Əsas Səhifə > Sosial > MƏMUR QOHUMUNUN MÜDHİŞ OĞURLUĞU
MƏMUR QOHUMUNUN MÜDHİŞ OĞURLUĞU16-09-2011, 13:21 |
İCRA BAŞÇISININ BİRİNCİ MÜAVİNİNİN QARDAŞI OĞLU DANA OĞRUSU ÇIXDI Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu kütləvi şəkildə dana oğurluğu ediblər Biləsuvar rayonunda son bir ayda kütləvi şəkildə mal-qara oğurluqları baş verib. Biləsuvar sakinləri dəfələrlə “Qafqazinfo”ya zəng edərək həyətlərində bəslədikləri ətlik danaların oğurlandığını, bu hadisənin artıq kütləvi şəkil alaraq bütün rayonu əhatə etdiyini bildiriblər. Biz əvvəlcə redaksiya olaraq məsəlinin böyük xəbər yükü daşımadığını düşünmüş və onu işıqlandırmamışıq. Lakin Biləsuvar rayonunda baş vermiş bu hadisənin miqyası getdikcə artıb və bir neçə gün ərzində bütün rayonu ayağa qaldırıb. Belə ki, oğurluq hadisələri rayonun əksər kəndlərində, o cümlədən Nərimankənd və Xırmandalıda, həmçinin rayon mərkəzində baş verib. Bizə mal-qarası oğurlanan sakinlərin böyük siyahısı da göndərilib (hələlik onların adlarını açıqlamırıq). Qeyd etdiyimiz kimi hadisə haqqında rayon polis şöbəsinə şikayətlər olsa da, buna o qədər də ciddi önəm verilməyib. Hətta sakinlərə heç yerə şikayət etməmək tövsiyə edilib. Lakin sakinlər ölçü götürülmədiyini görərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər. Nazirliyin məsələyə qarışması nəticəsində araşdırmalara başlanılıb. Həmin ərəfədə Biləsuvar sakinlərindən bir nəfər İrana gedib və hadisə haqqında İrandan Azərbaycanın hüquq-mühafizə orqanlarına teleqram vurub. Məhz bundan sonra Biləsuvar polisi oğrular haqqında ölçü götürmək qərarına gəlib. Və oğrular elə həmin gün tutulublar. Məlum olub ki, hadisəni Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu törədib. Rauf Kazımov Biləsuvar yanğınsöndürmə məntəqəsində çalışır. Onlar Xırmandalı kəndində iş başında tutulublar. Hadisənin səhəri gün isə oğuluq baş verən digər yerlərdə çəkilişlər aparılıb və icra başçısının birinci müavininin qohumları oğurluqlarını etiraf ediblər. Onlar oğurladıqları danaları toylara verdiklərini, bazarda satdıqlarını, Bakıya ətliyə göndərdiklərini də ərizələrində yazıblar. Bütün bunlardan daha sensasiyalısı isə Akif Kazımovun qohumları həbs ediləndən iki gün sonra məhkəmənin qərarı ilə zaminə buraxılıblar. Hazırda onların bəraəti üçün ciddi iş aparılır. Sakinlər polisə dəvət edilir və onlara şikayətlərini geri götürmək tövsiyə edilir. Oğurlanan onlarla mal-qaranın pulunun isə ödənəcəyi deyilir. Görünən budur ki, bu ölkədə oğru olmaq və sonradan doğru çıxarılmaq üçün İcra başçısının birinci müavini Akif Kazımovun qardaşı oğlu olmaq yetərlidir. Əgər bu ölkədə qanun və ədalət mütləq hakimdirsə indi Akif Kazımovu da qardaşı oğluna qatıb “ətliyə” göndərməlidirlər. Ölkənin hüquq-mühafizə orqanları, prokurorluğu, polisi hansısa rayonda dana oğurluğu edən bir məmur qohumunu da həbsdə saxlamaqda acizdirsə, ölkədə hansı hüquq qorunmasından söhbət gedə bilər? Biz hadisəni diqqətə saxlayacaq və nəticəsi, ölçü götürülüb-götürülmədiyi haqqında mütəmadi oxuculara məlumatlar verəcəyik. Geri qayıt |