Əsas Səhifə > Partiya > SABİRABADDA MİTİNQ GÖZLƏNİLİR
SABİRABADDA MİTİNQ GÖZLƏNİLİR1-09-2012, 12:53 |
MÜXALİFƏT İCRA BAŞÇISINA VAXT VERDİ Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayonundakı büstünün götürüldüyü barədə məlumat vermişdik. Büst Sabirabad Rayon Icra Hakimiyyətinin binası qarşısında idi və ora 92-ci ildə AXC hakimiyyəti zamanı qoyulmuşdu. Bir neçə ay idi ki, ərazidə təmir-tikinti işləri aparılır, elə o vaxtdan da Rəsulzadənin büstünün götürüləcəyi haqda məlumatlar yayılırdı. Rayon sakinləri büstün hara aparıldığını bilməsələr də, olayı narazılıqla qarşılayıblar. Sakinlərin sözlərinə görə, ərazi hasara alınıb və ora heç kim buraxılmır. Camaatın büstün götürülməsinə etiraz olaraq aksiya keçirəcəyindən ehtiyat edərək ərazini polis nəzarətinə götürüblər. Dünən AXCP və Müsavatın Sabirabad rayon təşkilatları məsələ ilə bağlı icra hakimiyyətinə rəsmi müraciət ünvanlayıblar. Onlar büstün götürülmə səbəbinin onlara bildirilməsini, təmirdən sonra yerinə qaytarılmayacağı təqdirdə isə etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər. Dünən gün ərzində Sabirabad Icra Hakimiyyətinin rəsmiləri ilə telefon əlaqəsi saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Sabirabaddan olan keçmiş millət vəkili Pənah Hüseyn deyir ki, qeyri-rəsmi məlumatlara görə, büstün götürülməsini icra hakimiyyətinin qarşısındakı meydanda aparılan təmir işləri ilə əlaqələndirirlər: “Lakin ciddi narahatlıq var ki, təmir işləri başa çatdıqdan sonra büstü yerinə qaytarmayacaqlar. Həm indiki, həm də bundan əvvəlki icra başçısının dövründə Rəsulzadənin büstünün götürülməsinə cəhd edilmişdi. Səhv etmirəmsə, bu, Rəsulzadənin rəsmi qurumların qarşısındakı yeganə büstü idi. Rəsulzadənin ad günündə və Respublika Günündə müxalifət fəalları o büstün qarşısına yığışır və güllər qoyurdular. Hazırda rayonda ciddi narazılıq yaranıb. Əlaqə saxladığım ictimai-siyasi fəallar məsələ ilə bağlı rayon rəhbərliyinə müraciət etdiklərini, lakin hələlik bir cavab ala bilmədiklərini bildirirlər”. P.Hüseyn bildirir ki, büstünü götürməklə Rəsulzadəni insanların qəlbindən çıxara bilməyəcəklər: “Baş verən olay bu hakimiyyətin Rəsulzadə irsinə, onun xatirəsinə olan münasibətin göstəricisidir. Amma şübhəsiz ki, büstünü götürməklə onu milyonlarla insanın qəlbindən, şüurundan çıxara bilməyəcəklər”. \ Azadlıq \ Geri qayıt |