Əsas Səhifə > Güney Press, Araşdırma > “AZADLIQ” QƏZETİ NƏŞRİNİ DAYANDIRA BİLƏR

“AZADLIQ” QƏZETİ NƏŞRİNİ DAYANDIRA BİLƏR


31-08-2012, 14:14
“AZADLIQ” QƏZETİ NƏŞRİNİ DAYANDIRA BİLƏR

REDAKSİYA BÖHRAN İÇİNDƏ

“Azadlıq” qəzeti sentyabrın 3-nə kimi “Azərbaycan” nəşriyyatına borcunu ödəməsə qəzetin fəaliyyəti dayana bilər. Bu haqda Turan-a qəzetin redaktoru Rahim Hacıyev bildirib.

Onun sözlərinə görə, qəzetin nəşriyyata 14 min manat həcmində çap xərcləri, 11 min manat həcmində isə kommunal borcu var. Redaktor belə durumun yaranmasına əsas səbəb kimi “Qasid” mətbuat yayım firmasının qəzetə olan 28 min manat maliyyə vəsaitini ödəyə bilməməsidir. Bununla bağlı qəzet rəhbərliyi firma ilə dəfələrlə danışıqlar aparsa da danışıqlar nəticəsiz qalıb. Belə ki, son vaxtlar “Qasid” mətbuat yayım firmasının köşklərinin çoxu yığışdırıldığından firmada ağır maliyyə vəziyyəti yaranıb.

R.Hacıyev mətbuat yayım sisteminin dağıdıldığını, “Qasid” firması köşklərinin yerinə qoyulan “Press köşk”lərin qəzet satışında maraqlı olmadığını xüsusi vurğulayıb. Onun fikrincə, mətbuat yayım sisteminin belə dağıdılması iqtidarın bu sahədə atdığı addımların nəticəsidir. Rəsmi qurumların səyyar qəzet yayımına icazə vermədiyini deyən redaktor iqtidarın bu qanunsuzluğu səyyar yayımçıların “nəqliyyatın hərəkətinə mane olması” kimi cəfəngiyyatla əsaslandırmağa çalışdıqlarını söyləyib.

“Mətbuat yayım sistemi düşünülmüş şəkildə sıradan çıxarılır, tirajları, yayımı “Azadlıq” qəzetilə müqayisəyə gəlməz dərəcədə az olan qəzetlərə reklam verilir. bizim qəzetə isə reklam qadağası qoyuluib”, - R.Hacıyev qəzet ətrafında durumun mürəkkəbliyini yada salıb. Redaktor iqtidarın mətbuat yayımına ancaq problem yaratdığını nəzərə çatdırıb.

O, qəzetin mövcudluğunun sırf satışından asılı olduğunu, satışa ciddi problemin yaradıldığını qeyd edərək başqa çıxış yolunun olmadığını söyləyib. “Biz müəyyən cəhdlər edirik, amma onun təsirli olacağına inamım cox azdır”, - R.Hacıyev vurğulayıb.

Geri qayıt