Əsas Səhifə > Partiya > YENİ MÜXALİFƏT İTTİFAQI

YENİ MÜXALİFƏT İTTİFAQI


5-09-2012, 16:29
YENİ MÜXALİFƏT İTTİFAQI

DEMOKRATİK QÜVVƏLƏRİN MƏŞVƏRƏT MƏCLİSİ TƏQDİM OLUNDU

Müxalifət qüvvələrinin yeni birliyi – Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) çərşənbə günü RATİ-də birliyin yaranması ilə bağlı təqdimat mərasimi keçirib.

Birliyin yaranması ilə bağlı imzalanma mərasimi olub. 12 partiya birliyə üzv olmaq üçün Əsasnaməni imzalayıb, 1 partiya isə quruma məşvərətçi statusla daxil olub. Adı çəkilməyən daha 3 partiyanın Əsasnamə ilə tanış olduqdan sonra qərar verəcəyi söylənilib.

Birliyin Əsasnaməsinə görə, qurum demokratik seçki mühitinin yaranması, demokratik seçkilərin keçirilməsi və hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi uğrunda mübarizə aparır. Partiyalar hələlik uzlaşa bildikləri çərçivədə əməkdaşlıq etməyə üstünlük verirlər. Amma gələcəkdə əməkdaşlığı dərinləşdirməyi də nəzərdə tuturlar. Quruma rəhbərliyi quruma üzv partiya sədrləri əlifba sırası ilə həyata keçirirlər. Quruma üzvlük Əsasnaməni qəbul etməklə, qurumdan çıxmaq isə sadəcə qurum üzvlərini məlumatlandırmaqla yetərli sayılır. Birliyin qərarları üzv üçün tövsiyə xarakterlidir.

İmzalanma mərasimindən sonra çıxış edən Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəy yeni birliyi “müxalifətin yeganə güc birliyi” kimi dəyərləndirib. Hətta 2013-cü ildə hakimiyyətə gəlmək niyyətləri olduğunu bəyan edib. Amma partiya sədrinin bu fikri bir neçə partiya sədri tərəfindən dərhal təkziblə qarşılanıb. Bəzi partiya sədrləri digər müxalifət birliklərinin olduğunu vurğulayıb, bu birliklərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. DQMM-nin siyasi və ya seçki bloku olmadığını deyərək, yalnız məşvərət xarakterli qurum olduğunu xüsusi nəzərə çatdırıblar.

Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə birliyin əsas məqsədinin müxalifət qüvvələrinin geniş formatlı birliyinə nail olmaq olduğunu söyləyib. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər yeni birliyi ciddi birlik kimi xarakterizə edib, ölkədə demokratik dəyişikliyə nail ola bilmək üçün müxalifət qüvvələrini birləşdirməyi nəzərdə tutaraq xalq hərəkatı yaradılmasını hədəf seçdiklərini söyləyib. Yaşıllar Partiyasının sədri Ş.Ulubəyin qurumun hakimiyyətə gəlməsi niyyəti barədə dediklərini “Ulubəyin şəxsi fikri” adlandıraraq, təkzib verib. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev partiyaların bu birliyi yaratmasını “dəyişikliyə nail olmaq üçün ayrı-ayrılıqda partiyaların gücü olmaması”nın nəticəsi hesab edib. “Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli qurumun yaranmasını dağınıq olan müxalifətin birliyi yönündə səy kimi qiymətləndirib.

Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bu yaxınlarda “news.tv” internet televiziyasının işə düşməsilə qurumun fəaliyyətinin geniş işıqlandırılacağını qeyd edib.

Aydınlar (sədr Qulamhüseyn Əlibəyli), Açıq Cəmiyyət (sədr Sülhəddin Əkbər), Azadlıq (sədr Əhməd Oruc), Azad Azərbaycan (sədr Həsən Həsənov), Böyük Azərbaycan (Elşad Musayev), Dünyəvi Bozqurd (Şakir Ulubəy), İslam Demokrat (Tahir Abbaslı), Klassik Xalq Cəbhəsi (sədr Mirmahmud Mirəlioğlu), Liberal (Əvəz Temirxan), Liberal Demokrat (sədr Fuad Əliyev), Milli İstiqlal (sədr Yusif Bağırzadə), Yaşıllar (Mais Güləliyev) partiyaları quruma üzv olublar. Demokrat partiyası (sədr Sərdar Cəlaloğlu) qurumda məşvərətçi səslə təmsil olunur.

Geri qayıt