Əsas Səhifə > Sosial, Manşet > ELDAR ƏZİZOV BU YAZIMIZA DA GÜLƏ BİLƏCƏKMİ?

ELDAR ƏZİZOV BU YAZIMIZA DA GÜLƏ BİLƏCƏKMİ?


7-09-2012, 13:02
ELDAR ƏZİZOV BU YAZIMIZA DA GÜLƏ BİLƏCƏKMİ?

SUMQAYITIN İCRA BAŞÇISININ ÜSTÜNDƏN NİYƏ XƏTT ÇƏKİBLƏR?

DİA.AZ: - Bu günlərdə mətbuata açıqlama verərək barəsində yazılan yazılara güldüyünü söyləyən Sumqayıtın icra başçısı Eldar Əzizovun bu jesti əslində ilk andanca hər kəsə tanış gəldi. Bəli, mətbuatda yazılanlara güldüyünü ilk dəfə olaraq o zamankı Dövlət Gömrük Komitəsinin sədri, indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirmişdi.

Həmin dönəmdə Fərhad Əliyev də iqtisadi inkişaf naziri idi və qəzetlər bu iki məmurun arasındakı ədavətdən yazırdı. Bu məsələyə reaksiya verən Kəmaləddin Heydərov yazılanların həqiqət olmadığını belə sübuta yetirmişdi: «Biz Fərhad Əliyevlə bu yazıları oxuyuruq və gülürük». Doğrudur, Kəmaləddin Heydərovun söylədiklərini Fərhad Əliyev təsdiqləməmişdi və ona görə də getdi. Yəni bu ölkədə yumor hissi olmayan məmurun yerinin həbsxana olduğu məlum oldu. Və deyəsən, Kəmaləddin Heydərovun yerişini yeriməyə çalışan Eldar Əzizov da məhz onun aqibətinə iddialıdır, Fərhad Əliyevin yox…

Amma hər bir məmur bilməlidir ki, yazılanlara gülmək yox, yazılanları nəzərə alıb, qaldırılan problemləri həll etmək lazımdır və onların «gülürük» deməsi də xalqın problemlərinə ələ salaraq yanaşmaları kimi qəbul olunur.

Amma deyəsən, Eldar Əzizov çox gülə bilməyəcək və yaxud da axırıncı gülən olmayacaq. Çünki onun gülüşündə bir saxtakarlıq elementi aşkarlanıb. Hər halda, Sumqayıt şefinə qarşı hökumət içində yaranmış qəzəb belə deməyə əsas yaradır.

DİA.AZ-a bilgili qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, Sumqayıtın başçısına qarşı hakimiyyətin çox ciddi cinahlarından biri hərəkətə keçib: «Məsələ çox ciddidir və Eldar Əzizovu bitirmək istəyən qüvvəyə qarşı hətta digər qruplaşmalar, həmçinin Əzizovun himayədarları belə «dur» deyə biləcək səviyyədə deyillər».

Başçının qəzəb yaratmasına səbəb isə onun bu günlərdə buraxdığı yanlışın olduğu söylənilir: «Belə ki, prezident ailəsinə yaxın simalardan biri Sumqayıtda Xəzər dənizinin sahilindən böyük bir ərazini uzun illərdir ki, zəbt edib. Sahildə «islahatlar» aparan başçı nəhayətdə həmin ərazilərə də yetişib. Və ərazinin kimə məxsus olduğunu bildiyi təqdirdə, çoxdandır hasarlanmış vəziyyətdə qalan ərazinin hasarlarının sökülməsi barədə göstəriş verib. Və bununla da öz başına iş açıb».

Mənbəmiz bildirdi ki, Eldar Əzizov bu hərəkətini sonradan malalamağa çalışsa da, bütün cəhdləri uğursuz alınıb.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt