Əsas Səhifə > Partiya > AXCP İLƏ MÜSAVATIN SUMQAYIT DAVASI

AXCP İLƏ MÜSAVATIN SUMQAYIT DAVASI


15-08-2012, 13:32
AXCP İLƏ MÜSAVATIN SUMQAYIT DAVASI

BAKIDAN REAKSİYA GƏLDİ

AXCP və Müsavat Partiyalarının rəhbərliyi bu təşkilatların Sumqayıt şəhər şöbələrinin sədrləri arasında yaranan qarşıdurmaya münasibət bildiriblər.

AXCP sədrinin müavini Gözəl Bayramlı APA-ya deyib ki, şəhər təşkilatları arasında qarşıdurmaya əsas yoxdur və belə bir vəziyyətin mövcudluğundan da xəbərsizdir: “AXCP-nin yerli təşkilatının Sumqayıtda aksiya keçirdiyi və həbslərin olduğu haqda informasiyam var. AXCP-nin yerli şöbəsinin Müsavat Partiyasının şəhər təşkilatına aksiyada iştirakla bağlı müraciət etməsi haqda isə məlumatsızam. Fikrimcə, partiyaların şəhər təşkilatları arasında belə qarşıdurmalar olmamalıdır”. G. Bayramlı qeyd edib ki, aksiya AXCP şəhər şöbəsinin qərarı ilə keçirilib: “Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının bu aksiyaya dəstək verməməsi isə AXCP-nin yerli şöbəsinə aid məsələdir”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə APA-ya açıqlamasında bildirib ki, hər iki tərəfin fikirlərində haqlı və haqsız məqamlar var: “AXCP Sumqayıt şəhər təşkilatının aksiya keçirməsi müsbət haldır. Aksiya iştirakçılarının sayı isə burada önəmli deyil. Eyni zamanda belə məsələlərdə digərini ittiham etmək düzgün deyil. Çünki aksiya keçirilməsi haqqında qərar qəbul etmiş təşkilatın özündə belə, piket müzakirə olunan zaman fikirlər haçalanıb. Belə çıxır ki, bu şəxslər AXCP-yə xəyanət ediblər? Yaxud kim mən deyəni etmirsə, yəni aksiyaya getmirsə, tədbirə qoşulmursa, xəyanətkardır? Belə yanaşmalar düzgün deyil və heç kim öz üzərinə belə bir öhdəlik götürməyib”.

T. Yaqublu qeyd edib ki, kiminsə aksiyada iştirak etməməsini vəfasızlıq kimi qələmə vermək də düzgün deyil: “Məsələn, 2011-ci ilin martında keçirilən aksiyada AXCP-nin hazır olmadığını gördük və bu partiyanı aksiyaya dəvət etmədik. Belə vəziyyətlərdə qarşılıqlı ittihamlar etmək lazım deyil. Bunu qarşıdurmaya çevirməyə, buna xüsusi rəng verməyə də ehtiyac yoxdur”.

T. Yaqublu bu məsələnin İctimai Palatada müzakirəsinə də ehtiyac olmadığını deyib: “Cəbhəçilər müsavatçıların bu aksiyaya qatılmamasını texniki amil kimi qəbul etməlidirlər. Hər iki tərəf bir-birinin qərarlarına hörmətlə yanaşmalıdır. Burada qeyri-adi məsələdə yoxdur. Biri aksiyanın keçirilməsinin zəruriliyi haqda düşünüb, digəri isə yox”.

Qeyd edək ki, Avqustun 12-də AXCP Sumqayıt şöbəsinin piketinə Müsavat Partiyasının və İctimai Palatanın qoşulmaması narazılıqlara səbəb olub. AXCP Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğlu mətbuata müsahibəsində Müsavatı və bu partiyanın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbası sərt tənqid edib.

Geri qayıt