Əsas Səhifə > Dünya > YUNANLAR DİLƏNÇİYƏ DÖNÜB
YUNANLAR DİLƏNÇİYƏ DÖNÜB1-11-2011, 10:31 |
AFİNADA YARDIM MƏSƏLƏSİ DƏ REFERENDUMA ÇIXARILIR Yunanıstanın baş naziri Georgios Papandreu ötən həftə Avropa ölkələrinin liderləri ilə borclarla əlaqədar əldə olunmuş razılığa dair referendum keçirəcəklərini bəyan edib. “Reuters”in xəbərinə görə, Yunanıstan hökuməti Avropa İttifaqının (Aİ) yeni yardım paketinin müqabilində vətəndaşların büdcə vəsaitlərinə sərt qənaət siyasətini qəbul etmək məsələsini də ümumxalq səsverməsinə çıxarmaq niyyətindədir. Hakim Sosialistlər Partiyasının üzvləri qarşısında çıxış edən baş nazir “biz öz vətəndaşlarımıza, onların qərarlarının düzgünlüyünə inanırıq” - deyə qeyd edib. G.Papandreu referendumdan başqa, hökumətə və siyasi kursa etimad məsələsini də parlamentin səsverməsinə çıxarmaq niyyətindədir. Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin ötən həftə keçirilən sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar. Geri qayıt |