Əsas Səhifə > Partiya > ELÇİBƏYİN AİLƏSİ DAHA AZ PUL ALACAQ

ELÇİBƏYİN AİLƏSİ DAHA AZ PUL ALACAQ


7-09-2012, 13:46
ELÇİBƏYİN AİLƏSİ DAHA AZ PUL ALACAQ

AYAZ MÜTƏLLİBOVA VERİLƏN PENSİYANIN YARISI QƏDƏR

Eks-prezidetlər haqqındakı qanunun müddəaları belə deməyə əsas verir

Azərbaycanda sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanununun təsdiqlənməsindən bir neçə ay keçir. Hələlik qanunun imtiyazlarından yalnız keçmiş prezident Ayaz Mütəllibov istifadə edə bilir, mərhum eks-dövlət başçısı Əbülfəz Elçibəyin ailəsi üçün isə qanunun icrası ləngiyir.

Qanuna görə, keçmiş prezidentə, habelə onun vəfatından sonra ailəsinə müxtəlif təminatlar verilir. Bu təminatlardan biri də keçmiş prezidentə və ya vəfat edibsə ailəsinə aylıq pensiyanın verilməsidir.

Modern.az saytının araşdırmasına görə, bu qanunun müddəalarına uyğun olaraq, Ayaz Mütəllibovla Əbülfəz Elçibəyin ailəsinə veriləcək aylıq pensiya ayrı-ayrı məbləğlərdədir.

Belə ki, qanunun 2-ci maddəsinə görə, “Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır”.

Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir.

Beləliklə, Ayaz Mütəllibov sağdır, Əbülfəz Elçibəy isə dünyasını dəyişib. Eks-prezidentlər haqqındakı qanuna görə, Mütəllibov Azərbaycan Prezidentinin aylıq maaşının 50 faizi, Elçibəyin ailəsi isə Mütəllibovun aldığı pensiyanın 50 faizi məbləğində müavinət almalıdır.

Hazırda Azərbaycan Prezidentinin maaşı təxminən 15 000 manatdır. Azərbaycan Prezidenti İlham Əliyev öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan Prezidentinin «minimum əmək haqqının 600 misli» qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 000 manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Bu isə onu deməyə əsas verir ki, keçmiş prezidentə və ya onun vəfatından sonra ailəsinə veriləcək aylıq pensiyanın məbləğini hesablamaq çətin deyil.

Deməli Ayaz Mütəllibov təxminən 7500 manat edəcək (ölkə prezidentinin maaşının 50 faizi qədər) aylıq müavinət alır (Qanun onun üçün artıq icra olunur-red.).

Elçibəy ailəsi isə 3750 manat (Mütəllibovun pensiyasının 50 faizi qədər) aylıq müavinət alacaq (Qanun bu ailə üçün hələ icraya yönəldilməyib).

Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev. Nəzərə alsaq ki, mərhum eks-prezident Heydər Əliyevin özü və həyat yoldaşı sağ deyil, oğlu isə hazırki dövlət başçısıdır onda belə demək olar ki, eks-prezidentlərə dair qanunun verdiyi təminatlardan daha çox hazırda həyatda olan Ayaz Mütəllibov və mərhum dövlət başçısı Əbülfəz Elçibəyin ailəsi faydalanacaq.

Geri qayıt