Əsas Səhifə > Gündəm, Manşet > SƏHİYYƏ SİSTEMİNDƏ DƏRMAN SAVAŞI

SƏHİYYƏ SİSTEMİNDƏ DƏRMAN SAVAŞI


31-10-2011, 20:44
SƏHİYYƏ SİSTEMİNDƏ DƏRMAN SAVAŞI

OQTAY ŞİRƏLİYEV BÖYÜK GÜCLƏRLƏ BİZNES "RAZBORKA"SINDA

DİA.AZ: - Ölkədə aparılan antikorrupsiya tədbirləri və bir sıra kadr islahatları ən çox tənqidə məruz qalan səhiyyə sisteminin iç üzünü açmaqdadır. Uzun illər mətbuatın tənqid etdiyi bu sahədə son on ildə bir neçə dəfə kadr dəyişikliyi aparılsa da, təəssüflər olsun ki, uğurlar xəstəxanaların qapısından palatalara qədər edilən "hörmət"dən o tərəfə keçmədi. Əslində, xalqın səhiyyə sistemindəki islahatlardan sonra bu sahədə qanunsuzluqların aradan qaldırılacağına ümidi böyük idi. Çünki digər sektorlardan fərqli olaraq bu sahədə təkcə kiçik vəzifələrdə çalışan məmurlar deyil, həm də nazir dəyişikliyi olmuşdu.

Oqtay Şirəliyevin hələ də gizli qalan avtobioqrafiyası

Belə ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanov dövlət çevrilişində təqsirli bilinərək həbs olunmuş, yerinə hazırkı nazir - Oqtay Şirəliyev gətirilmişdi. Ancaq yeni nazirin (artıq altı ildir o, bu postdadır) avtobioqrafiyası bu günün özündə də ictimaiyyətə tam təfsilatı ilə aydın deyil. Bu barədə məlumat əldə etmək isə o qədər də asan deyil. Çünki Səhiyyə Nazirliyinin rəsmi saytında da onun haqqında heç bir məlumat yerləşdirilməyib. Bununla bağlı bir neçə mənbəyə baş vursaq da, nazirin tərcümeyi-halını tam öyrənə bilmədik. Odur ki, qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlarla kifayətlənməli olduq. Həmin məlumatlarda isə qeyd olunur ki, O.Şirəliyevin nəsli əslən Cənubi Azərbaycandan gəlmədir. Onun bu posta gətirilməsi isə həmişə sual doğurub. Qeyd edək ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovun həbsə alınmasından sonra respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsini tutan O.Şirəliyev üçün yüksəliş şansı yarandı. Beləliklə, o, bu şansdan yararlanmağı bacardı və sonda nazir kreslosunda otura bildi. Əldə etdiyimiz məlumata görə, səhiyyə sisteminin alternativsiz rəhbəri sayılan O.Şirəliyev heç bir oliqarx qruplaşmaya qoşulmur, başqalarına da öz biznes sahələrinə müdaxilə etməyə imkan vermir. Bu azmış kimi, bütün dövlət və özəl tibb ocaqlarına nəzarəti əlindən saxlayan səhiyyə şefi ayrı-ayrı məmurlara məxsus olan tibb müəssisələrini də sıradan çıxarmağı bacarıb. Məlumat üçün bildirək ki, onun nazir təyin olunmasına qədər bir çox məmurlar səhiyyə sisteminə də "əl tapmış" və paytaxtda bir neçə özəl klinikalar açdıra bilmişdilər. Onun inadlı mübarizəsindən sonra isə həmin klinikaların ya fəaliyyəti dayandırılmış, ya da onun üzərində sərəncam hüququ O.Şirəliyev ixtiyarına keçmişdir. Bunu nazirin digər oliqarxlar üzərində ilk qələbəsi kimi də qiymətləndirinlər.

