Əsas Səhifə > Şou-biznes > QARTAL: “BUGÜNKÜ SERİALLAR BAXILMIR”

QARTAL: “BUGÜNKÜ SERİALLAR BAXILMIR”


19-09-2012, 10:43
QARTAL: “BUGÜNKÜ SERİALLAR BAXILMIR”

“ONLARIN KÜSÜLÜ OLMASI DA BİLİNMİRDİ”

Aktyor Novruz Qartalın Milli.Az-a müsahibəsi.

- Novruz müəllim, sənətdə bəxti gətirən aktyorlardansınız?

- Sənətdə həm insanın bəxti gətirir, həm də gətirmir. Mənim bəxtim onda gətirib ki, kiçikdən böyüyə qədər oynadığım bütün obrazlarla xalq tərəfindən sevilmişəm, xalq məhəbbəti qazanmışam. Bu gün də teatrda gündəmdə olan aktyorlardanam. Teatrda obrazlarım çoxluq təşkil edir. Məzuniyyətdən əvvət teatrda iki tamaşa təhvil verdik ki, ikisində də mən iştirak edirdim. Biri Bəhram Osmanovun quruluşunda olan “Kimyagər”, digəri isə gənc rejissor Əhəd Hacıyevin quruluşunda yenidən hazırlanan "www.fərzəli.com" tamaşası idi. Bu tamaşada vaxtilə mən əmioğlunu oynamışdım. Yenidən bu rolu mənə təklif edəndə dedim ki, bəlkə teatrda olan gənc aktyorlar oynasın bu rolu? Gənc rejissor mənim oynamağımı istədi. Teatrın repertuarında olan “Kələkbazlar”, “Hərənin öz ulduzu”, “Talelər qovuşanda”, “Amerikalı kürəkən”, “Şeytanın yubileyi”, “O, olmasın, bu olsun” kimi tamaşalarda çıxış edirəm. Allah ömür versə, yeni-yeni obrazlarım ilə tamaşaçıları sevindirəcəyəm.

- Teatrınızda gənclərin potensialı nə dərəcədədir?

- Son 3, 4 ildə Əliqismət Lalayevin gəlişi ilə dönüş yarandı. Teatrımızda gənc vokalist Elvin mənimlə “Talelər qovuşanda” tamaşasında tərəf müqabili olub, mənim oğlumu oynayıb. Teatrımızda Ruslan, Şaban, Hüseyn Əlili, Mehriban Zarıyeva, Ülviyyə Əliyeva, Gültac, Əliməmməd Novruzov kimi qabiliyyətli gənclər var. Qoqolun “Evlənmə” tamaşası ilə isə teatrda rezonans yarandı. Onun nəticəsi idi ki, bu tamaşa “Zirvə” mükafatına layiq görüldü. İranda “O, olmasın, bu olsun” tamaşası ilə festivalda 1-ci yerə çıxdıq. Teatrımız bundan sonra gürcü əsəri olan “Xanuma”-ya müraciət etdi. ”Ər və Arvad” tamaşası ilə isə teatrımız bir daha uğura imza atdı.

- Sizin üçün tamaşaya qoyulacaq əsər önəmlidir, yoxsa rejissor yozumu?

- Aktyor rejissorla razılaşmalıdır. Rejissor tamaşanın qurucusudur. Aktyor ilə rejissorun mübahisə etməyinin əleyhinəyəm. Rejissor teatrın aparıcı qüvvəsidir, ona görə də onun yozumu vacibdir. Rejissorla obrazın xeyrinə mübahisə də etmişik. Amma aktyorun özünün improvizasiyası olmalıdır. Yaxşı mənada improvizə olmalıdır ki, obraza ziyan gəlməsin. Siz bilirsiniz ki, Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov ömür boyu improvizə ilə oynayan aktyorlar olublar.

- “Hicran” tamaşasının kollektivinin adını sadaladınız. Siz də bu tamaşada cavan oğlan rolunu oynamısınız. Bu tamaşanın fərqliliyi nədədir?

- Mən də bu tamaşada improvizə ilə oynamışam. Siz inanın ki, o vaxt Hacıbaba Bağırov, Siyavuş Aslan, Nəsibə Zeynalova bir-birləri ilə danışmırdılar. Bu kollektivi o vaxt Şəmsi Bədəlbəyli yığdı və məşqsiz, filansız tamaşa oynanıldı. Tamaşa sırf improvizə üzərində qurulub. Bütün bunlara baxmayaraq xalq tərəfindən çox sevildi. Heç onların küsülü olması da bilinmirdi.

Belə aktyorlar bu gün çox azdır. Televiziyaya çıxıb bir-iki seriala çəkilirlər, sonra özlərini elə aparırlar ki, guya bunlardan yoxdur. Onlar başa düşmürlər ki, oynadığı obrazı hələ tam dərk etməyiblər. Ona görə də bugünkü seriallar baxılmır.

- Siz necə, seriallara heç baxmırsınız?

- Baxıram, amma inanın ki, çox baxa bilmirəm, yoruluram. Görürəm ki, sujet yaxşıdır, ana xətt var, gözlədiyim anda ki, nə olacaq, xətt itir. Bir də çox istərdim ki, seriallarda aktyor seçiminə ciddi yanaşsınlar.

- Bu gün çəkilən seriallara dəvət alırsınız?

- Dəvət edirlər, hərdən elə olur ki, işim ilə üst-üstə düşür. Bəzən də mənə veriləcək rol xoşuma gəlmir. Keçən il “Tacirlər” adlı İran serialına çəkildim, bu il də bir neçə seriala dəvət almışam. Serialın yaxşı çıxması montajdan da asılıdır. Bizim seriallarımız heç bir ölkənin seriallarından əskik deyil, sadəcə, bizdə texnika bir az zəifdir. “Bu zalım dünyada doğulma” serialında heç nə yox idi, sadəcə, vəziyyətdən vəziyyət doğurdu. Ona görə də bu serial tamaşaçıya maraqlı idi. Yoxsa ki, 3 saat leksiya oxu, buna heç kim baxmayacaq. Onsuz da millətin o qədər dərdi var ki.

- Novruz müəllim, ad gününüzə məxsusi hazırlaşmağı sevirsiniz?

- Ad günüm elə bir gündədir ki, onu bütün dünya qeyd edir. Mart ayının 20-si ad günümdür. Keçən il 65 yaşım oldu, artıq 66-a doğru irəliləyirəm. Arvaddan qorxmasam, təzədən yenə də evlənərəm (gülür).

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz?

- İki oğlum, bir qızım var. Oğlanlarım hələ ailə həyatı qurmayıblar. Bir qız nəvəm var, başıma oyun açır. İnanın ki, onunla nəfəs alıram (gülür).

Geri qayıt