Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FƏRƏMƏZ NOVRUZOĞLU MƏHKƏMƏ QARŞISINDA

FƏRƏMƏZ NOVRUZOĞLU MƏHKƏMƏ QARŞISINDA


17-08-2012, 13:49
FƏRƏMƏZ NOVRUZOĞLU MƏHKƏMƏ QARŞISINDA

O, ÇIXIŞI ÜÇÜN VAXT İSTƏYİB

Jurnalist Fərəməz Novruzoğlu avqustun 22-də məhkəmədə son dəfə çıxış edəcək. O, aprelin 18-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi əməliyyatında həbs edilib, Cinayət Məcəlləsinin 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur.

RATİ-nin məlumatına görə, avqustun 16-da Bakının Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Fərəməz Novruzoğlu şahidlərin ifadələrinin protokolda təhrif olunduğunu deyib. Jurnalist məhkəmənin qərəz nümayiş etdirdiyini vurğulayaraq tərkibə etiraz edib. Hakim İmran Burcayev etirazın baxılmadan saxlanılmasına qərar verib.

Vəkil Zabit Məmmədov Fərəməz Novruzoğluna bəraət hökmü çıxarılması tələbi qoyub. Jurnalist son çıxış üçün məhkəmədən vaxt istəyib. Proses avqustun 22-də davam edəcək.

Fərəməz Novruzoğlu 2007 və 2009-cu illərdə iki dəfə azadlıqdan məhrum olunub.

Geri qayıt