Keyfiyyətsiz dərman preparatları və nazirin aptek siyasəti

Qeyd edək ki, O.Şirəliyev təkcə özəl klinikaları ram etmədi. Eyni zamanda o dərman preparatlarının idxalına nəzarəti və aptekləri də öz mütləq-hakimliyinin təsir dairəsinə çevirə bildi. Ölkədə nömrəli apteklər birmənalı olaraq Səhiyyə Nazirliyinin nəzarətinə keçdi. Bildirilir ki, Bakıda nömrəli apteklərin sayı 400-ə yaxındır. redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, bu apteklərin hər biri səhiyyə nazirinin işbirliyi qurduğu firmalardan dərman alırlar. "Əgər hansısa aptek o firmalardan dərman almasa, onun məsələsinə Səhiyyə Nazirliyi rəhbərliyi səviyyəsində baxılır. Aptekin taleyinə gəlincə isə, ən yaxşı halda onu qapadırlar" - deyə mənbə vurğulayır.

Qeyd edək ki, bir çox ölkələrin səhiyyə nazirlikləri ölkəyə Hindistan dərmanlarının idxalına qadağa qoyub. Uzağa getmək lazım deyil, elə qonşu Gürcüstanı buna misal çəkmək olar. Bu ölkədən gətirilən keyfiyyətsiz dərmanların genefonda ağır zərbə vurduğu bildirilir. Ancaq Oqtay Şirəliyevin əməkdaşlıq etdiyi firmalar daha çox Hindistan dərmaları idxal edirlər. Mənbə bildirir ki, təkcə Bakıda 10-a yaxın böyük dərman deposu var ki, bunların əksəriyyəti səhiyyə nazirinin nəzarətindədir. Onu da əlavə edək ki, Azərbaycanda qeydiyyatdan keçən dərmanların bir hissəsi də rusiya, Ukrayna, Almaniya, Polşa və digər Avropa ölkələrindən idxal olunur. Həmin dərmanların ölkəyə gətirilməsi işinə də nazirin şəxsən rəhbərlik etdiyi bildirilir. Əgər bir neçə il bundan əvvəl hansısa şəxslər və ya firmalar da xaricdən dərman gətirə bilirdilərsə, artıq bunun qarşısı alınıb. Etibarlı mənbələr bildirirlər ki, dərman biznesindən kifayət qədər böyük pullar qazanan nazirin digər böyük gəlir mənbələrindən biri də xəstəxanaların ərzaq təminatıdır. 2008-ci il fevralın 1-dən dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olması haqda sərəncamdan sonra bu sahəyə büdcədən ayırmalar kifayət qədər artmış və bu da öz növbəsində yeyintinin miqyasının böyüməsinə yol açmışdır. Bunu xəstəxanalarda da müşahidə etmək olur.

Aptek savaşının görünməyən tərəfləri

Ölkədə aparılan antikorrupsiya siyasəti bir çox iş adamlarının monopoliyalardan "qurtuluş savaşı" aparmasına şərait yaradıb. Ona görə də bir çoxları özəl bizneslərini istədikləri kimi idarə etməyə çalışırlar. Bu da indiyədək müəmmalı qalan mətləblərin görünməyən tərəflərini üzə çıxarır. Mənbə bildirir ki, bir çox aptek sahibləri də bu mübarizənin iştirakçısına çevrilib. Mənbələr bildirirlər ki, həmin şəxslər Oqtay Şirəliyevin apteklər üzərində nəzarətini zərərsizləşdirməyə çalışırlar, nəzarətdən çıxmağa can atırlar. Artıq bu barədə ölkə mətbuatında da silsilə yazılar dərc olunur. "Ölkədə aptek şəbəkəsi nəzarətdən çıxıb. Səhiyyə Nazirliyi nəzdində bir neçə dəstə apteklərə rəhbərlik edirlər. Dərman bazarında böyük xaos yaranıb. Apteklər müəyyən məmurların göstərişi ilə məcburi olaraq, onların firma, şirkət və depolarına təhkim olunmaqla dərmanlarını satmağa məcbur edilir. İmtina etdikdə müxtəlif təzyiqlərə məruz qalırlar, hətta aptekin bağlanması ilə hədələnirlər". Bu sözlər özünü əczaçı Ə. Kərimov kimi təqdim bir şəxsin mətbu orqanların birinə verdiyi açqlamada əks olunub. Əczaçı bildirir ki, "Avromed", "riyad-renta", "Riyad-Qafur", "Nur" və s. kimi şirkət və firmalar aptekləri öz nəzarətlərinə məcburi götürməklə böyük savaş meydanı açıblar. Mətbuatın yazığına görə, İnnovasiya və Təhcizat Birliyinin baş direktoru rüstəm rüstəmbəyov, Baş mühasibi Fuad Qəmbərli hər ay bütün aptek və dərman depolarından aylıq əlavə ödəniş alırlar. Onlar bunu nazirlikdən verilən göstəriş kimi təqdim edirlər. Mənbə bildirir ki, son günlər apteklərdə ümumiyyətlə təminat, təchizat, keyfiyyət, qiymət nəzarətdən çıxıb. Aptek və depo sahibləri bildirirlər ki, artıq Səhiyyə Nazirliyi xəstələrlə, onların sağlamlığı ilə məşğul olmalıdır. "Nazir Oqtay Şirəliyev bizə yox, xəstəxanalara göstəriş verə bilər" deyə vurğulayırlar. Bakı, Sumqayıt, Gəncə, Lənkəran ümumiyyətlə, respublikanın bütün bölgələrində olan aptek və xəstəxana rəhbərlərinin davranışları deyilənləri təsdiqləyir. Bu arada səhiyyə nazirilə bağlı daha maraqlı bir xəbər də yayıb. Bildirilir ki, Oqtay Şirəliyev ən total mahiyyət kəsb edən dəyişikliklərə getmək niyyətindədir. Mənbənin bildirdiyinə görə, səhiyyə sistemində adı ən çox korrupsiyada hallanan məmurlardan biri kimi təqdim olunan nazir müavini Elsevər Ağayev bu günlərdə vəzifəsindən azad edilə bilər.

