Əsas Səhifə > Partiya > HAKİM PARTİYA “QASİD”İN ÇÖKÜŞÜNÜ SEYR EDİR

HAKİM PARTİYA “QASİD”İN ÇÖKÜŞÜNÜ SEYR EDİR


18-08-2012, 13:34
HAKİM PARTİYA “QASİD”İN ÇÖKÜŞÜNÜ SEYR EDİR

YAP NİYƏ DEPUTATINI MÜDAFİƏ ETMİR?

Hakim Yeni Azərbaycan Partiyasının(YAP) üzvləri Azərbaycanda sahibkarlığın inkişafından, bu sahəyə dövlət qayğısının olmasından danışmağı xoşlayırlar.

Amma məsələ burasındadır ki, Azərbaycan hakimiyyətinin sahibkarlığa qarşı apardığı səlib yürüşünün qurbanları məhz YAP-çılardır. Bununla bağlı “Qasid” mətbuat yayımı firması ilə bağlı baş verənləri göstərmək kifayətdir. Bu firmanın sahibi deputat Mirkazım Kazımovdur. O, YAP-ın cənub regionu üzrə kuratorudur. Lakin bu gün ona məxsus firma çökdürülür. “Qasid”in köşkləri heç bir əsas olmadan paytaxtdan yığışdırılır. Yerinə isə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məxsus olduğu bildirilən köşklər qoyulur.

Nəticədə “Qasid” firmasının qəzetlərə külli miqdarda borcu yaranıb. Firma borcu ödəyə bilmir. Çökdürülmə prosesinin qarşısını isə almaq iqtidarında deyil. Mirkazım Kazımovun baş verənləri sükutla müşahidə etməkdən başqa heç əlacı yoxdur. Heç YAP da öz deputatını müdafiə etməyə həvəslə görünmür. Maraqlıdır görəsən, Mirkazım Kazımov və onu müdafiə edə bilməyən YAP-çılara Azərbaycanda sahibkarlıqla bağlı hər hansı sual verilsə cavabları nə olacaq? Digər həmkarları kimi bu sahənin inkişafından danışacaqlar? Azərbaycanda monopoliyanın olmadığını, sahibkarlar üçün hər cür şərait yaradıldığını iddia edəcəklər? \ azadlıq.info \

Geri qayıt