Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCAN RUSİYAYA NOTA VERİB

AZƏRBAYCAN RUSİYAYA NOTA VERİB


19-09-2012, 09:09
AZƏRBAYCAN RUSİYAYA NOTA VERİB

“RUS-ERMƏNİ BİRLİYİ” BAKINI QƏZƏBLƏNDİRİB

Rusiya Federasiyasının Bakıdakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazir müavini Xələf Xələfov səfirlə görüşdə ona bu il sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.

Həmçinin, nazir müavini sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk arupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.

X.Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.

Geri qayıt