Əsas Səhifə > Şou-biznes > “UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”

“UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”


2-08-2012, 13:18
“UZAQLAŞMAĞIMA SƏBƏB MİKAYILIN PAXILLIĞI OLDU”

DAHA BİR QALMAQALIN ƏSASI QOYULDU

“Mikayıl mahnıların çoxunu əvvəlcədən müğənnilərə deyirdi”

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır. Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı rubrikanın davamını təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Uzun müddətdir kadr arxasında qalan qarmon ifaçısı Qiyas Qiyasovu kadr qarşısına çıxarırıq. Başqa sözlə desək, "Kadr arxası" rubrikasının bugünkü qonağı odur. Nəyin öndə, nəyin arxada olduğunu bilmək, obyektivinizi kadrarxası məsələlərə yönəltmək istəyirsinizsə, müsahibəni diqqətlə oxuyun.

- Qiyas, «Sevimli şou»nun ərsəyə gəlməsində sənin nə kimi rolun olub?

- Mənim “Space” kanalına böyük hörmətim var, həm də onun rəhbərliyinə. Verilişin layihəsi hələ təsdiqlənməmişdi, məlum oldu ki, proqrama müəyyən məbləğdə vəsait lazımdır. Həmin layihə məhz mənim köməkliyimlə maliyyələşdi. Daha doğrusu, verilişi maliyyələşdirən bunu məhz mənə görə etmişdi. Mikayıl da həmin işdə qabağa düşdü və rəhbərliyə müraciət etdi. Qısa zamanda veriliş ərsəyə gəldi.

- Hazırda Mikayılla aranızda soyuqluq var. Səbəb nə oldu ki, birdən-birə verilişdən uzaqlaşdın?

- Səbəb paxıllıq oldu. Sizə verdiyim müsahibədə demişdim ki, bəzi kütlələr verilişə Mikayıla görə yox, məhz mənə görə baxırlar. Sözüm ona pis təsir elədi. Hər yerdə həqiqi mənada hiss edirdim ki, böyük bir kütlə «Sevimli Şou»ya sırf mənə görə baxır. Bu mənə çox xoş idi. Məqsədim toy tutmaq yox, bir neçə ildən sonra musiqi sahəsində ali dərəcəyə yüksəlmək idi. Sadəcə Mikayıl məni kürəyimdən vurdu. Hətta mənim müğənnilərlə münasibətim onu qıcıqlandırmağa başladı. Hamı mənə suallar verir, verilişdə danışıqlarım kütlə içərisində marağa səbəb olurdu. Müəyyən müddətdən sonra gördüm ki, bütün bunlar Mikayılda paxıllıq hissi yaratdı. Bir gün Mikayıl Güləddin oğlu mənə yaxınlaşıb dedi ki, kanalın rəhbəri Vaqif Mustafayev tapşırıb ki, Qiyasa verilişdə söz vermə, bəyəm o, xalq artistidir? Mən inanmadım ki, Vaqif müəllim kimi gözəl bir insan belə danışar. Bəzi ifaçılar heç musiqini bilmirdi. Mən də onların cavabını verirdim. Bu niyə Mikayılda qıcıqlandırma yaradırdı? İlk dəfə sizə açıqlama verəcəyəm ki, Mikayıl mahnıların çoxunu əvvəlcədən müğənnilərə deyirdi. Məni də əsəbiləşdirirdi ki, artıq sənə görə heç kim bu verilişə gəlmək istəmir. Çünki çoxları mahnıları tapa bilmirdilər. Əsasən də mən hazırladığım musiqiləri. Hətta Əli Mirəliyev hər yerdə danışırdı ki, məni 60 yaşımda musiqilərimizi öyrənməyə Qiyas məcbur elədi. Verilişdən uzaqlaşmağıma əsas səbəb aşıqları çağırmağı oldu. Mən dedim ki, formata uyğun deyil. Dedi, veriliş mənimdi, özüm bilərəm. Həmin aparıcının əlində layihə tutub dalımca düşməsi gözümün qabağına gəldi. Bütün mahnıları mən öyrətmişəm ona. Hər verilişdən sonra mənə deyirdi ki, bu mahnıları hardan tapırsan. Mənim əziyyətim böyük idi. Həmin mahnıları bir həftə ərzində tapırdım, musiqiçilərə öyrədirdim. Artıq aşıqlardan sonra meyxanaçılar yarışmalıydı. Qonaqlar – Namiq Qaraçuxurlu, Pərviz Bülbüləli olmalı idi. Mən də dedim ki, ay Mikayıl, Namiq Qaraçuxurludan Cahangir Cahangirovun musiqisini soruşsaq, bu hansı məntiqə uyğundur? Axı Namiq meyxanaçıdır, musiqiçi yox. Bu, aparıcıya xoş gəlmədi. Möhkəm mübahisəmiz oldu və o, rəhbərliyə xəbər apardı. “Qiyas və musiqiçiləri mənə qarşı tərbiyəsizlik edirlər, üstümə qışqırırlar”, - dedi. Sonra aparıcı mənə zəng edib dedi ki, gələn həftə o musiqiçilərin verilişdə olmasın. Soruşdum, bəs mən? Cavabında dedi: “Sən də onların rəhbərisən”. Təsəvvür edin ki, məni öz zəhmətimlə hazırladığım verilişdən məni qovdular. Halbuki biz rəhbərliklə üç aylıq müqavilə imzalamışdıq.

