Əsas Səhifə > Dünya > TÜRKÜN ƏRƏBDƏN BAŞQA DOSTU YOXMUŞ

TÜRKÜN ƏRƏBDƏN BAŞQA DOSTU YOXMUŞ


28-10-2011, 12:00
TÜRKÜN ƏRƏBDƏN BAŞQA DOSTU YOXMUŞ

ƏN BÖYÜK YARDIMI KRAL ABDULLAH AYIRDI

Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səud Türkiyəyə Van əyalətində baş verən zəlzələdən əziyyət çəkənlərə 50 milyon dollar məbləğində yardım ayırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Vətən" qəzeti yazıb. Bu, Türkiyəyə kömək üçün müxtəlif ölkələrdən göndərilən ən böyük məbləğdir.

Güclü zəlzələdən zərər çəkmiş Türkiyəyə artıq Ukrayna, Fransa, Böyük Britaniya, İsrail və Rusiyadan da humanitar yardımlar çatdırılıb.

Zəlzələdən zərər çəkmiş Van əyalətinə ilk xilasedicilər və humanitar yardım Azərbaycandan göndərilib. Cümə axşamı gecə çadır, isti paltar və ilkin zərurət əşyalarından ibarət daha 40 yük maşını Bakıdan Türkiyəyə yola düşüb.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev dünən jurnalistlərə bildirmişdi ki, FHN Azərbaycan Prezidentinin göstərişi ilə oktyabrın 23-də zəlzələ baş verdiyi andan Türkiyəyə yardımlar göndərməyə başlayıb. Yola salınan sonuncu yardım karvanı ilə Van bölgəsinə 1000 ədəd çadır, 2 min ədəd adyal, 40 ədəd transformator və 40 dəst mətbəx ləvazimatı göndərilib.

Bugünədək azərbaycanlı xilasedicilər tərəfindən 44 cəsəd dağıntılar altından çıxarılıb, 10 nəfər isə xilas edilib.

Van əyalətində zəlzələ qurbanlarının sayı 550-yə çatıb, 1600 nəfərdən çox yaralı var.

Geri qayıt