Əsas Səhifə > Partiya > İRAN ANTİİSLAMİ HƏRƏKƏTDƏ İTTİHAM OLUNDU

İRAN ANTİİSLAMİ HƏRƏKƏTDƏ İTTİHAM OLUNDU


17-08-2012, 12:20
İRAN ANTİİSLAMİ HƏRƏKƏTDƏ İTTİHAM OLUNDU

BAXCP ETİRAZ BƏYANATI YAYDI

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İranın Azərbaycan vətəndaşlarına tətbiq etdiyi viza rejimi və bu ölkəyə səfər zamanı Azərbaycan vətəndaşlarının qarşılaşdığı problemlərlə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda BAXCP İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə viza üçün müraciət edən Azərbaycan vətəndaşlarına münasibətdə nümayiş etdirilən aşağılayıcı davranışları, viza verilməsi prosedurunun kobud şəkildə pozulması ilə müşayiət edilən hərəkətləri pisləyib:

“Əksəriyyəti İrana daha öncə müalicə aldıqları həkimlər tərəfindən təyin olunmuş zaman çərçivəsində səfər etmək məcburiyyətində qalan, yaşlı və xəstə insanlara, qadınlara qarşı İranın Azərbaycandakı səfirliyinin göstərdiyi münasibət İslam dininin müqəddəs və bəşəri dəyərləri, insanlığa bəxş etdiyi humanizm prinsipləri ilə ziddiyyət təşkil edir. Müqəddəs Ramazan günlərində müsəlman azərbaycanlılara zülm etməsi bir daha sübuta yetirir ki, “İslam Respublikası” adına iddia edən bu dövlət İslam dinindən yalnız öz siyasi məqsədləri üçün yararlanmağa cəhd göstərir və bu ölkəni idarə edən farsa-molla rejimi üçün müqəddəs sayıla biləcək heç bir dəyər yoxdur. BAXCP İranın bu hərəkətlərini mürtəce təzahür kimi dəyərləndirir, İslam Konfransı Təşkilatına üzv olan dövlətləri, bütün müsəlman dünyasını dini siyasi məqsədləri üçün istifadə edən İranın müqəddəs Ramazan ayında müsəlman azərbaycanlılara qarşı həyata keçirdiyi iyrənc siyasəti qətiyyətlə pisləməyə çağırır”.

Partiya Azərbaycan hökumətini bu problemləri aradan qaldırılmaq istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıb: “Azərbaycan hökuməti xarici ölkələrin infrastrukturunun yenidən qurulmasına yüz milyonlarla dollar kredit ayırmaq əvəzinə Bakı-Tiflis-Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı görülən işlərin tez bir zamanda başa çatdırılmasının qayğısına qalmalı, ölkə vətəndaşlarını etibarsız və Azərbaycan Respublikasına düşmən münasibət bəsləyən İranın ümidinə qoymamalıdır”.

Geri qayıt