Əsas Səhifə > Şou-biznes > “ÇOX BÖYÜK BİR İŞ GÖRMÜŞÜK”

“ÇOX BÖYÜK BİR İŞ GÖRMÜŞÜK”


30-08-2012, 15:22
“ÇOX BÖYÜK BİR İŞ GÖRMÜŞÜK”

GƏNC MÜĞƏNNİDƏN BÖYÜK LAYİHƏ GƏLİR

Gənc olmasına baxmayaraq, gördüyü işlərlə birinciliyə iddialılığını nümayiş etdirən müğənni Zarina Məmmədova bəstəkar Elçin İmanovla birgə “Muğam” adlı mahnısını dinləyicilərə təqdim edib.

Ərsəyə gətirdiyi layihənin ona uğur gətirəcəyinə əmin olan Zarina, əməkdaşımızla söhbəti zamanı görmüş olduqları yaradıcı iş barəsində bunları söylədi: “Həqiqətən, çox böyük bir iş görmüşük. Sözləri Vahid Əzizə, musiqisi isə Elçin İmanova məxsus “Muğam” adlı mahnı gözəl xalq musiqilərimizi xatırladır.

Çox sevinirəm ki, Elçin müəllim bu mahnını məhz mənə təqdim etdi. Axı mən xanəndəlik sinfində oxuyuram. Xalq artisti Aygün Bayramovanın tələbəsiyəm. Estrada mahnılarını ifa etməyimə baxmayaraq, mən xanəndəyəm və muğamı heç vaxt atmaram”.

Zarina onu da əlavə etdi ki, bu mahnını 26 avqust Beynəlxalq Muğam Gününə həsr edib:

“Həmin gün bir neçə canlı efirdə oldum və Elçin müəllimlə birgə sözügedən mahnını məhz muğam gününə həsr etdiyimizi vurğuladıq. Əfsuslar olsun ki, bu il mahnıya klip çəkdirə bilmədim. Amma inşallah, düşünürəm, gələn il yenə də Muğam Günündə mahnıya ekran həyatı verim. Onu necə ifa etdiyimi isə tamaşaçılar qiymətləndirəcəklər”.

Yeni layihə barədə bəstəkar Elçin İmanov da söz açdı. Onun sözlərinə görə, bu mahnını ifa etmək üçün ən uğurlu seçim məhz Zarinadır: “Bir çox müğənnniləri düşündük. Ancaq seçim Zarina oldu. Çünki ağır mahnıdır. Onun öhdəsindən hər müğənni gələ bilməzdi. Bu mahnını ifa etmək üçün gərək həm estrada, həm də muğamı ifa edə biləsən. Vahid Əzizlə birgə Zarinanın ifasına qulaq asanda ikimiz də eyni qərara gəldik - budur! dedik. Mahnı sanki Zarinanın səsinə uyğun yazılıb”.

Onu da vurğulayaq ki, Zarina tək bu mahnı ilə kifayətlənmədi. İfaçı xanım musiqisi Emin Kərimiyə, sözləri Leyli İsrafilovaya məxsus “Gedirəm” mahnısını da yazdırıb. Zarina yaxın günlərlə bir neçə yeniliyi ilə də tamaşaçıların qarşısına çıxacaq. \ milli.az \

Geri qayıt