Əsas Səhifə > Partiya > İSA QƏMBƏRƏ QARŞI DAHA BİR İTTİHAM
İSA QƏMBƏRƏ QARŞI DAHA BİR İTTİHAM31-08-2012, 13:26 |
“PREZİDENT OLMAQ ÜÇÜN MİLLİ MARAQLARI QURBAN VERİB” Tanınmış politoloq “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu tanınmış blogger Emin Millinin İsa Qəmbər haqqında dedikləri ilə bağlı maraqlı status paylaşıb. Statusda deyilir: “Bu statusu nə zamansa yazacağımı bilirdim. Emin Millinin İsa Qəmbərə ünvanlanan sualları bu qərarımı sürətləndirdi. Həmin məsələdə kimin haqlı, kimin haqsız olduğuna toxunmaq istəmirəm, hər kəsin ifadə hüququ var. Amma bir şeyi deməyi özümə borc bilirəm. Mən İsa Qəmbərin ən önəmli görüşlərində iştirak etmişəm və bu görüşlərin əksəriyyətini şəxsən özüm tərcümə eləmişəm. O zamanlar İsa bəy milli maraqlarımız məsələsində bircə addım güzəştə getsəydi, indi o, çoxdan Azərbaycan Respublikasının prezidenti idi.” FaktXeber.com-un “əgər sirr deyilsə hansı milli maraqlardan söhbət gedir”, sualını cavablandıran Ərəstun bəy, həqiqətən Müsavat başqanın çox önəmli görüşlərində iştirak etdiyini bildirdi: “Bir sıra hallarda həmin görüşləri tərcümə edirdim. Görüşlərin baş tutduğu dövrlərdə Azərbaycana beynəlxalq aləm tərəfindən təzyiqlər var idi. Həmin təzyiqlər vasitəsilə Azərbaycandan Qarabağ məsələsində güzəştdə getməsini istəyirdilər. İsa bəy bütün görüşlərə başlayanda Qarabağ münaqişəsini prioritet olaraq önə çəkərək bildirirdi ki, bu məsələdə hər hansı bir güzəştdən söhbət gedə bilməz və Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İsa bəyin belə bəyanatından sonra heç kim ağlına gətirmirdi ki, başqanın sözlərində Qarabağla bağlı güzəştdə getmək haqqında nəyisə eşitmək olar.” İsa bəylə fərdi söhbətlərin birində başqana sual ünvaladığını bildirən politoloq, “başqandan soruşdum ki, sizə elə gəlmir ki, keçirilən görüşlərdə əsas məqsədlərdən biri Qarabağ münaqişəsi ilə bağlı müxalifət lideri olaraq sizin mövqeyinizi öyrənməkdir? İsa bəy də qısa olaraq cavab verdi ki, hər halda mənim mövqeyimi yəqin eşitdilər”, -deyə əlavə etdi. “İsa bəyin mövqeyindən sonra belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda prezident olmaq üçün milli maraqlardan keçmək lazımdır ”,- sualını da cavablandıran Ərəstun bəy, qətiyyən bu cür hesab etmədiyini bildirdi: “Bu sözüm kimlərinsə xoşuna gəlməsə belə onu deyim ki, hətta İlham Əliyev belə Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir güzəştə getməyib. Təxminən 2-3 il bundan əvvəl Azərbaycana Qarabağ məsələsi ilə bağlı kompromis-sülh adı altında çox ciddi təkliflər səsləndi. Lakin nəticədə danışıqlar dalana dirəndi. Bu ondan xəbər verir ki, Azərbaycan tərəfi hər hansı bir kompromisə getməyib. Ona görə də İlham Əliyevin milli maraqlarla bağlı hər hansı bir kompromisə gedərək prezident seçilməsini demək ədalətsizlik olardı. Ədalətli mövqe bundan ibarətdir ki, hər kəs haqqında istənilən məsələdə həqiqəti deyəsən. Mənim gördüyüm budur ki, bu məsələdə nə İlham Əliyev, nə də ki, İsa Qəmbər güzəştə gediblər. İsa bəy hətta bununla bağlı kimlərinsə təklif etməsinə belə rəvac verməyib.” Geri qayıt |