Əsas Səhifə > Partiya > MÜXALİFƏTDAXİLİ İTTİHAMLAR
MÜXALİFƏTDAXİLİ İTTİHAMLAR31-10-2011, 13:21 |
“5-LƏR” NİYƏ “7-LƏR”Ə ÇEVRİLƏ BİLMİR? Azərbaycan müxalifətinin blok yaratmaq üçün müzakirələr aparan beş partiyanın nəticə əldə edə bilməməsinin səbəbi bəlli olub. "Hər bir partiyanın birlikdən danışarkən demədikləri, mətbuata açıqlamadıqları niyyətləri var. Bizim fikrimizcə, müxalifətin birliyinin nüvəsində 7 partiya dayanmalıdır. Bəzi partiyalar isə birliyin məhz onların ətrafında formalaşmasını istəyirlər. Ona görə də müzakirələr nəticə vermir", - bazar ertəsi Trend-ə müxalif Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib. O, "beşlər"in müzakirələrinin yaxın zamanlarda yekunlaşacağına ümid etdiyini deyib. "Beşlər"in müzakirələrində fasilə yarandığını bildirən ALP sədri, rəhbərlik etdiyi partiya tərəfindən irəli sürülən təkliflərdən də söz açıb. "Bizim təkliflərimiz ondan ibarətdir ki, beş partiya bir araya gəlsin, sonra birləşməsi mümkün olan digər ictimai və siyasi qüvvələrlə də əməkdaşlıq edilsin. Daha sonra İctimai Palatada təmsil olunan partiyalar da bu birliyə qoşulsun və nüvəsində 7 partiya dayanan xalq hərəkatı formalaşsın", - Temirxan əlavə edib. O, hesab edir ki, yeni yaradılacaq hərəkatın tərkibində "kölgə parlamenti" yaratmaq da mümkün ola birlər. ALP sədri bildirib ki, "Kölgə parlamenti"ndə 2010-cu ildə keçirilmiş parlament seçkilərində iştirak etmiş partiyaların nümayəndələri olmalıdır. Temirxanın sözlərinə görə, parlament seçkilərində iştirak etməmiş partiyalar həmin parlamentdə müşahidəçi statusuna sahib ola bilərlər. "Biz tanınmış ziyalıları, KİV və QHT nümayəndələrini də bu birliyə dəvət edərək cəmiyyətdə geniş bir koalisiya yaratmağı düşünürük", - ALP sədri qeyd edib. Azərbaycanın 5 müxalif partiyası - Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP), Demokrat (ADP), Ümid və Klassik Xalq Cəbhəsi (KXCP) partiyaları birlik yaratmaq üçün bir neçə aydır ki, müzakirələr aparırlar. Bir neçə gün öncə VİP sədri Əli Əliyev və KXCP sədri Mirmahmud Mirəlioğlu müzakirələrin sonsuza qədər davam edə bilməyəcəyi barədə bəyanat veriblər. Geri qayıt |