Əsas Səhifə > Sosial, Manşet > BİLƏSUVAR GÖMRÜYÜNDƏ QOÇU ÖZBAŞINALIĞI

BİLƏSUVAR GÖMRÜYÜNDƏ QOÇU ÖZBAŞINALIĞI


1-08-2012, 14:53
BİLƏSUVAR GÖMRÜYÜNDƏ QOÇU ÖZBAŞINALIĞI

“RÜŞVƏT VERSƏN, HƏTTA SƏRHƏDDƏN NARKOTİK DƏ KEÇİRƏ BİLƏRSƏN”

DİA.AZ: - Cəlilabad rayonu Ocaqlı kənd sakini Dövlətov Ziyad Əsəd oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu daxil olub. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“16 iyul 2012-ci ildə Biləsuvar gömrüyündən keçib yaxınlıqdakı dükandan 18 kvadrat metr hamam kafeli aldım. Keçəndə gömrük işçilərimizdən soruşdum ki, o taydan kafel gətirə bilərəmmi? Dedilər ki, hə, rüsumunu köçürdərsən, keçirə bilərsən. İran gömrükçüləri heç bir söz demədilər. Lakin bizim gömrükçülər qır-saqqız olub yapışdılar ki, bu qədər ver, o qədər ver. Mənsə bildirdim ki, rüsumdan başqa heç kəsə bir qəpik də verən deyiləm. Onda kobud formada kafelimi əlimdən alıb müsadirə etdilər.

Dəfələrlə külli-miqdarda yolpulu israf edib Biləsuvar gömrüyünə getmişəm, bu yoldaşlardan malımı ala bilmirəm. Əvvəl dedilər ki, fakturanı gətir, görək neçəyə almısan, rüsumunu hesablayaq. Sonra dedilər ki, yox, get sanpedstansiyadan kağız gətir ki, bu kafelin insan sağlamlığına ziyanı yoxdur. Sonra dedilər ki, Bakıdan tapşırıq gəlib, müsadirə olunmuş malları heç kəsə qaytarmayın.

Biləsuvar gömrüyünün Elşən, Teyyub, Təvəkkül adlı işçiləri məni təmiz ələ salıblar. Deyirlər ki, nə vaxt kefimizə düşsə, onda sənin malını verəcəyik.

Mən Qarabağ veteranıyam, mədəni dilənçiliklə məşğul olan bu acların harada olduğu bilinməyəndə Qarabağda tank sürürdüm. İndi gəlib mülki həyatda bu cür qanımızı içənləri görəndə bütün əsəb sistemim pozulur. Sabah müharibə başlasa, qaçıb harada gizlənəcəkləri də məlum deyil. Ali təhsilli, əlində diplomu olan minlərlə ləyaqətli gənclərimiz işsiz qala-qala, niyə gömrüyə məhz bu cür dəllal təbiətli şəxsləri götürürlər?

Yaşadığım kənddən çoxlu adamlar tanıyıram ki, Biləsuvar gömrüyündəki qoçular malını alıblar, dillənəni isə döyüblər. Deyirlər biz heç kimdən qorxmuruq, gedin hara şikayət edirsiniz edin. Kimdən rüşvət alırlar, o narkotik aparsa da açıb baxmırlar, buraxırlar. Bu dilənçiliyi və rəzaləti yığışdırın, gömrüyə ləyaqətli adamları qoyun. Növbədə duran əhali ilə kobud davranırlar, pis söyüşlər yağdırırlar. Kimi istəsələr çırpırlar. Xahiş edirik ki, Biləsuvar gömrüyündə qayda-qanun yaradın”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt