Əsas Səhifə > Partiya > MÜXALİFƏT LİDERLƏRİ BİR ARADA

MÜXALİFƏT LİDERLƏRİ BİR ARADA


13-08-2012, 13:57
MÜXALİFƏT LİDERLƏRİ BİR ARADA

HƏLƏLİK İFTAR SÜFRƏSİ ARXASINDA

Azərbaycan Demokratik Partiyası sədrinin dəvəti ilə səkkiz müxalifət partiyasının bir neçə gün öncə toplaşdığı iftar süfrəsi müxalifətin yeni formatda əməkdaşığına çevrilir.

"Biz razılaşdıq ki, gələcəkdə də bu istiqamətdə səylərimizi davam etdirək. Bu iftar süfrəsini qeyri-rəsmi şəkildə bir daha təkrarlaya bilərik. Ancaq Ramazan ayı qurtardıqdan sonra yəqin ki, belə görüşlər davam etdiriləcək", - bunu Trend-ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, görüşdə iştirak edənlərin hamısı etiraf etdilər ki, artıq müxalifətin geniş koalisiyasının yaradılması istiqamətində səyləri gücləndirmək lazımdır və bu, artıq zərurətə çevrilib.

"Burada ən mübahisəli, fikir ayrılığı doğuran məsələ bu birliyin müstəvisi məsələsi ola bilər ki, bu da ikinci dərəcəli məsələdir. Siyasi güclər vahid bir mərkəzdə toplaşmaq iradəsini ortaya qoyduqdan sonra ikinci, ücüncü məsələlərin elə bir ciddi əhəmiyyəti olmayacaq", - partiya sədri deyib.

Cəlaloğlu qeyd edib ki, görüşdə də hamı müxalifətin bir araya gəlməsinin zərurətini etiraf edir. "Düzdür, kiminsə müəyyən fərqli fikri var, kimsə bir qədər fərqli düşünür, ancaq bütünlükdə mən hesab edirəm ki, görüşdə iştirak edənlərin hamısı eyni mövqedədir", - o, deyib.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun təşkil etdiyi iftar süfrəsində KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak edib.

Geri qayıt