Əsas Səhifə > Şou-biznes > "BU İKİ GÖZ YAŞI YADIMDAN ÇIXMAYACAQ"

"BU İKİ GÖZ YAŞI YADIMDAN ÇIXMAYACAQ"


16-08-2012, 12:22
"BU İKİ GÖZ YAŞI YADIMDAN ÇIXMAYACAQ"

SƏFA MEHDİDƏN SƏMİMİ AÇIQLAMALAR

Aktyor Səfa Mehdinin Milli.Az-a müsahibəsi.

- İncəsənət Universitetində oxuduğunuz illəri yadınıza sala bilərsiniz?

- Çox maraqlı tələbəlik həyatı yaşamışam. Sənət müəllimim xalq artisti Telman Adıgözəlov olub. 3-cü kursda oxuyan zaman Telman müəllim rəhmətə getdi, sonradan bizim kursu əməkdar artist Cəfər Namiq Kamal götürdü. Yadımdan çıxmayacaq bir hadisə var: Telman müəllimlə birgə hazırladığımız kurs işi. Kurs işi bitmək üzrə olarkən Telman müəllim rəhmətə getdi. Ölümündən bir həftə sonra özümüzdə güc tapıb həmin kurs işini oynadıq və ona ithaf etdik. Bu tamaşanın ssenarisini də Telman müəllimlə ikimiz yazmışdıq. Ən pis xatirə də odur ki, Telman müəllimin ölümündən 1 gün əvvəl biz onunla dərsdə görüşdük. Həmin tamaşanı hazırlayırdıq, o qədər güldük ki, gözümüzdən yaş gəldi. Səhər zəng edib mənə deyəndə ki Telman müəllim rəhmətə gedib, yenidən gözümdən yaş gəldi. Bu iki göz yaşı ömür boyu yadımdan çıxmayacaq.

- Yəqin ki, çox zarafatlar edirdi sizinlə. Həyati nəsə söylədikləri olurdu sizə?

- Mən hər gün o insanın dərsinə tələsirdim. O, tək müəllimim deyildi, həm də dostum idi. Ondan öyrəndiklərim bu gün həyatda mənə çox kömək olur. Mənə həmişə deyirdi ki, sənin nəinki universitetdə, hətta həyatda da nə problemin olsa, həmişə arxandayam. Ondan mən ssenari yazmağı da öyrəndim. Məni çox vaxt özü ilə "Kinoklub"un çəkilişlərinə aparırdı.

- Səhv etmirəmsə, Qorxmaz Əlilinin Bakı Estrada Teatrında da çalışmısınız... Bəs Gənc Tamaşaçılar Teatrına necə gəldiniz?

- 3-cü kursda oxuyarkən Bakı Estrada Teatrında çalışırdım. Sonradan bu teatr bağlandı və mən Region TV-də bir canlı veriliş aparmağa başladım. Universiteti bitirəndən sonra isə Cəfər Namiq Kamal məni Gənc Tamaşaçılar Teatrına göndərdi. Onun bu yaxşılığını heç vaxt unuda bilmərəm.

- Gənc Tamaşaçılar Teatrına artıq təcrübə toplayıb gəlmişdiniz. Bu teatrda sənətdə sözünü demiş sənətkarların qısqanclığı ilə üzləşmədiniz ki?

- Bəli, mən Bakı Estrada Teatrında artıq bu sahədə təcrübə toplamışdım. Yox, qətiyyən, heç bir qısqanclıqla üzləşmədim, əksinə, çox kömək oldular mənə.

- Sənətdə yeni addımlayırsınız... Yəqin ki, arzularınız hədsizdir...

- Paulo Koelyonun "Rio Pyedranın sahilində oturdum və ağladım" adlı romanında olan bir cümlə heç vaxt yadımdan çıxmayacaq: "O arzular heç vaxt özbaşına reallaşmır. Arzuladığım dərəcədə onlara çatmaq üçün çalışıram".

- Bildiyimə görə, teatrda kiçik rollarda çox çıxış etmisiniz. Bəs ilk böyük rolunuz hansı tamaşada oldu?

- İlk böyük rolum "Hekayəti-şahzadeyi-Xəzər" tamaşasında Məlikməmməd rolu oldu. Bu, Nicat Kazımovun quruluşunda olan nağıl-tamaşa idi. Mən ona öz təşəkkürümü bildirirəm.

- Hansı filmlərdə çəkilmisiniz?

- Nicat Qafuroğlunun "Ultionis" filmində çəkilmişəm. Deyilənə görə, bu yaxınlarda filmin təqdimatı olacaq. Hal-hazırda isə bir serialda çəkilirəm. İnşallah, sentyabrda efirə gedəcək. Yenə də barmen rolundayam. "Ultionis" filmində də barmen rolunda idim. Amma "Ultionis" filmindəki barmen rolu şirkətin qurduğu oyun idi və mənfi obraz idi. Bu serialdakı barmen rolu isə müsbətdir.

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz?

- Biz dörd nəfərik: atam, anam, mən və dostum Fədail. Mən bizim evdə qalıram, Fədail də dostum kimi hər zaman mənim ürəyimdə (gülür). Biz uşaqlıqdan çox yaxın dostuq.

- Həyatda tərəf-müqabilinizi tapmamısınız?

- Hər dəfə həyatda tərəf-müqabilimi tapmışam deyə fikirləşəndə yanılıram. Reallıqda onlar oynadığım tamaşada baş rolda olan "massa"dırlar (gülür). Səhnədə isə Asya Atakişiyeva ilə ən çox tərəf-müqabil olmuşam. Hətta o hərdən mənə səhnədə müəllimlik də edir (gülür).

- Söhbətdən hiss edirəm ki, sentimental insansınız...

- Hə, özü də çox. Demək olar ki, hisslərlə yaşayıram. Bir şeydə çox əminəm: həyatda özümü üzdüyüm qədər kimsə məni üzmədi və mən kimlərisə üzmədim.

Geri qayıt