Əsas Səhifə > Partiya > AZƏRBAYCAN VENESİYA KOMİSSİYASINA RƏDD CAVABI VERİB

AZƏRBAYCAN VENESİYA KOMİSSİYASINA RƏDD CAVABI VERİB


28-10-2011, 12:20
AZƏRBAYCAN VENESİYA KOMİSSİYASINA RƏDD CAVABI VERİB

XARİCİLƏR SİYASİ PARTİYA YARADA BİLMƏZ

Azərbaycan Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı bəzi təklifləri ilə razılaşmayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü jurnalistlərə bildirib ki, Venesiya Komissiyası müzakirələr zamanı Azərbaycanda xarici vətəndaşların partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olmasını təklif edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu tövsiyələrlə razılaşmayıb.

Venesiya Komissiyasının oktyabrın 14-15-də keçirilən 88-ci plenar sessiyasında Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi məsələsi müzakirə edilib.

Əli Həsənov və Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirə etmək üçün Strasburqda olublar.

Azərbaycan tərəfinin siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı Venesiya Komissiyasına təqdim etdiyi modeldə partiyaların seçkilərdə iştirak məsələsi əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılmış vəsaitlərin seçkidə iştirak edən partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə variant var. Bu variantlar Venesiya Komissiyası ilə aparılan müzakirələrdən sonra açıqlanacaq. Trend-in məlumatına görə, bunu daha öncə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Geri qayıt