Onu da deyək ki, Elsevər Ağayev Səhiyyə Nazirliyində Əli İnsanovdan qalan yeganə kadrdır və onun oliqarxların içində çox ciddi müdafiəçiləri olması Oqtay Şirəliyevi ciddi narahat edir. Bir sözlə, bu adam nazir üçün ciddi problemə çevrilib. Mənbə onu da bildirir ki, əvvəllər nazirlikdə olan nüfuzundan istifadə edən Elsevər Ağayev həm də ölkədə dərman satışına nəzarət edən qüvvələrdən biri kimi tanınırdı. Onun inhisarında olan aptek biznesi isə bu gün ən gəlirli sahələrdən hesab olunurdu. Lakin son vaxtlar Elsevər Ağayevin arxasında dayanan qüvvələrin yuxarı dairələrin yanındakı mövqeləri zəiflədiyindən nazirin mübarizə imkanları artıb: "Elsevər Ağayevin qeyri-rəsmi səlahiyyətləri əlindən alınıb. O, demək olar ki, dərman biznesindən kənarlaşdırılmaq üzrədir".

Bəzi qaynaqlar vurğulayırlar ki, Elsevər Ağayevin yerinə təyin olunacaq şəxsin kimliyi də məlumdur. Lakin Səhiyyə Nazirliyindəki mənbələr bunu hələ ki, açmaq istəmirlər. Görünür, Oqtay Şirəliyev Əli İnsanovun komandasından qalan sonuncu kadrı da nazirlikdən uzaqlaşdırmaqla sabiq nazirin bu sahəyə olan təsirindən birdəfəlik xilas olmağa çalışır. Çünki Şirəliyev vəzifəyə gəldiyi ilk gündən sələfinin komandasına qarşı açıq mübarizəyə start vermişdi. Hətta bölgələrdəki xəstəxana müdirlərinin bir çoxu da bu səbəbdən işdən azad olunmuşdu. Sonuncu isə daha ciddi rəqib olduğundan onu uzaqlaşdırmaq üçün müəyyən zamana ehtiyac duyulurdu. Ona görə də nazir Elsevər Ağayevə qarşı birbaşa mübarizə aparmağa ürək etmədi. Halbuki o, bu addımı atmaqla təkcə Elsevər Ağayevə qarşı deyil, həm də nazir müavinini müdafiə edən oliqarxlara savaş açmalı olacaqdı. Fəaliyyətə başladığı ilk illərdə bir neçə cəbhədə mübarizə aparmaq isə nazirə heç bir halda sərf etmirdi. "Artıq indi zamanı çatıb" - deyən mənbə də bu məlumatları təsdiqləyir. Bu savaşın necə bitəcəyinə isə zaman qərar verəcək.


Geri qayıt