Əsas Səhifə > Güney Press, Araşdırma > AĞACAN ƏBİYEV HAKİMƏ RÜŞVƏT VERMƏDİYİNİ DEYİR

AĞACAN ƏBİYEV HAKİMƏ RÜŞVƏT VERMƏDİYİNİ DEYİR


3-08-2012, 11:56
AĞACAN ƏBİYEV HAKİMƏ RÜŞVƏT VERMƏDİYİNİ DEYİR

“ORADA ELƏ ŞEY KEÇMİR”

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) dünən olimpiadadan uzaqlaşdırıldığı barədə yayılan məlumatlara münasibət bildirib: “Mən London Olimpiadasındayam, niyə uzaqlaşdırılmalıyam? Başa düşmürəm, məni kim uzaqlaşdırıb? Bəyəm orda hakimlik edirdim ki? Necə yəni uzaqlaşdırılmışam?”

A.Əbiyev qələbəsi geri alınan Azərbaycan boksçusunun yarışında Türkmənistandan olan boks hakiminin London Olimpiya Oyunlarından uzaqlaşdırılması məsələsində hakimin özünün günahkar olduğunu söyləyib.

Ağacan Əbiyev hakimin rüşvət verildiyi üçün azərbaycanlı boksçunu qalib etdiyi barədə xəbərləri “yalan” adlandırıb: “Bu sözləri boksdan xəbəri olmayanlar deyir. Hakim doğrudan da səhv edib. Ona görə də yarışdan uzaqlaşdırılıb. Səhvi odur ki, boksçu neçə dəfə yıxılandan sonra xəbərdarlıq verməli idi. Vermədiyi üçün yarışdan uzaqlaşdırıldı. Hakimə rüşvət verilməsi barədə deyilənlər tamamilə yalandır. Orda elə şey keçmir. Bunu başa düşmək lazımdır. Hər şeyi rüşvətə qoşmaq olmaz. Hakim zəif olduğuna görə belə bir səhv edib. Zərbədən sonra nokaund olmalı idi. Gərək heç olmazsa, xəbərdarlıq edəydi ki, bu qədər yıxılmaq olmaz. Onun hakim kimi səhvi bu olub, ona görə çıxarılıb. Uşaq-uşaq şeylər danışırlar. Bağışlayın məni, idmandan xəbəri olmayan adamlar belə məlumatlar yayır. Futbolda belə şeylər olur deyə bütün idman növlərinə aid edirlər. Gərək hakim bizim boksçumuza xəbərdarlıq edib, 2-3 dəfədən sonra döyüşü saxlayıb çıxaraydı”.

Hazırkı döyüşləri qiymətləndirən A.Əbiyev deyib ki, boksçularımızın güclüsü də, zəifi də var: “Bəyəm gedənlərin hamısı medal almalı idi? Nə vaxt belə olub ki? Afinada 9 boksçumuz getmişdi, 2-si bürünc medal almışdı. İndi 7 boksçumuz iştirak edir, hələ oyunlar davam edir”.

Qeyd edək ki, AİBA-nın yaydığı bəyanatda bildirilır ki, hakim Işanquli Meretniyazov “evinə qayıdır”.

Meretniyazov yarışın Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yerə yıxılmasına baxmayaraq, onun yapon həmkarı üzərində “qələbəsinə” kömək etməkdə ittiham edilir. Eyni zamanda bəyanatda bildirilir ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb. Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib. Ancaq federasiya Azərbaycan rəsmisinin davranış kodeksini “bir neçə dəfə pozduğunu” deyib./teleqraf.com/

Geri qayıt