Əsas Səhifə > Sosial, Manşet > TAĞI ƏHMƏDOV METRODAN NƏ QƏDƏR QAZANIR?

TAĞI ƏHMƏDOV METRODAN NƏ QƏDƏR QAZANIR?


16-09-2011, 16:29
TAĞI ƏHMƏDOV METRODAN NƏ QƏDƏR QAZANIR?

METROPOLİTEN ŞEFİNİN PULLARI

Metro kifayət qədər qazanclı gəlir sahəsidir. Bakı Metropoiteninin rəisi Tağı Əhmədov nə qədər »ağlasa» da onsuz da ona inanan yoxdur və hər kəsə aydındır ki, Tağı Əhmədov metrodakı biznesindən hər ay milyonlarla pul götürür. Elə buna görə də bir vaxtlar Naxçıvandakı »Badamlı» zavodunda fəhlə işləyən və maaşını bir aydan o biri aya güclə çatdıran Tağı Əhmədov indi ölkənin ən varlı şəxslərindən birinə çevrilib. 1970-ci ildə Bakı Metopolitenində tunel fəhləsi kimi işə girəndə bəlkə də heç ağlına gəlmirdi ki, bir zamanlar bu nəhəng sahəyə məhz özü rəhbərlik edəcək. Onun Bakı Metropolitenində parlamasının qısa tarixi isə aşağıdakı kimidir.

1993-cü ilə qədər metropolitendə fəhləlikdən tutmuş, idarə müdirliyinə qədər müxtəlif vəzifələrdə çalışan Tağı Əhmədovun ulduzu mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra parlamağa başlayır. Belə ki, qatı »Əliyevçi» kimi tanınan Tağı Əhmədov mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra metropolitendə əsas fiqurlardan biri hesab edilməyə başlayır. Bunun nəticəsidir ki, 1994-cü ildə onu Tunel Qurğuları Xidmətinin rəisi vəzifəsinə qədər yüksəldirlər. Metropolitendə ciddi postlardan sayılan həmin vəzifədə 4 il çalışdıqdan sonra nəhayət »tunelin sonundakı işıq» görünməyə başlayır və Tağı Əhəmədov 1998-ci ildə karyerasının zirvəsinə yüksəlir.

Həmin tarixdən bu günə qədər Bakı Metropoliteninin rəisi vəzifəsində çalışan Tağı Əhmədov burada özü üçün »böyük imperiya» qura bilib. O »qaranlıq dünya»nın ağası kimi böyük səlahiyyətlərə və geniş biznes şəbəkəsinə malikdir. Bakı Metropolitenində dövr edən pulların miqdarı haqda rəsmi səviyyələrdə məqsədli şəkildə kiçildilmiş rəqəmlər göstərilsə də hər kəsə gün kimi aydındır ki, söhbət milyonlardan gedir. Metropolitenin istifadəsi üçün xərclənən vəsatin məxfi saxlanması, reklam və ticarət obyektlərinin icarəsindən əldə olunan gəlirlərin miqdarının açıqlanmaması bu sahədəki böyük korrupsiyadan xəbər verir.

Metropoliten rəisi xalqın yaddaşında həm də »ağlayan» məmur kimi qalıb. Həftə səkkiz, mən doqquz mətbut qarşısına çıxaraq metronun zərərlə işləməsindən, qiymətin yenidən qaldırılmasının vacibliyindən danışan Tağı Əhmədovun bu davranışı bizi kiçik bir araşdırma aparmağa məcbur etdi. Maraqlıdır, görəsən metro doğurdanmı zərərlə işləyir, bəs buradakı reklam və ticarət obyektlərindən gələn gəlir nə qədərdir və əldə edilən vəsait hansı məqsədlərə yönəldilir?

Bununla bağlı Tağı Əhmədov bir müddət öncə mətbuata açıqlama verərək etiraf edib ki, metropoliteninin balansında 2 minə qədər ticarət obyekti var. O eyni zamanda metro ticarətindən əldə olunan aylıq gəlirin 70 min manat olduğunu və həmin məbləğin yalnız metroya sərf olunduğunu iddia edib: »Bəziləri düşünür ki, guya metroda qaz vurub-qazan doldururlar. Xeyir, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından gedir».

Onun sözlərinə görə, metro keçidlərindəki obyektlərin icarə haqqı hər kvadrata görə 100 manatdır. Amma keçidlərdəki ticarətçilərlə söhbətləşdiyimiz zaman məlum oldu ki, əslində Bakı Metropolitenində min manatdan ucuz icarə haqqı yoxdur. Hətta əhalinin gur olduğu »Əzizbəyov» »Gənclik», »Nərimanov» və »20 yanvar» stansiyalarında icarə haqqı 1000 manatı da üstələyir. Əgər, rəisin metroda 2 min ticarət obyektinin olması haqda açıqlamasına inansaq (halbuki bu rəqəmin kiçildilmiş olması da şübhə doğurmur) və hərəsindn 1000 manat icarə haqqı alındığını nəzərə alsaq, ortada çox böyük pulların fırlandığının şahidi ola bilərik. Bu nə az, nə çox ildə düz 24 milyon manat edir. T.Əhmədov isə and-aman edir ki, metro ticarətindən əldə edilən illik gəlir 840 min manatdır.

Metropolitenin gəlir sahələrindən biri də reklam bazarıdır.

Metroda reklam işləri ilə T.Əhmədova yaxınlığı ilə seçilən »Komet» Reklam Agentliyi məşğuldur. Açıqlamalara görə metro stansiyalarında reklam lövhələrinin bir ədədinin aylıq icarə haqqı 70 manatdır. Vaqonların içindəki reklamların dəyəri isə yerindən asılı olaraq 2-10 manat aralığında müəyyənləşib. Qatarların içərisindəki monitorlar vasitəsilə nümayiş etdirilən reklam çarxlarının qiyməti isə daha bahadır. Eskalatorların üzərində qoyulmuş reklam lövhələrinin 1 kv.metrinin qiyməti isə 7 gün ərzində qalmaqla 35 manatdır. İndi hesablamağa çalışaq ki, Tağı müəllim reklam siyasətindən nə qədər qazanır? İlk öncə qeyd edək ki, metronun istisnasız olaraq bütün stansiyaları reklam lövhələri ilə doludur. Ona görə də konkret olaraq ümumilikdə metropoliten ərazisində nə qədər reklamın yerləşdirildiyini müəyyənləşdirmək praktik olaraq mümkün deyil. Burada reklam qiymətlərinin digər yerlərdən nəzərəçarpacaq dərəcədə ucuz olması, yerləşdirilmiş reklamı gün ərzində milyona yaxın adamın görməsi aparıcı şirkət və müəssisələri burada reklam yerləşdirməyə sövq edir. Amma metropolitenin qazancı ilə bağlı şəffaflığın olmaması üzündən konkret olaraq reklamdan əldə olunan gəliri müəyyənləşdirməyə imkan vermir. Bununla belə hesab edirik ki, metroroliten təkcə reklamdan ay ərzində 1 milyon manata yaxın pul qazanır. Sonuncu qiymət artımı zamanı metroda gediş haqqının 5 qəpikdən 15 qəpiyə qədər bahalaşmasını da bunun üzərinə gəlsək Tağı müəllimin »ağlaması»na heç bir lüzumun qalmadığı ortaya çıxar.


Geri qayıt