Əsas Səhifə > Güney Press, Araşdırma > ƏLİ ABBASOVUN İŞÇİLƏRİNDƏN ÖZBAŞINALIQ

ƏLİ ABBASOVUN İŞÇİLƏRİNDƏN ÖZBAŞINALIQ


31-08-2012, 13:53
ƏLİ ABBASOVUN İŞÇİLƏRİNDƏN ÖZBAŞINALIQ

DAŞKƏSƏNDƏ POÇT QALMAQALI

"Kurator Xəqaninin bizə söz verməsinə baxmayaraq, mərhum həyat yoldaşım Qafarov Məmmədin adına gələn məktublar yenə də Daşkəsən Poçt Filialından geri qaytarılıb".

Redaksiyamıza Daşkəsən şəhəri, Azər Abdullayev küçəsi, ev 30 ünvanında yaşayan Qafarova Səmərqənd Səttar qızının şikayət ərizəsi daxil olub. S.Qafarova daim haqqı tapdanan insanları müdafiə etdiyimiz üçün redaksiyamızın kollektivinə təşəkkürlərini bildirir. O, daha sonra yazır:

"Hörmətli redaksiya!

Həyat yoldaşım Qafarov Məmməd Niftalı oğlu dövlət orqanlarına dəfələrlə müraciət edərək, vətəndaş hüquqlarının tapdandığını, mülkiyyətinin başqaları tərəfindən mənimsənildiyini bildirsə də, iddia qaldırdığı məhkəmələrin hakmlərinin qəbul etdiyi ədalətsiz qətnamələrə dözməyərək 29 mart 2012-ci ildə vəfat etdi.

Bundan sonra məhkəmələrdən və digər dövlət orqanlarından həyat yoldaşımın adına gələn bütün məktub və bildirişlər ailəmizə çatdırılmayıb. Bundan sonralar xəbər tutduq. Sən demə, mərhum həyat yoldaşımın adına gələn məktublar Daşkəsən Poçt Filialından geri qaytarılıb. Məsələni aydınlaşdırmaq üçün oğlum Qafarov Elşad Daşkəsən Poçt Filialının müdiri Qoşun Alıyevə müraciət edərək, Qafarov Məmmədin adına gələn məktubların onun ailəsinin yaşadığı ünvana çatdırılmaması səbəbinə rəsmi cavabla aydınlıq gətirilməsini istəyib. Kurator Xəqaninin bizə söz verməsinə baxmayaraq, mərhum həyat yoldaşım Qafarov Məmmədin adına gələn məktublar yenə də Daşkəsən Poçt Filialından geri qaytarılıb. Belə olan halda, oğlum Daşkəsən rayon İcra Hakimiyyətinin başçısına rəsmi müraciət edərək, Daşkəsən Poçt Filialındakı özbaşınalığın qarşısının alınmasını xahiş etdi. Eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə şikayət ərizəsi göndərdi və nazirliyin "Qaynar xətt"inə zəng edib məsələ barədə məlumat verdi".

Şikayətçi yazır ki, onların istər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, istər nazirliyin "Qaynar xətt"inə, istərsə də digər aidiyyəti qurumlara etdiyi müraciətlərlə əlaqədar verilən cavablarda mövcud "Poçt qaydaları"nın 465.5-ci bəndini əsas gətirərək, məktubun geri qaytarılmasını bildirirlər.

Sitat: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətindən: "Daşkəsən şəhəri, 20 yanvar küçəsi, bina 2, mənzil 1 ünvanında yaşayan Elşad Qafarova!

Sizin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ünvanladığınız 20.07.12 tarixli müraciətiniz "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən araşdırılmışdır.

Araşdırma ilə əlaqədar bildiririk ki, mövcud "Poçt Qaydaları"nın 467.5 bəndinə əsasən ünvan sahibi vəfat etdikdə ona verilməmiş poçt göndərişləri təyinat müəssisələri tərəfindən bu göndərişlərin üzərində göstərilmiş geri ünvanlara qaytarılır. Bu baxımdan, atanız Məmməd Niftalı oğlu Qafarov rəhmətə getdiyi üçün onun adına ünvanlanan poçt göndərişlərinin geri qaytarılması qanunauyğundur".

***

Yenə də "Azərpoçt" MMC-dən: "Daşkəsən şəhəri, 20 yanvar küçəsi, bina 2, mənzil 1 ünvanında yaşayan Elşad Qafarova!
Sizin "Qaynar xətt" vasitəsilə RİTN-ə etmiş olduğunuz müraciət "Azərpoçt" MMC-nin mütəxəssisləri tərəfindən araşdırılmışdır.

Araşdırma ilə əlaqədar bildiririk ki, mövcud "Poçt Qaydaları"nın 467.5 bəndinə əsasən ünvan sahibi vəfat etdikdə ona verilməmiş poçt göndərişləri təyinat müəssisələri tərəfindən bu göndərişlərin üzərində göstərilmiş geri ünvanlara qaytarılmalıdır.

Bu baxımdan, atanız Məmməd Niftalı oğlu Qafarov rəhmətə getdiyi üçün onun adına ünvanlanan poçt göndərişlərinin geri qaytarılması qanunauyğundur. Əgər siz həmin göndərişləri almaq istəyirsinizsə, müvafiq məhkəmə orqanlarına və ya qurumlara atanızın vəfat etməsini bildirə bilərsiniz və ona ünvanlanan göndərişləri ailədə vərəsələrdən birinin adına ünvanlandıra bilərsiniz".

Yaxud, Daşkəsən Poçt Filialından: "Daşkəsən rayonu, 20 Yanvar küçəsi, bina 2, mənzl 1-də yaşayan Qafarov Elşad Məmməd oğluna!

Daşkəsən Poçt Filialı sizin 07.04.2012-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, 06.04.2012-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsindən mərhum atanız Qafarov Məmməd Niftalı oğluna ünvanlanmış məhkəmə məktubu atanız vəfat etdiyi üçün 07.04.2012-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. 06.04,2012-ci il tarixdə Poçt Filialında mənim qəbulumda olduğunuz zaman məktubun geri qaytarılma səbəbi sizə izah edilmişdir. Bir daha yazaraq sizə bildiririk ki, Poçt Rabitəsi Qaydalarının 79-cu, 183-cü, 184-cü maddələrinə, eləcə də "Azərpoçt" MMC-nin müvafiq təlimatına əsasən məhkəmə göndərişləri və va məhkəmə çağırışları ancaq vətəndaşların özünə çatdırımalıdır. Atanızın vərəsəsi kimi məktubun sizə verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib, məktubu sizin adınıza ünvanlanmasını tələb edə bilərsiniz.

R.İbrahimov, poçt əməliyyatları üzrə mühəndis".

***

Ancaq bunlarla razılaşmayan Səmərqənd Qafarova xahiş edir ki, onun şikayətini aidiyyəti qurumların diqqətinə çatdıraq və kimin haqlı, kimin haqsız olduğu müəyyən olunsun. \ Tezadlar \

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt