Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OBAMADAN RAMİL SƏFƏROVUN ƏFVİNƏ MƏNFİ REAKSİYA
OBAMADAN RAMİL SƏFƏROVUN ƏFVİNƏ MƏNFİ REAKSİYA1-09-2012, 11:28 |
ABŞ-DAKILAR NARAHATDIR ABŞ Prezidenti Barak Obama əvvəllər Macarıstanda həbs edilən Azərbaycan zabiti Ramil Səfərovun əfv edilməsi faktına görə "dərin narahatlığını" bildirib. Bu barədə Trend Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verir. Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Ramil Səfərovun əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin. Sərəncam imzalandığı gündən (31 avqust) qüvvəyə minib. Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. "Ramil Səfərov Ermənistanın işğalı altında olan Cəbrayıl rayonundandır. Məcburi köçkün həyatı yaşamışdır. Bir çox yaxınlarını itirmişdir və bu faciələr onun gözü qarşısında cərəyan etmişdir. Onun uşaqlıq yaddaşına həkk olunmuşdur. Azərbaycan Ordusunun zabiti kimi NATO tədbirlərinə qatılanda isə erməni zabitlərin ona qarşı daimi provokasiyaları, Azərbaycan bayrağını və xalqını təhqir etməsi nəticəsində uşaqlığında bütün bu faciələri yaşamış bir insanın emosional vəziyyətini təsəvvür etmək olar" , - Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bir müddət əvvəl bildirmişdi. Ələsgərov həmçinin qeyd etmişdir ki, Ramil Səfərovun vəkilləri məhkəmə prosesi zamanı onun müdafiə hüququnun pozulması ilə bağlı dəfələrlə vəsatətlər vermişlər. Belə ki, istintaq zamanı ondan ifadələr yaxşı bilmədiyi rus dilində alınmış, ilkin dindirmə zamanı vəkillə təmin edilməmiş, ittiham aktı isə türk dilində təqdim edilmişdir. Vəkillər digər ciddi prosessual pozuntularla bağlı şikayət və vəsatətlər də vermişlər. Fuad Ələsgərovun sözlərinə görə, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə bilər, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Tərəflər 1994-cü ildə atəşkəs rejimi elan ediblər və bu günə kimi aralarında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu çərçivəsində uğursuz sülh danışıqları aparılır. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən zəbt olunmuş ərazilərin azad olunmasına dair qəbul edilmiş dörd qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Geri qayıt |