Əsas Səhifə > Partiya > MÜXALİFƏTDƏN ŞTRASSERƏ SƏMİMİ MÜRACİƏT

MÜXALİFƏTDƏN ŞTRASSERƏ SƏMİMİ MÜRACİƏT


29-07-2012, 14:21
MÜXALİFƏTDƏN ŞTRASSERƏ SƏMİMİ MÜRACİƏT

“AVROPA ŞURASININ İTMİŞ NÜFUZU BƏRPA OLUNUR”...

İctimai Palata Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserə məktub ünvanlayıb. Məktubda deyilir:

«Cənab Ştrasser. Sizə Azərbaycanın müxalifət partiyaları, vətəndaş cəmiyyəti fəalları və bütövlükdə demokratik düşərgənin cəmləşdiyi İctimai Palata adından müraciət edirik.

Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən ölkənin insan haqları baxımından qurumun standartlarına cavab vermədiyi, ölkədə xeyli sayda siyasi məhbusun olduğu məlum idi. Elə buna görə də o zaman AŞ PA 716 nəfərlik siyasi məhbus siyahısı hazırladı və Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etdi.

AŞ PA-nın bu mövqeyi sayəsində sonrakı dövrlərdə Azərbaycanda siyasi məhbuslar tədricən azad olunmağa və azalmağa başladı. Lakin təəssüf ki, 2005-ci ildən sonra qurum bu məsələyə diqqətini azlatdı. Azərbaycan hakimiyyəti isə siyasi rəqiblərinə qarşı repressiyaları gücləndirərək həbsxanaları yeni-yeni siyasi məhbuslarla doldurdu. Nəticədə Azərbaycan “Freedom House” təşkilatının hesabatında 2005-ci ildən qabaqkı “Yarımazad ölkələr” qrupundan “Azad olmayan ölkələr” qrupuna keçdi.

Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın çoxsaylı çağırışlarına baxmayaraq opponentlərinə, vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları dayandırmır, onları müxtəlif uydurma ittihamlarla həbs edir. 18 ildir ki, Azərbaycanda siyasi məhbuslar problemi həll edilmədən qalmaqdadır. Azərbaycanın avtoritar hakimiyyəti beynəlxalq və yerli ictimaiyyətin davamlı təzyiqlərindən sonra siyasi məhbuslardan bir neçəsini azad edir, lakin onların yerini dərhal yeni siyasi məhbuslarla doldurur. Təəssüf ki, bu, davamlı prosesə çevrilib.

İctimai Palata Sizin 2009-cu ildə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunandan sonra bu məsələyə göstərdiyiniz diqqəti, xüsusən də ölkəyə buraxılmasanız da, prinsipiallıq göstərərək problemə dair obyektiv hesabat hazırlayıb AŞ PA-ya təqdim etməyinizi yüksək qiymətləndirir. Sizin bu prinsipial addımınız Azərbaycan demokratik ictimaiyyətində Avropa Şurasının itmiş nüfuzunu bərpa etməkdədir.

Diqqətinizə çatdırırıq ki, Sizin Azərbaycan və azərbaycanlılar üçün gördüyünüz bu fədakar işi demokratiyaya can atan xalqımız yüksək qiymətləndirir.

Ümidvarıq ki, Sizin davam edən səyləriniz və yaxından iştirakınızla AŞ PA Azərbaycan hakimiyyətinin repressiv siyasətinə prinsipial qiymət verəcək və biz hamımız birlikdə Azərbaycanda siyasi məhbuslar probleminin birdəfəlik həll edildiyinin şahidi olacağıq».

Geri qayıt