Əsas Səhifə > Güney Press, Araşdırma > KASIB HARA, UŞAQ OXUTMAQ HARA…

KASIB HARA, UŞAQ OXUTMAQ HARA…


6-09-2012, 12:42
KASIB HARA, UŞAQ OXUTMAQ HARA…

BİR UŞAĞI MƏKTƏBƏ GÖNDƏRMƏK NEÇƏYƏ BAŞA GƏLİR?

-Ana mən rəngli, bəzəkli çantanı, böyük karandaş qutusunu istəyirəm.
-Ay bala axı onlar çox bahadır. Onları almağa mənim pulum çatmaz. Hələ bacına da məktəb ləvazimatları alasıyıq.

Bu dialoqu məktəb ləvazimatı satılan mağazalardan birində eşitdim. Aşağı sinif şagirdi ağlaya- ağlaya anasının onun üçün əlindəki pula uyğun seçdiyi ləvazimatları deyil, qiyməti daha baha, qutusu bəzəkli məktəb ləvazimatlarını istəyirdi.

Dərs ilinin həyəcanı paytaxtdakı dükan bazarlarda artıq hiss edilir. ANS PRESS yeni tədris ili ərəfəsində məktəbə hazırlığın necəyə başa gəldiyini araşdırıb.

İlk öncə qeyd edək ki, yeni tədris ilində 1 milyon 304 min 687 nəfər şagird təlim-tərbiyə alacaq ki, onların 130 min 454-ü I siniflərin payına düşür.

Düzdür şagirdlərə dərsliklər Təhsil Nazirliyi tərəfindən pulsuz paylansa da, digər vəsaitlər əməlli-başlı xərc tələb edir. Satıcıların sözlərinə görə, bir uşağı məktəbə hazırlamaq üçün məktəbli forması istisna olmaqla orta hesabla 40-50 manat pul tələb olunur.

Bəzi valideynlər məktəb ləvazimatlarının qiymətində artım olduğunu desə də, satıcılar bunlarla razılaşmır. Müşahidə apardığımız bəzi obyeklərdə də yerindən asılı olaraq mağazalarda qiymət artımı hiss edilirdi.

Bakının dərs ləvazimatları mağazalarındakı orta qiymətləri sizə təqdim edirik:

12 vərəqli dəftər 10-15 qəpik, 20 vərəqli dəfər 25 qəpik, 40 vərəqli dəftər 30, 60 vərəqli dəftər 40, 100 vərəqli dəftər isə isə 50-60 qəpik, qələm 20 qəpikdən 1 manata kimi, rəsm və ya rəsmxət dəftəri 2-5 manat, pozan 40-70 qəpik, xətkeş 50 qəpik-3 manat, karandaş 2-7 manat, flomaster 2-5 manat, çanta 15-20 manatdır.

Bu siyahıya su, qələm qabı və adıçəkilməyən başqa əşyaları da əlavə etsək ümumi vəsait 40-42 manatı keçir.

Valideynlər üçün uşaqlarının yeni tədris ilinə hazırlamaq üçün əsas xərc tələb edən nüanslardan biri də formadır. Bakı Tikiş Evindən ANS PRESS-ə verilən məlumata görə, komplekt geyimlərin qiyməti 40-55 manat arası dəyişir. İbtidai siniflər üçün 4 geyimdən – şalvar və ya ətək, pencək, köynək və jiletdən ibarət dəst 40, ancaq pencək şalvar və ya ətəkdən ibarət dəst 30 (böyük ölçülü ibtidai sinif şagirdləri üçün 45-35 manat) manatdır. Yuxarı sinif şagirdləri üçün isə ölçüsündən asılı olaraq 4-lü dəstin qiyməti 53-55 manat, iki hissəli geyimin qiyməti isə 40-42 manat arasında dəyişir.

Beləliklə, ilkin hesablama aparmaqla müəyyən etmək olar ki, uşağı məktəbə göndərmək üçün valideyn orta hesabla 90-100 manat xərcləməlidir. Ailədə bir yox bir neçə uşaq olsa bu rəqəm bir necə dəfə artır. Bütün bunları nəzərə alaraq valideynlərin nə səbəbə həyəcan keçirmələrinin səbəbini başa düşmək çətin deyil.

Geri qayıt