Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MACAR DEPUTATLARDAN İLGİNC JEST

MACAR DEPUTATLARDAN İLGİNC JEST


6-09-2012, 13:15
MACAR DEPUTATLARDAN İLGİNC JEST

ONLAR RAMİL SƏFƏROV MƏSƏLƏSİNDƏ BİZİMLƏ HƏMRƏYDİRLƏR

Macarıstan Parlamenti Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, Macarıstan Parlamentində Macar-Azərbaycan dostluq qrupunun həmsədri Marton Gyongyosi (Marton Dyondoşi) və Yobbik Partiyasının Parlamentdəki üzvü Tamas Hegedus (Tamaş Heqeduş) Azərbaycanın Budapeştdəki səfirliyinə gələrək, səfir Vilayət Quliyevlə görüşüblər.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, macar millət vəkilləri, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana qaytarılması və hadisələrin sonrakı gedişi ətrafında yaranan müzakirələrlə bağlı fikir mübadiləsi aparıb, Azərbaycana dəstəklərini ifadə ediblər.

M. Gyongyosi qeyd edib ki, ekstradisiya məsələsi ilə bağlı sentyabrın 4-də keçirilən mitinqdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından və erməni zabit Qurqen Markaryanın öldürülməsinin həqiqi səbəblərindən xəbərsizdir: “Siyasi partiya rəhbərləri belə tədbirlərdən sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışırlar”.

O, indiyə qədər Macarıstanın bir sıra qəzetlərinə və elektron mediaya çoxsaylı müsahibələr verərək məsələnin həqiqi mahiyyətini aydınlaşdırmağa çalışdığını bildirib.

Söhbət zamanı iki ölkə arasında mövcud yaxınlaşmanın bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün imkan yaratmasına təsiri də qeyd edilib.

Geri qayıt