Əsas Səhifə > Şou-biznes > ƏKİZLƏRİ İŞİNƏ MANE OLUB

ƏKİZLƏRİ İŞİNƏ MANE OLUB


27-10-2011, 12:44
ƏKİZLƏRİ İŞİNƏ MANE OLUB

"TƏKLİFLƏRDƏN BİRİNİ YAYDA ALDIM”

Tanınmış aktrisa Sevinc Əlişova iki illik fasilədən sonra işinə qayıdır. Son aylar tamaşaçısı onu əsasən reklam çarxlarında izləyə bilib. Böyük yaradıcılığa isə o indi başlayır. Bu barədə Milli.Az xəbər portalına danışan aktrisanın təkliflər aldığını öyrəndik. O bildirdi ki, işi ilə yanaşı, kast-menecer fəaliyyətinə də start verib. Xatırladaq ki, təxminən bir il öncə ekiz uşaq anası olan Sevinc xanım bu səbəbdən işinə ara vermişdi.

"Təkliflərdən birini yayda aldım. "Azərbaycanfilm" Kinostudiyasının yeni filmlərindən birinin baş roluna dəvət almışdım. Film Bakıdan kənarda çəkiləcəyinə görə təklifdən imtina etmək məcburiyyətində qaldım. Hətta bildirdilər ki, uşaqlarla dayəni də özümüzlə aparmaq imkanı yaradılır. Amma uşaqların hələ körpə olduğunu nəzərə alıb, eyni mövqedə qaldım".

İki uşağı yetişdirmək nə qədər çətin olsa da, aktrisa həm bunun, həm də işinin öhdəsindən gələ biləcəyinə əmindir. O deyir ki, bu zamana kimi uşaqlarına daha çox zaman ayıra bilib:

"Bütün günümü uşaqlara ayırıram. Onlar üçün maraqlı proqram seçirəm, gəzintiyə çıxırıq. Artıq televizora baxırlar, ən çox da reklamları bəyənirlər. Bu günlərdə onları soyuq havadan qorumağa və daha çox ev şəraitində saxlamağa çalışıram. Amma yayda tez-tez gəzinti proqramı seçirdik. İsti havalarda onları Fuadla birlikdə (həyat yoldaşı, rejissor Fuad Əlişov - red.) bir neçə bölgələrə apardıq ki, havalarını dəyişsinlər. Onları qoyub Fuadla başqa ölkəyə istirahətə getmək istəmədik".

Aktrisa deyir ki, həyat yoldaşının çəkiliş proqramı bol olsa da, uşaqlardan ata qayğısını əsirgəmir. Xanımına uşağa qulluq işlərində çalışdığı qədər yardımçı olur: "Onun mənə olan köməyi əvəzsizdir. Fikir verirəm ki, Fuad iş qrafikini ailəyə uyğun qurur ki, mənə kömək edə bilsin. Həm də bizimlə çox vaxt keçirir. Hərdən söhbət düşəndə deyir ki, işdə darıxan kimi uşaqların fotolarına baxır".

Bir neçə gündən sonra Əlişovlar ailəsi əkizlərinin bir yaşını qeyd edəcək. Sevinc xanım bu günün təmtəraqla keçiriləcəyini söylədi.

"Artıq bir müddətdir, doğum gününün proqramını hazırlayırıq. İndi də onlar üçün paltar axtarışındayam. Vaxt var idi, əkizlərin həftəsini, aylarını sayırdım. Artıq bir yaşları tamam olur. Vaxt bir göz qırpımında keçir. İnanıram ki, doğum günlərini arzuladığımız kimi qeyd edərik", - deyə aktrisa sözünü bitirdi.


Geri qayıt