Əsas Səhifə > Partiya > ELÇİN MİRZƏBƏYLİDƏN HAKİMİYYƏTƏ DƏSTƏK

ELÇİN MİRZƏBƏYLİDƏN HAKİMİYYƏTƏ DƏSTƏK


30-07-2012, 13:29
ELÇİN MİRZƏBƏYLİDƏN HAKİMİYYƏTƏ DƏSTƏK

“ZİYALI ADINI GÖTÜRÜB HANSISA”…

Azərbaycanda növbəti prezident seçkilərinin başlamasına bir ildən artıq zaman qalmasına baxmayaraq, ölkənin siyasi sferasında fəallaşma hiss olunur. Bu fəallıq liderlərin siyasi münaqişələri fonunda cərəyan edir. Qeyd edək ki, liderlərin münaqişəsi özünü daha çox radikal müxalifət düşərgəsində göstərir. Bunun bariz nümunəsi kimi Müsavat partiyası başqanı İsa Qəmbərlə Azərbaycan Açıq Cəmiyyət Partiyasının həmsədri Rəsul Quliyev arasındakı konflikti göstərmək olar. Bu və digər məsələlərlə bağlı suallarımızı "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli cavablandırıb (SİA).

- Son günlər müxalifət liderləri arasında ciddi qarşıdurma qeydə alınır. Sizcə, bu 2013-cü il prezident seçkiləri öncəsi güc nümayişidir?

-Liderlər arasındakı münaqişələr daha dərinlərə gedib çıxır. Vaxtilə vahid namizədin müəyyənləşdirilməsində də mütəmadi olaraq tərəflər arasında münaqişələr ortaya çıxırdı. Bu ilk hadisə deyil. Müxalifət düşərgəsi adlanan, daha doğrusu radikal müxalifət düşərgəsi kimi dəyərləndirdiyimiz mövqedə olan siyasətçilər bir-birilərini aldatmağa davam edirlər. Mütəmadi olaraq bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər. Çünki bu insanları bağlayan ideoloji prinsiplər yoxdur. Burada heç bir ümummilli hədəf görünmür. Sadəcə kiçik siyasi maraqlardır. Beləliklə tərəflərin kiçik siyasi maraqları toqquşanda bu qarşıduramaya gətirib çıxarır.

- Bu gün müxalifət düşərgəsində yalnız siyasi blok kimi “İctmai Palata” aktiv fəaliyyət göstərir. Sizcə, müxalifət bu seçkilərə vahid güc olaraq getməlidir, yoxsa fərdi namizədlərlə?

-Bu seçim təbii ki, zamanla özünü büruzə verəcək. Məncə, “İctimai Palata” adlanan statusu və mahiyyəti bəlli olamayan qurumun vahid namizədinin olacağını gözləmirəm. Ənənəvi qaydada həmin şəxslər müzakirələrini aparacaqlar. Bir-birilərini aldatmağa çalışacaqlar. Sonda da ya seçkilərdən kənarda qalacaqlar, ya da fərdi qaydada seçkilərdə iştirak edəcəklər. Azərbaycanda müxalifət anlayışı təkcə İP ilə yekunlaşmır. Digər siyasi partiyalar var ki, onlarda öz namizədləri ilə iştirak edəcəklər. Azərbaycanda 2013-cü il seçkilərinin ciddi alternativli əsasda keçirilməsini söyləmək olar. Ancaq birmənalı şəkildə söyləmək olar ki, İP adlanan qurumun vahid namizədi olmayacaq.

- Bəs, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası seçkilərə nə cür getməyi planlaşdırır? Partiya seçkilərdə tək iştirak edəcək, yoxsa koalisiya formasında?

-Biz bu məsələrlə bağlı oktyabrda partiyanın qurultayını keçirəcəyik. İlkin qənaət ondan ibarətdir ki, partiya öz vahid namizədi ilə iştirak eləsin. Biz adətən siyasi fikirlərimiz üst-üstə düşən partiyalarla da danışıqlar aparırıq. Əgər koalisiya mümkün olsa, qurultayda o məsələ də müzakirə olunacaq.

- Müxalifət düşərgəsində daha bir siyasi qurum fəaliyyətə başlayıb. Bu “Ziyalılar Formu”dur. Bu qurum ilk fəaliyyət başlayanda özünü ictimai təşkilat kimi təqdim etmişdi. Amma indi tam siyasiləşib.

- Özlərini ictimai layihə kimi təqdim etsələr də bu təşkilat yarandığı gündən siyasi qurum kimi fəaliyyətə başlayıb. Ümumiyyətlə, kimlərinsə özlərinə ziyalı adını götürməsi, Azərbaycanda ziyalı anlayışı daşıyan hansısa qrupun siyasi təsir altına düşməsi çox böyük tərbiyəsizlikdir. İnsan öz-özünü ziyalı adlandıra bilməz, bu xalqın verəcəyi dəyər və addır. Bu gün ziyalı adını götürüb hansısa siyasi düşərgənin maraqlarına uyğun fəaliyyət göstərmək çox yanlış bir davranışdır. Bu Azərbaycan xalqının şüurunda formalaşmış mənəvi dəyərin oğurlanmasıdır.

Geri qayıt