Əsas Səhifə > Sosial, Manşet > NƏRİMANOVUN İCRA BAŞÇISININ BAŞI DƏRDDƏ

NƏRİMANOVUN İCRA BAŞÇISININ BAŞI DƏRDDƏ


31-07-2012, 12:54
NƏRİMANOVUN İCRA BAŞÇISININ BAŞI DƏRDDƏ

ABDİN FƏRZƏLİYEV “YUXARILARIN” QINAĞINDAN DƏRS ÇIXARMAYIB

DİA.AZ: - Son illər paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif işlər görülür. Hər halda görüntüdə olanı budur. Rəsmi təsvirlərdən belə aydın olur ki, (hərgah əhalinin bütün bunlardan xəbəri belə yoxdur –red.) yeni-yeni yollar, yolötürücülər salınır, məktəb və bağçalar əsaslı təmir olunur və s. Amma təbii ki, bütün bunlar dövlətin apardığı siyasətin tərkib hissəsi olaraq həyata keçirilir. Bildirək ki, əlsər hallarda rayonlarda problemlər görüntü xarakteri üçün müəyyən dərəcədə həll olunur.

Yəni görüntü yaratmaq naminə əsas küçələr təmir olunur, binaların fasadları rənglənir və s... Amma ki, daxili yollara, küçələrə heç baxan da olmur, sakinlərin yaşayışı sanki heç kimi maraqlandırmır. Regionlarda bu vəziyyət olmazın həddə çatdığından onlara bir daha qayıdaraq kefinizə soğan doğramaq istəməzdik. Çünki paytaxt rayonlarındakı vəziyyət həll olunmadığı halda, hansısa ucqar kəndin sosial-məişət problemlərinin həll olunacağı heç gözlənilmir də.

Bakının Nizami, Nərimanov, Xətai və adlarını çəkmədiyimiz digər rayonlarda vəziyyət heç də deyildiyi kimi, ürəkaçan deyil. Sadəcə, bir fakta toxunmaqla hər şeyi göstərmək olar. Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mehbalı Əliyev rayon ərazisində yaşıllıqlara qənim kəsilmişdi, oturduğu postu daimi hesab edərək heç bir şikayətçini dinləmədən, problemləri həll etmədən pul yığmaqla məşğul olurdu. Arada bir məlumatlar gəzir ki, vəzifədən azad olunmağı ilə Mehbalı Əliyev hansısa xəstəliyə duçar olub və həkimlər də həmin xəstəliyin müalicəsində çətinlik çəkirlər.

Heç şübhəsiz ki, Mehbalı Əliyevin düşdüyü vəziyyət bir çox icra hakimiyyəti başçılarını, o cümlədən Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevi də gözləyir. Çünki adı çəkilən icra başçısının əməlləri ilə bağlı Prezident Administrasiyasına ünvanlanmış şikayət məktublarının ardı-arası kəsilmir. DİA.AZ-a bu barədə məlumat verən mənbə bildirir ki, dəfələrlə haqsızlığa uğradıqları barədə rayon rəhbərliyini məlumatlandırdıqları halda, hər dəfə qanunsuzluqla üzləşən Atatürk prospekti 33 ünvanında yaşayanlar və digər rayon sakinləri də nəhayət, problemlərinin həll olmasını istəyirlər.

Lakin maraqlıdır ki, Nərimanov rayon icra başçısı hansısa problemin həllində nəinki maraqlıdır, hətta yeni problemlər yaratmaqla sakinləri narahat edir. Belə olmasaydı, Atatürk prospekti 33 ünvanının həyətində uşaqların əylənməsi üçün nəzərdə tutulmuş ağaclarla örtülü kiçik uşaq bağçasındakı yaşıllıq məhv edilməzdi. İcra başçısı rayon ərazisində yaşıllıqları satıb qurtardığından, hətta həyətlərdə sakinlərin istirahət yerlərini də satmaqda davam edir. Belə olmasaydı, bir müddət öncə Molla Cümə küçəsində yerləşən kiçik park dağıdılaraq yerində yaşayış binası inşa edilməzdi. Abdin Fərzəliyevin əməllərinin, sakinlərin isə şikayətinin ardı-arası kəsilmək bilmir.

Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən o qədər qanunsuzluqlar edilir ki, hətta ölkə başçısı belə qanunsuzluqlara son qoymağı keçirdiyi müşavirələrində qeyd edib. Hətta müşavirələrin birində ad çəkilmədən hədəfə atəş açılması da icra başçısını öz "yolundan" döndərə bilmədi. Çünki Abdin Fərzəliyevin Heydər Əliyev Fondunun adından istifadə edərək sakinlərə hədə-qorxu gəlməsi ilə bağlı bir müddət öncə məlumat vermişdik.

Elə müşavirələrin birində də prezident qeyd etdi ki, bəzi icra hakimiyyəti başçıları rəhbərlik etdikləri rayonlarda torpaqları satıb qurtarıb. İndi də keçiblər həyətlərdəki parkların, yaşıllıqların ərazisini satmağa. Orada ofis və əyləncə mərkəzləri tikdirirlər: "Adını çəkməyəcəyəm, bu yaxınlarda rayonlardan birinin icra başçısı yaşayış binalarının həyətində böyük ofis tikmək istəyib. Özü də Heydər Əliyev Fondunun adından istifadə edərək. Bildirirəm ki, Heydər Əliyev Fondu ən kasıb insanlara əl tutur, onların problemlərini həll edir. Mən Hacıbala Abutalıbova tapşırıq verdim ki, həmin icra başçısı ilə ciddi danışsın".

Əldə etdiyimiz məlumata görə, ölkə səviyyəsində korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə Nərimanov rayonundan və onun başçısından yan keçməyəcək. Belə ki, artıq Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev barədə araşdırmaların aparıldığı bildirilir. Məlumata görə, icra başçısının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Ona görə də növbəti vurulan məmurlar arasında Abdin Fərzəliyevin də olacağı şübhəsizdir.

Geri qayıt