- Hazırda nə işlə məşğulsan?

- «Xəzər»TV-yə çağırdılar. Ordan mənə dedilər ki, sənin işin ifanı göstərməkdir, bizim işimiz isə yayımlamaqdır. Sağ olsunlar, sözlərinin üstündə durdular. İnşallah, bir neçə layihələrlə tamaşaçılarımızın qarşısında gələcəyəm.

- Səni ən çox nə narahat edir?

- Haqsızlıq. Çünki hara müsahibə verirəmsə, Mikayıl gedib yazını çıxartdırır. Bu, nə qədər düzgündür, bilmirəm. Mən jurnalistlərimizə güvənirəm. Bundan sonra da yazılarım öz yerini tutacaq, haqqım tapdalandığına görə çox əsəbiləşirəm. Yazı çıxan kimi Mikayıl gündə mənə beş-altı dəfə zəng edir, “sən nə edirsən, rəhbərlik məni işdən çıxaracaq sənin üzündən”, deyir. İndi hər yerdə deyir ki, guya onu yuxarıdan tapşırıblar və mən Qiyas artıq heç kimə müsahibə verə bilməyəcəyəm. Əslində, mənim müsahibə verməyimin yeganə səbəbi odur ki, artıq son qoymaq istəyirəm bu məsələyə. Qoy məndən soruşmasınlar ki, niyə Mikayıl səni verilişdən uzaqlaşdırdı. Onsuz da baxımsız olub veriliş. Bir sənətkarı ki dörd dəfə efirə çağırırlar, o da efirdən deyir ki, adamı nə qədər çağırarlar verilişə, buna nə ad vermək olar? Siz deyin, bu nə qədər gülünc görsənir? Bu artıq rüsvayçılıqdır ki, bəzi müğənnilərin şəxsi həyatını Mikayıl ifrat dərəcədə gündəmə gətirir.

- Bundan sonra Mikayıl sənə yenidən dostluq əlini uzatsa, barışarsan?

- Heç vaxt barışmaram. Elə olub rastlaşmışam, heç salamını almamışam. Veriliş ona görə açılmamışdı, nə də o verilişin ağası idi ki, ansamblı uzaqlaşdırsın. Veriliş bağlanandan bir müddət sonra guya bizi barışdırdılar. Mikayıl yanıma gəlirdi, studiyada yeni planlar qururdu, yeni layihə açsın deyə gah «Lider»ə, gah da «Xəzər»ə gedirdi. Amma heç nə alınmırdı. Axırda da «Space» kanalında məni tərbiyəsiz bir insan kimi tanıtdırdı. İkinci dəfə «Sevimli şou» açılanda mənə zəng edib dedi ki, səni qəbul etmirlər, başqa musiqiçilər olacaq. Məni yandıran odur ki, veriliş bir müddət fasiləyə çıxanda gündə məni axtarırdı, planlar qururduq. Veriliş açılanda mənə deyir ki, sən yoxsan. Verilişi böyüt, yola düzəl, onu başqası əlindən alıb aparsın. Nə isə, bütün bu olanlardan mənə dəstək olanların da xəbəri oldu. Həmin gün «Ay işığı»nda yığışdıq. Qısaca olaraq Mikayıla dedilər ki, son sözün nədir, o da dedi ki, qərara almışam, o ansamblla işləməyəcəyəm. Mənə qarşı hörmətsizlik etdilər. Təbii ki, mən öz cavabımı verdim. Sonra da Mikayıla sərt cavab verdim. Əvvəllər bizim “kruqumuzda” özünü o qədər yaxşı eləmişdi ki, qərara almışdıq birlikdə “pradakşın” açaq. Elə də oldu. Dubaya gedib səsyazma avadanlıqları gətirdik. Məşq zalı, ofis, studiya açıldı. Amma o, nankor çıxdı mənə və yaxınlarıma qarşı.

- Sərt ittihamların səni yarıyolda qoymadı ki?

- Bəli, bunu normal qəbul edirəm. Mənim çıxışlarım, dikbaş çıxışlarım çoxunu qıcıqlandırırdı. Hətta Könül Kərimovanı da qıcıqlandırmışdı ki, o mənə söz atdı. Fikirləşmədi ki, mən istədiyim kimi onun cavabını verə bilərəm. Vaqif müəllimin adından Mikayıl çox danışırdı. Mənim Vaqif müəllimə böyük hörmətim var. İnşallah gec-tez qəbulunda olacağam və bütün olub-bitənləri ona çatdıracağam. Mənə qarşı çox haqsızlıqlar olub.

- Mikayıl «Virtuoz»dan sonra səninlə dostluq etməyə başladı?

- Hamı bilsin ki, Mikayıl «Virtuoz»da sms-ləri çox olan, pulu çox olan iştirakçılarla dostluq edirdi. Mən yalan danışa bilmərəm. Mənim dostlarım «Virtuoz» yarışmasından sonra Mikayıla dedilər ki, Qiyasa görə bu verilişi açırıq, sən də çalış, sənə də yaxşı olacaq. Bu minvalla «Virtuoz»dan sonra onunla münasibətimiz daha da sıxlaşdı. Bu sıxlıqdan istifadə edib bizim içimizə, süfrəmizin başına keçə bildi. Hər şeyi Allaha tapşırıram. Bundan sonra Mikayıl kimi insanları qabağıma çıxartmamasını istəyirəm. Belə insanlar adamı dar ayaqda qoyub qaçanlardır.

Geri qayıt