Əsas Səhifə > Partiya > “İTTİHAM TƏRƏFİ FƏRZİYYƏLƏRDƏN DANIŞDI”
“İTTİHAM TƏRƏFİ FƏRZİYYƏLƏRDƏN DANIŞDI”17-09-2012, 12:59 |
NİGARIN VƏKİLİ NARAZILIQ EDİR Vəkil Nemət Kərimli Sumqayıt Apellyasiya Məhkəməsinin müsavatçı Nigar Yaqublunu həbsdə saxlayan qərarını qanunsuz sayır. O, “Media forum” saytına açıqlamasında deyib ki, sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə ittiham tərəfi Nigar Yaqublu haqda seçilən həbs qərarının dəyişdirilməməsini əsaslandıran heç bir dəlil-sübut təqdim edə bilməyib: “İttiham tərəfi ümumi sözlərdən, fərziyyələrdən danışdı. Nigar Yaqublunun istintaqa çağırılıb-çağırılmamasına dair heç bir sübut təqdim olunmadı. Guya kimsə “KAMAZ”ın sürücüsü ilə telefonla danışıb, ona təzyiq edib. Əvvəl belə bir məsələ yox idi. İndi də bu məsələni atırlar ortaya”. Vəkilin sözlərinə görə, prosesə Nigar Yaqublunun özünü gətirməyiblər və bu, qanunvericiliyə ziddir. Nemət Kərimli bildirib ki, Nigar Yaqublunun ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcəklər. Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həmin gün Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Sentyabrın 11-də Daxili İşlər Nazirliyi Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini açıqlayıb. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə baxılıb. Məhkəmə Nigar Yaqublunu həbsdə saxlamağa qərar verib. Geri qayıt |