Əsas Səhifə > Sosial, Manşet > BƏYLƏR ƏYYUBOVUN BİZNESİ TƏHLÜKƏDƏ
BƏYLƏR ƏYYUBOVUN BİZNESİ TƏHLÜKƏDƏ31-10-2011, 20:38 |
KİMLƏR AVTOMOBİL BAZARINA TAMAH SALIB? DİA.AZ: - Ötən günlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun paytaxtdakı biznesinin çökdürülməsi haqda məlumat vermişdik. Həmin yazıda eyni zamanda göstərmişdik ki, bir çox nazirliklər və komitə rəhbərlərinə qarşı tabesizlik göstərən, onların Muxtar Respublikada ölkə qanunvericiliyinə əsasən müəyyənləşmiş hüquqlarını tanımayan Naxçıvan xanına qarşı hökumət daxilində ciddi kolalisiya formalaşıb. Talıbova mənfi münasibətdəki ortaqlıqdan başqa heç bir siyasi mahiyyət kəsb etməyən bu koalisiyada İbrahimov qardaşlarının, Kəmaləddin Heydərov, Cahangir Hacıyev, Ziya Məmmədov və digərlərinin adı çəkilir. Bu sırada daha çox diqqət çəkən isə Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. Belə ki, Talıbovu öz komandasının üzvü kimi yetişdirən Əyyubov bu gün Naxçıvan xanının onun təsir dairəsindən çıxmasını və ümumiyyətlə, generalı qəbul etməməsini heç cür həzm edə bilmir. Buna görə də Talıbova qarşı ən aktiv şəxs məhz Əyyubov sayılır. Son baş verənlər isə Talıbovun da sakit durmadığı və imkan tapdıqca rəqiblərinə zərbə vurduğunu göstərir. Muxtar Respublikadan gələn son xəbərlər də bunu təsdiqləyir. Bir müddət öncə istehsal tarixi 2004-cü ilə qədər olan avtomobillərin xarici dövlətlərdən və paytaxt Bakıdan Naxçıvan Muxtar Respublikasına gətirilməsi qadağan edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həmin avtomobillər gömrükdən geri qaytarılır və ya Muxtar Respublika Dövlət Yol Polisi (DYP) tərəfindən onlara dövlət nömrə nişanı verilmir. Bu səbəbdən vətəndaşlar bir ay müddətində aldıqları avtomobili Muxtar Respublikadan çıxarmaq məcburiyyətində qalıblar. Naxçıvandakı mənbəmizin sözlərinə görə, Bakıdan, Türkiyədən və İrandan Naxçıvana gətirilən avtomobillərin Muxtar Respublika qeydiyyatına salınmasına problemlər yaradılır. DYP istehsal tarixi 2004-cü ilə qədər olan avtomobilləri qeydiyyata almaqdan imtina edir və bunun yuxarıdan, yəni Talıbov tərəfindən verilən göstəriş olduğunu bildirir. Maraqlıdır ki, bu məlumatları Naxçıvan MR DYP-si də təsdiqləyib. Məsələ ilə bağlı açıqlama verən DYP bildirib: "Köhnə avtomobillərin Muxtar Respublikada qeydiyyata alınmamasına səbəb həmin avtomobillərin ekologiyaya ziyan vurmasıdır. Naxçıvanın havası təmizdir. Bu cür avtomobillər havanı korlayır. Yuxarıdan tapşırıq var. Yaxşı olar ki, vətəndaşlar təzə avtomobil alsınlar". Kifayət qədər müəmmalı və izaholunmaz açıqlamadır. Çünki Naxçıvan MR Azərbaycan Respublikasının tərkib hissəsidir və burda əlahiddə qərarlar, qadağalar qəbul oluna bilməz. Azərbaycan qanunvericiliyinin heç bir maddəsində isə istehsal tarixi 2004-cü ilə qədər olan avtomobillərin sürülməsinə qadağa qoyulmayıb. Respublika ərazisində yalnız "Avro-2" standartlarının tətbiqi ilə bağlı müəyyən qaydalar qoyulub. "Avro-2" standartının tətbiqinə görə, Avropa İttifaqına daxil olan dövlətlərdən yalnız 1997-ci ildən, Amerikadan 1996, Yaponiyadan 1998, Çindən 2004, Koreyadan 2001, Rusiyadan 2006, İrandan isə 2009-cu il və ondan sonrakı illərdə istehsal olunan avtomobillərin Azərbaycana idxalına icazə verilir. Bu tarix həmin ölkələrin "Avro" standarta keçid ili ilə əlaqədardır. Onu da bildirək ki, Azərbaycana avtomobillər əsasən, 6 ölkədən idxal olunur. Bura Almaniya, Rusiya, Belarusiya, Yaponiya, Ukrayna və Koreya daxildir. Əgər beş il bundan əvvələ qədər bu bazarda Rusiya liderlik edirdisə, indi bu göstərici ildən-ilə aşağı düşür. Avtomobil həvəskarları daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verməyə başlayıb. Ölkəmizə Belarusiyadan yük maşınları, Koreyadan isə ictimai nəqliyyat vasitələri daha çox gətirilir. Lakin ötən il iyun ayına qədər idxal olunan avtomobillərin ili 1995-ci illərə qədər təşkil edirdisə, artıq son altı ayda 1998-ci ildən bəri istehsal olunan maşınlar onları əvəzləməyə başlayıb. Ekspertlərin fikrincə, Azərbaycana gətirilən avtomobillərin sayındakı azalmanın əsas səbəbi də, məhz ötən il ölkədə "Avro-2" standartlarının tətbiqi ilə bağlıdır. Amma yuxarıda da göstərildiyi kimi sözügedən standartlar Naxçıvandakı qadağalarla eyniyyat təşkil etmir. Diqqətlə, araşdırsaq görərik ki, Talıbovun qadağası daha çox Rusiya istehsalı olan maşınlara aiddir. Bu isə məhz Rusiya istehsalı olan avtomobillərin satışı ilə bağlı olan B.Əyyubovun biznesinə zərbə vuracaq. Çünki, Rusiyanın ən populyar avtomobil şirkətlərindən biri olan VAZ-ın Azərbaycandakı nümayəndəliyi məhz B.Əyyubovun nəzarəti altındadır. VAZ-ın ölkəmizdəki təmsilçisi olan "Xəzər-LADA" ASC-nin rəsmi rəhbəri prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olsa da, bütün maliyyə məsələlərini B.Əyyubovun yaxın adamı olan Haday adlı şəxs həyata keçirir. Generalla xanın münasibətlərinin isti vaxtlarında Naxçıvan Rusiya istehsallı avtomobillərin satışında əsas yerlərdən birini tuturdu. İndi isə Talıbovun qoyduğu qadağalar daha çox Rusiya istehsalı olan avtomobillərə şamil edildiyindən bunun Əyyubovun avtomobil biznesinə ciddi zərbə vuracağı şübhəsizdir. Eyni zamanda, təbii ki, bu avtomobillər üçün tələb olunan ehtiyyat hissələrinin də satışını xeyli sayda azaldacaq ki, bu sahə də generalın əlindədir. Bütün bunlar isə "Naxçıvan xanı" ilə B.Əyyubovun arasındakı gərginliyin pik nöqtəyə çatdığından xəbər verir. Geri qayıt |