Əsas Səhifə > Sosial, Manşet > MƏMURUMUZ QAÇQINLARA QARŞI PLAN HAZIRLAYIR

MƏMURUMUZ QAÇQINLARA QARŞI PLAN HAZIRLAYIR


30-07-2012, 14:09
MƏMURUMUZ QAÇQINLARA QARŞI PLAN HAZIRLAYIR

BDU-NUN YATAQXANALARI İLƏ BAĞLI QALMAQALIN MİQYASI BÖYÜYÜR

DİA.AZ: - Azərbaycanda tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əvvəlcə universitetlər tələbə yataqxanaları ilə təmin olunmalıdır. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də bəzi “iş adamları” paytaxtda mənzil kirəyəsi bazarında qiymətləri qaldırır, bu isə tələbələrin Bakıda təhsil almaları üçün sosial baxımdan çətinlik yaradır. Bu da müəyyən qədər ölkədə təhsilin inkişafına mənfi təsir göstərir.

Komitə rəhbəri deyib: “Düzdür, Bakıda yerləşən dövlət universitetlərinin əksəriyyətinin (Bakı Dövlət Universiteti, Xarici Dillər Universitetində və digərləri) yataqxanaları var. Amma onların böyük hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Belə olan halda, əlbəttə, hazırda bu haqda danışmaq hələ tezdir. Amma tədricən tələbələrin yataqxanaları boşaldılır. Hesab edirəm ki, sözügedən yataqxanalar boşaldıqdan sonra binalar təmir olunmalı və ya onların yerində yenisi tikilməlidir”.

O bildirib ki, bu gün tələbə yataqxanaları bütün dünyada olduğu kimi, Azərbaycanda da pulludur. "Amma bu məbləğ tələbənin sosial vəziyyətinə təsir edəcək səviyyədə deyil. Fikrimcə, nəzər saldığımız məsələ ölkədə tədricən həllini tapacaq", - Hadi Rəcəbli deyib.

Onu da bildirək ki, redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, əslində Hadı Rəcəblinin durub-dururkən yataqxana probleminə qayıtması heç də təsadüfi deyil. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən verilən xəbərdə bildirilir ki, əslində hökumətin konkret olaraq Bakı Dövlət Universitetinin yataqxanalar kompleksində məskunlaşan məcburi köçkünləri köçürməsi planı çoxdan mövcuddur və onlar üçün artıq yaşayış evləri tikilməkdədir.

Amma mənbəmiz onu da bildirdi ki, yataqxanalarda məskuenlaşan ailələrin əksəriyyəti onlara təklif edilən alayarımçıq evlərə köçmək niyyətində olmadıqlarından bu məsələ yubanır.

Məsələ tək bu deyil. Mənbəmiz bildirir ki, məmurlardan biri Bakı Dövlət Universitetinin yataqxanalarının yerləşdiyi ərazini artıq bir ilə yaxındır ki, satın alıb: «Problem bundadır. Həmin məmurumuz tələsir, amma hökumət tələsmir. Hətta məcburi köçkün ailələri üçün nəzərdə tutulan yaşayış massivinin yarı pulu da həmin məmurdan alınıb».

Mənbəmizin sözlərinə görə, artıq vəziyyətin daha da qəlizləşdiyini görən həmin məmurumuz (onunla bağlə əlavə bilgi ala bilməmişik, maləsəf.. -red.) BDU-nun yataqxanaları üzərində olan hüququnu satmaq qərarına gəlib. Məhz buna görə də artıq Hadı Rəcəbli kimi deputatlar sözügedən mövzunu aktuallaşdırmağa çalışırlar.

Amma onun bu planı «yuxarıların» heç də ürəyincə olmayıb. Bunu da məlumatlı qaynaq iddia edir. Və bildirir ki, artıq BDU-nun yataqxanalarının sahibi tam olaraq əmin edilib ki, gələn ilin yanvar ayından etibarən yüzlərlə ailə zorla yataqxanalardan çıxarılacaq və hətta bunun üçün konkret plan da işlənilib.

Onu da bildirək ki, yataqxanaların ərazisində Hadı Rəcəblinin iddia etdiyi, arzuladığı kimi tələbə yataqxanaları yox, otel kompleksinin tikilməsi planlaşdırılır. Azərbaycan axı təzəlikcə turizm ölkəsi olub…

Geri qayıt