Əsas Səhifə > Sosial, Manşet > SUMQAYIT-BAKI YOLUNDAKI «PRİTON DƏHLİZİ»…

SUMQAYIT-BAKI YOLUNDAKI «PRİTON DƏHLİZİ»…


3-08-2012, 11:49
SUMQAYIT-BAKI YOLUNDAKI «PRİTON DƏHLİZİ»…

XAÇMAZDAKI QALMAQAL HÖKUMƏTİ HƏRƏKƏTƏ KEÇMƏYƏ VADAR EDİB

DİA.AZ: - Son günlər ayrı-ayrı yerlərdə əxlaqsızlıq yuvalarının açıq-aşkar fəaliyyət göstərməsi sanki bir ənənə halını alıb ki, bu da mətbuatın gözündən yayınmayıb. Elə Xaçmazda fəaliyyət göstərən restoranlardan jurnalistlərin hazırladıqları səs-küylü reportajlar və bu ajiotaja Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin «buna imkan vermərəm» kimi absurd reaksiya verməsi də təsdiqləyir ki, bu kimi hallar sırf arxayınçılıq şəraitində yaranır. Yəni hər bir «priton»un arxasında konkret məmur və yaxud da imkanlı şəxs dayanır.

Bildirək ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları sözügedən obyektlərə qarşı əməliyyatlarını intensivləşdirmişdilər. Amma sonradan sanki hansısa «sehirli əl» sahibi «durr» işarəsini verdi. Bu proses həm də daha çox xırda obyektlərin hədəfə alınması ilə də yadda qaldı. Yəni daha «prestijli» hesab olunan «priton»lar polis reydlərindən, əməliyyatlarından kənarda qaldı.

Onu da xatırladaq ki, keçən il ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatların birində bu məsələ xüsusi olaraq vurğulanırdı və bildirilirdi ki, Azərbaycanda «priton»ları ayrı-ayrı məmurlar himayə edir. Təbii ki, bu da son nəticədə onların toxunulmazlığına gətirib çıxarır.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, hal-hazırda «priton dəhlizi» kimi tanınan Bakı-Sumqayıt yolunun kənarında az qala 30-a yaxın «priton» fəaliyyət göstərməkdədir. Qeyd edək ki, bu fakt əksəriyyətə məlum olsa da, nədənsə hüquq-mühafizə orqanları tədbir görməyə nə maraq və nə də ki həvəs göstərmir. Əksinə, yerli mətbuatda yayılan bilgilərdə deyilir ki, hətta əraziyə aid polis əməkdaşları həmin «priton»lardan aylıq «dolya»larını da alırlar.

Hətta qəzetlərin birində bildirilirdi ki, bu gün Azərbaycanda əxlaqsızlıq yuvalarının saxlanması biznesi ilə konkret bir mafiyalaşmış şəbəkə məşğul olmaqdadır: «Həmin şəbəkənin əl-qolu çox uzundur və kifayət qədər maliyyə imkanlarına malik olduqlarından istənilən bir məmuru satın almaq qüdrətindədirlər. Ona görə də həmin mafiyanın nəzarəti altında olan «priton»lar toxunulmazlıqlarını qorumaqdadır».

Amma vəziyyət artıq nəzarətdən çıxmaq üzərədir. Bunu isə bir başqa qaynaq redaksiyamıza açıqlamasında bildirib. Mənbənin iddialarına görə, artıq hakimiyyətin üst düzəyi tərəfindən «priton»lara qarşı polis əməliyyatlarının hazırlanması yönündə müvafiq təlimatlar verilib. Mənbəmiz bildirir ki, bu tapşırığın verilməsində Xaçmazdakı son olay da rol oynayıb.

Məlumatlara görə, elə ilk polis əməliyyatlarına Sumqayıt-Bakı yolu üzərindəki «priton dəhlizi»ndən başlayacaqlar.

Geri qayıt