmədzadə barəsindən cinayət işinin açılması və onun vəzifəsindən alınması üçün iş gedir.

Xatırladaq ki, neçə müddət idi korrupsiyaya qarşı mübarizə apardığını elan edən rəsmi Bakıdan səs-küylü bir həbs qərarının gözləntisi var idi. Keçən ilin fevral ayından etibarən başlanan antikorrupsiya tədbirləri çərçivəsində əsasən xırda məmurlara qarşı görülən tədbirləri ilə diqqətə gələn rəsmi Bakının bu gedişləri cəmiyyət tərəfindən inamla qəbul edilmirdi ki, bu da sırf olaraq daha iri korrupsionerlərin nəinki toxunulmaz qalmaları, hətta onlara əlavə səlahiyyətlərin verilməsilə əlaqələndirilirdi.

İndii isə rəsmi Bakının antikorrupsiya tədbirləri fonunda ilk böyük qurbanını verməyə hazırlaşdığı bildirilir və bu adamın Meliorasiya və Su Təsərrüfatı ASC-nin prezidenti Əhməd Əhmədzadənin olduğu söylənilir. Məlumatı verən mənbəyə görə, Əhməd Əhmədzadə barəsində cinayət işinin açılması üçün sel daşqınından əziyyət çəkən vətəndaşların şikayətləri araşdırılır:

«Artıq istintaq orqanları narazı vətəndaşların bəzilərinin hətta ifadəsini də alıb. Sadəcə olaraq bui şin rəsmən elan olunması üçün Əhməd Əhmədzadənin vəzifəsindən alınması barədə müvafiq qərarın verilməsi gözlənilir. Bu isə yalnız birinci şəxsin səlahiyyətinə aid olan bir məsələ olduğundan, hər kəs gözləmək mövqeyindədir».

Geri qayıt