Əsas Səhifə > Siyasət, Manşet > ELDAR ƏZİZOV NAZİRLƏRƏ QARŞI

ELDAR ƏZİZOV NAZİRLƏRƏ QARŞI


31-10-2011, 12:32
ELDAR ƏZİZOV NAZİRLƏRƏ QARŞI

İCRA BAŞÇISI VERGİLƏR NAZİRİNİN ADAMINI "BİTİRMƏK" İSTƏYİR

DİA.AZ: - Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov sözün həqiqi mənasında yüksək sürət götürüb. Təyinatı gerçəkləşəndən az sonra Sumqayıta yeni qaydalar gətirən E.Əzizov, "gənclik şəhəri"ndə "qanunsuz tikili" adı ilə böyük söküntü kampaniyasına start verib. Onun Sumqayıta gətirdiyi və əksəriyyəti yerli əhalinin narazılığı ilə qarşılanan başqa "yenilikləri" də var.

Amma biz indi bunlardan deyil, tamam başqa bir məqamdan bəhs etmək fikrindəyik. Belə ki, yeni icra başçısının davranışlarından onun özünə hədsiz əmin olması və hakimiyyətin yüksək çinli məmurları, oliqarxları ilə "kəllə-kəlləyə" gələcək qədər irəli getməsi aydın görünür. Belə hiss olunur ki, Eldar Əzizov artıq özünü yetərincə güclü fiqur kimi hiss etməyə başlayıb və hakimiyyətin daxilində ciddi mövqe sahibi olan iri vəzifəlilərin belə, qarşısında güc nümayiş etdirməkdən çəkinmir.

Dediklərimizi dünən etibarlı qaynaqlardan “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan bir bilgi də təsdiqləyir. Həmin bilgidə Eldar Əzizovun Vergilər Nazirliyi 2 saylı Sumqayıt şəhər Vergilər Departamentinin rəisi İlqar Əhmədovla konfliktə başladığı vurğulanır. Cənab Əzizov İlqar Əhmədovun "vurulması"na çalışır. Bir neçə gün əvvəl yeni icra başçısı bununla bağlı Vergilər Nazirliyinə təqdimat da göndərib. E.Əzizov İlqar Əhmədovla işləmək istəməməsini Sumqayıta təyinat aldıqdan bir müddət sonra şəhər sahibkarları ilə görüşündə 2 saylı Vergilər Departamentinin fəaliyyətindən ciddi narazılığın olması ilə əsaslandırıb. Belə ki, Sumqayıtın orta və kiçik bizneslə məşğul olan iş adamları sözügedən departamentin onların fəaliyyətinə qanunsuz müdaxilələrindən bezdiklərini və yeni icra başçısından bu məsələyə bir əncam çəkməsini istəyiblər.

Eldar Əzizov da onların tələbini əsas götürərək, İlqar Əhmədovun görəvindən uzaqlaşdırılmasında israrlıdır. Doğrudur, Sumqayıtın iri biznesmenləri departamenrt rəisinə qarşı açıq narazılıqlarını bildirməyiblər. Bu isə heç də onların İlqar Əhmədovdan yerdən-göyədək razı qalmaları ilə bağlı deyil. Söhbət həmin biznesmenlərin vergilər naziri Fazil Məmmədova yaxınlığı ilə seçilən departament rəisinin qəzəbinə gəlmək istəmələri ilə bağlıdır.

Onu da deyək ki, departament rəisi E.Əzizovun iradları ilə razı deyil, o bu posta bir neçə aydır təyin edildiyini və narazılıqların əvvəlki dövrlə bağlı olduğunu diqqətə çatdırsa da, icra başçısı bununla razılaşmayıb və əvvəlki mövqeyində israr edib.

Maraqlıdır ki, Sumqayıtın yeni icra başçısı Eldar Əzizov da İlqar Əhmədovun fazil Məmmədovun kadrı olduğundan məlumatlıdır, amma bununla belə, o, departament rəisinin vəzifəsinə xitam verdirməkdə təkid edir. Məlumatı verən qaynağımızın deməsinə görə, İlqar Əhmədov vaxtilə Vergilər Nazirliyində çalışıb. Bundan bir qədər sonra o, Fazil Məmmədovun göstərişi ilə Şəmkirə - ərazi vergi idarəsinə rəis müavini göndərilib. Nəzərə alsaq ki, Şəmkir birbaşa vergilər nazirinin kurasiyasında olan bir rayondur, o zaman Fazil Məmmədovun belə bir təyinata yol açmasını onun İ.Əhmədova nə qədər etimad göstərdiyinin isbatı kimi dəyərləndirmək mümkündür. İlqar Əhmədovun daha sonra Sumqayıt şəhər 2 saylı Vergilər Departamentinin rəisi kimi ciddi bir görəvə irəli çəkilməsi də onun vergilər nazirinin yaxın kadrı kimi qiymətləndirilməsini labüd edir.

İndi bütün bunlardan yaxşı xəbərdar olduğu halda Eldar Əzizovun İlqar Əhmədovla konfliktə girməsi və onun Sumqayıtdakı karyerasının sonuna çıxmaq istəməsi əslində vergilər nazirinin iradəsinə qarşı da açılmış savaş sayıla bilər. E.Əzizovun F.Məmmədov kimi oliqarxla "kəllə-kəlləyə" gəlməyə yetəcək qədər cəsarəti haradan aldığı isə əlbəttə, çox maraqlıdır.


Geri qayıt