Əsas Səhifə > Şou-biznes > ELNARƏNİN FACEBOOK QEYDLƏRİ

ELNARƏNİN FACEBOOK QEYDLƏRİ


23-08-2012, 16:29
ELNARƏNİN FACEBOOK QEYDLƏRİ

“KÜSMƏYİN, İNCİMƏYİN AXI MƏN SİZİ SEVİRƏM”

WWW adlı “Ümumdünya hörümçək toru” gündəlik həyatımıza sürətlə nüfuz etməkdədir. Bu sehrli 3 hərfi yazmaq kifayətdir ki, bütün dünya kiçik bir ekrana sığışsın. İnternet gündəlik həyatımızın bir parçası olmaqda davam edir. Sosial şəbəkələrin istifadəyə verilməsi ilə əlaqədar internetin həyatımızdakı rolu daha da artıb. Artıq telefonlaşmalar, məktublaşmalar virtual aləmdəki statuslarla əvəz olunub.

Bu isə yeni dostluqlar və tanışlıqların yaranmasına gətirib çıxarır. Əlbəttə ki, virtual dostluq, tanışlıq həyati sınaqlardan keçmədiyi üçün həqiqi adlana bilməz. Ən yaxşı halda onu həqiqi dostluğa və ya məhəbbətə apara biləcək ilk tanışlıq vasitəsi adlandırmaq olar. Deməli, sosial şəbəkələr daha çox özünütəsdiq üçün tribuna rolunu oynayır. Bu halda cəmiyyətin öndə gedən simaları elektoratının sayını artırmağa, sadə vətəndaşlar isə onlarla birbaşa ünsiyyətə girməyə və ya özünü onların səviyyəsinə yüksəltməyə can atırlar. Bu isə kifayət qədər vaxt və hövsələ tələb edir.

Heç təsadüfi deyil ki, fəal internet istifadəçisi olan populyar müğənni Elnarə Xəlilova da vaxt və hövsələ azlığından şikayət edir. Onun facebook-da paylaşdığı sonuncu status bunu deməyə əsas verir. Müğənni yazır: “Deməli, belə. Üzümü, baxan və görən gözümü tuturam. Bütün məni sevən və sevməyənlərə, xahiş edirəm sizdən, artıq dərəcədə, nə sözünüz var, gəlin yazın bura, inbox-a (qeyd: şəxsi poçta) yazmayın. Orda vaxt tapmıram sizinlə danışmağa, hər birinizlə ayrı-ayrı. Vallah tapmıram, billah tapmıram. Hörmətsizlik və sayğısızlıq olmasın deyə, əlbəttə “salam necəsiz”-ə yazıram: “əleyküm salam, çox sağ olun, yaxşıyam”. Amma nə qədər olar? Axı mən bu cür sizinlə səmimi ola bilmərəm. Açığı, vaxtım da qalmır orda yazmağa. Xahiş edirəm, məni düz başa düşün, küsməyin, inciməyin axı mən sizi sevirəm”.

Göründüyü kimi, sosial şəbəkələrin müsbət tərəfləri olduğu qədər fəsadları da az deyil. Başqa sözlə desək, bu cür əlaqələr əksər hallarda insanlar arasında anlaşılmazlığa səbəb olur. Sonda atalar sözünə istinadən onu deyə bilərəm ki, dost bir olar, ya iki...

Geri qayıt