Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA DAXİLİNDƏ NƏ BAŞ VERİR?

İCTİMAİ PALATA DAXİLİNDƏ NƏ BAŞ VERİR?


20-09-2012, 11:38
[/color]İCTİMAİ PALATA DAXİLİNDƏ NƏ BAŞ VERİR?

İSTEFA VERƏNLƏR DANIŞDI

İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn və Zəfər Quliyev qurumdan istefa vermələrinin səbəblərinə aydınlıq gətiriblər. Pənah Hüseyn APA-ya açıqlamasında Koordinasiya Şurasından istefa verdiyini, lakin fəaliyyətini İP üzvü kimi davam etdirəcəyini deyib: “Mən və daha bir neçə nəfər İctimai Palatanın Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmək məsələsinə yenidən baxacağımız haqqında mövqe açıqlamışıq. Mən fəaliyyətimi İctimai Palatanın üzvü kimi davam etdirəcəyəm. Koordinasiya Şurasının üzvlüyündən çıxmağım və baş verənlərlə bağlı ictimaiyyətə daha geniş açıqlamam olacaq”.

İP Koordinasiya Şurasının keçmiş üzvü Zəfər Quliyev qurumdan dünən istefa verdiyini deyib: “İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilmiş iclasında toplantıya sədrlik edən Pənah Hüseyn qurumun üzvlüyündən istefa verdiyi elan etdi. O bildirdi ki, Koordinasiya Şurasının bu cür fəaliyyəti onu qane etmir. Onun istefası qərarı mən və Köçəri Nağıbəyli tərəfindən dəstəkləndi. Biz də istefa verdiyimizə dair mövqeyimizi açıqlamışıq. Bizim istefa verməyimizə səbəb Koordinasiya Şurasının dünən keçirilmiş iclası və gündəlikdə duran məsələ olub”.

Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilmiş iclasında siyasi partiyaların Avropa Parlamentinə göndərdiyi birgə müraciətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda İctimai Palatanın Koordinasiya Şurasının Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənəddə Ramil Səfərovla bağlı müddəaların qeyri-obyektiv olması və ikili standartlar xarakteri daşıması haqqında siyasi partiyaların mövqeyi ilə həmrəy olduğu bildirilib: “İctimai Palatanın Koordinasiya Şurası Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycan siyasi partiyalarının birgə müraciətini imzalamış İctimai Palatanın üzvləri olan siyasi partiya liderlərinin bu addımını təqdir edir”.

Zəfər Quliyev qeyd edib ki, AXCP və Müsavat rəhbərlərinin YAP-ın təşəbbüsü ilə keçirilən toplantıya qatılması, həmçinin Avropa Parlamentinin qətnaməsi əleyhinə müraciətə imza atması onları qane etməyib: “Bizim mövqeyimiz Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ramil Səfərovla bağlı qeyd olunan məqamla əlaqədar deyil. Biz İP Koordinasiya Şurası olaraq məsələyə öz münasibətimizi bildirmişik və Ramil Səfərovla bağlı məsələni dəstəkləmişik. Avropa Parlamentinin qətnaməsində digər müddəalar da vardı, burada ölkədəki ictimai-siyasi vəziyyətə dair məqamlar də öz əksini tapmışdı. Hesab edirik ki, müxalifəti təmsil edən bu partiyalar tələskənliyə yol veriblər. Ona görə də partiya liderlərinin mövqeyini bölüşmək və onları dəstəkləmək niyyətimiz yoxdur. Amma fəaliyyətimizi İctimai Palatanın üzvü olaraq davam etdirəcəyik”.

Zəfər Quliyevin sözlərinə görə, sözü gedən bəyanat müzakirə olunan zaman Koordinasiya Şurasının iclasda iştirak edən 11 üzvündən 8 nəfəri sənədi dəstəkləyib, yalnız Pənah Hüseyn, Köçəri Nağıbəyli və o özü sənədin əleyhinə səs verib.

Geri qayıt