Əsas Səhifə > Sosial, Manşet > “YUXARILAR” ƏLİ HƏSƏNOVU NƏDƏN DANLAYIB?

“YUXARILAR” ƏLİ HƏSƏNOVU NƏDƏN DANLAYIB?


24-08-2012, 12:42
“YUXARILAR” ƏLİ HƏSƏNOVU NƏDƏN DANLAYIB?

DEPUTATI İLİŞDİRMƏK İSTƏYƏN PA RƏSMİSİNİN ÖZÜ HƏDƏFƏ ÇEVRİLİB

DİA.AZ: - Görünür, paytaxt meri Hacıbala Abutalıbov görüşlə bağlı bir qrup KİV və jurnalist təşkilatı rəhbərinin müraciətinə məhəl qoymur. Xatırladaq ki, redaktorlar qəzet köşkləri şəbəkəsinin yığışdırılması və onların ticarət köşkləri ilə əvəzlənməsilə bağlı meriyanın hərəkətindən narahatdır.

Bu ticarət obyektləri intensiv olaraq paytaxtın mərkəzində, az qala hər 50-100 metrdən bir qurulur, vətəndaşların yolu keçməsinə maneçilik törədir.

Ötən gün belə köşklərdən biri Sahil parkında səkinin üstündə qurulub ki, bu da Rəşid Behbudov küçəsində svetoforu keçənlər üçün görünüş sahəsini və yolu bağlayır.

H.Abutalıbov tərəfindən qəzet köşklərinin ləğv edilməsinin ilk dalğası bir neçə il əvvəl başlanıb və bu, köşklərin piyadalara maneçilik törətməsi bəhanəsi ilə həyata keçirilib.

Yeni ticarət köşklərində demək olar ki, qəzet yoxdur və bu səbəbdən məlum olur ki, “abadlıq işlərində” əsas məqsəd qəzet, əsasən də müstəqil qəzet yayımı şəbəkəsinin ləğvidir.

Xatırladaq ki, avqustun 15-də şəhər merinə ünvanlanan məktubda qeyd olunurdu ki, “yeni köşklərin qurulması qanunazidd məcrada baş verir: köşklərin əvəzlənməsi barədə qanuni qərar yoxdur, onların dəyişdirilməsi şifahi göstərişlə, kobud və zorakı formada həyata keçirilir. On illərdir dövri mətbuat satan “Qasid” firması iflas həddinə çatdırılıb, o, dövri mətbuat satışına görə redaksiyalara ödəniş edə bilmir, nəticədə qəzet və jurnallar ciddi itkilərlə üzləşirlər”.

Cavab üçün qanunla nəzərdə tutulan 7 günlük vaxt keçsə də, H.Abutalbov susur.

Təbii ki, burada Bakı merinin hansı səbəbdən susması anlaşılandır. Çünki bu yeni köşklərin sahibi kimi tanınan, lakin nədənsə «Kiosk Press»lərə sahib çıxmaq istəməyən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov «yeni köşklər kimindir» sualının cavabında bildirmişdi ki, «Kiosk Press»lər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə aiddir.

Amma sonradan Əli Həsənovun həqiqəti söyləmədiyi aydın oldu. Çünki yeni köşklər Bakı şəhər icra hakimiyyətinin səlahiyyət sərhədlərini artıq aşmaqda idi və Sumqayıtda da eyni proses həyata keçirilməkdədir - «Qasid» firmasının köşkləri yığışdırılır, yerlərinə isə eynən Bakıdakı köşklər qoyulur.

Belə bir şəraitdə Əli Həsənovun yalanını çıxarmaq istəməyən Hacıbala Abutalıbovun nədən susması aydındır. Amma aydın olmayan da yetərincə məqamlar mövcuddur.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki məlumatlı mənbə bildirir ki, əslində «Qasid» firmasının çöküşü daha çox Əli Həsənovun özfəaliyyətidir: «Yeni köşklərin sahibinin kimliyinə gəlincə isə burada cavab netdir: Əli Həsənov. Sadəcə olaraq Bakı meriyası yeni köşklər üçün yer ayırır və qəzetdən daha çox ərzaq malları satan yeni köşklərin işçiləri meriyanın aylıq haqqını ödəyirlər».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Amma proses dayana bilər. Ona görə yox ki, «Qasid» firmasının çökdürülməsi müstəqil və müxalif qəzetlərin çöküşünə bərabərdir. Ona görə ki, artıq bu məsələ «yuxarıların» da diqqətini cəlb edib».

Mənbəmiz bildirir ki, zamanında mərhum prezident Heydər Əliyev tərəfindən böyük sayğı ilə qarşılanan seyid ocağının nümayəndəsi olan «Qasid» firmasının rəhbəri, millət vəkili Mirkazım Kazımova elə indiki prezident İlham Əliyevin də yaxşı münasibəti var: ««Qasid»in işçiləri meriyanın və PA-nın qarşısında aksiya keçirdilər və bu aksiyalar öz işini görüb. Doğrudur, rəqibləri həmin aksiyaları prezidentə fərqli formada təqdim etməyə çalışdılar və hətta öz haqqlarını tələb edən mətbuat yayımı firmasının binəva işçilərini, xüsusən də «Qasid»in rəhbərliyini dövlətçiliyə qarşı çıxış etməkdə də ittiham etdilər».

Mənbəmizin sözlərinə görə, amma buna rəğmən Mirkazım Kazımovu «ilişdirmək» istəyənlərin özləri tələyə düşüblər: «Çünki belə bir ağır ittiham mütləq araşdırma tələb edir və aydın olub ki, Əli Həsənov özünün biznes maraqları ilə «Qasid»i çökdürür və burada dövlətçiliklə bağlı heç bir məsələ yoxdur».

Bundan sonra Əli Həsənovun ciddi şəkildə qınanıldığını bildirən mənbəmiz hakimiyyətin «Qasid»lə bağlı yaranmış problemə müdaxilə edəcəyini də söylədi.

Geri qayıt