Əsas Səhifə > Güney Press, Araşdırma > MASALLI SAKİNLƏRİ MEHRİBAN ƏLİYEVAYA ÜZ TUTDULAR
MASALLI SAKİNLƏRİ MEHRİBAN ƏLİYEVAYA ÜZ TUTDULAR19-09-2012, 10:13 |
ONLAR TORPAQ DAVASINA ÇIXIBLAR Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Masallı rayonunda torpaq problemi yaşanır. Həmin problemin yaranmasının səbəbkarı isə rayonda "torpaqyeyən" ləqəbi ilə tanınan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəhbəri Hamid Hadıyevdir. Verilən məlumata görə, kənd sakinlərinə məxsus torpaq sahələrini başqalarına satmaqla pul qazanmağa çalışan Hadıyev insanların əsəblərini tarıma çəkib. Elə bu səbəbdən də 10-a yaxın kəndin sakinləri Prezident İlham Əliyev və ölkənin Birinci Xanımı Mehriban Əliyevaya müraciət etməyi qərara alıblar. Məlumatda deyilir ki, Masallı rayonunun Xəlfələr, Yeyənkənd, Tatyanoba, Güllütəpə, Yelağac, Yeni Zuvand, Oncakələ, Təzə Alvadı və Köhnə Alvadı kənd sakinləri ölkə rəhbərindən və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadan yardım istəyirlər. Onlar bildirirlər ki, torpaq şöbəsinin müdiri Hamid Hadıyev rayonda özbaşınalıqla məşğuldur. "Vətəndaşlara məxsus paybəlli torpaqların zorla başqalarına icarəyə verən şöbə müdiri insanlar arasında ciddi narazılıq yaratmaqla yanaşı, həm də dövlətin yürütdüyü siyasətə qarşı çıxır». Onlar deyib ki, bu ilk müraciətləri deyil. Hələ bir müddət əvvəl də dövlət qurumlarına və Prezidentə müraciət ediblər. Lakin həmin müraciətin üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, cavab verilməyib. Sakinlər bildiriblər ki, Hamil Hadıyev əslində qisas hissi ilə yaşayır. "Edilən müraciətlərdən sonra həmin şəxslər barəsində bir-bir məlumat toplayan sözügedən şəxs onları polis vasitəsi ilə qorxudaraq, niyyətlərini həyata keçirməyə başlayıb. Qorxutduğu adamların paybəlli torpaqlarını isə imkanlı adamlara satmaqla məşğuldur". Kənd sakinləri deyiblər ki, Mehriban Xanım Əliyevadan dəstək istəyirlər və xahiş edirlər ki, yaranmış problemin aradan qaldırılmasında yardımçı olsun. Onlar səbr kasalarının daşdığını və belə davam edərsə, Bakıya yürüş edəcəklərini də vurğulayıblar. Geri qayıt |