Əsas Səhifə > Sosial, Manşet > BİNƏQƏDİDƏ SOYUQ QIŞ TƏHLÜKƏSİ

BİNƏQƏDİDƏ SOYUQ QIŞ TƏHLÜKƏSİ


1-11-2011, 15:38
BİNƏQƏDİDƏ SOYUQ QIŞ TƏHLÜKƏSİ

YERLİ MƏMURLARIN TAMAHKARLIĞI SAKİNLƏRİ İNDİDƏN QORXUYA SALIB

DİA.AZ: - Dünən Binəqədi rayonunda yaşanılan elektrik enerjisi ilə bağlı yaranmış problem üzündən bir qrup sakininin narazılıq dolu şikayətinə işıq salmışdıq. Bu gün də redaksiyamıza eyni ünvandan şikayət məktubu daxil olub. Amma bu dəfə söhbət təbii qazla bağlı təchizatda yaranmış problemdən gedir.

Hər halda, 21-ci əsrin neft və qaz ölkəsi olan Azərbaycanın paytaxtında təbii qaz probleminin yaşanılması ən azından məmur özbaşınalığının təzahürü kimi qəbul olunmalıdır. Elə «Dünya» İnformasiya Agentliyi redaksiyasına ünvanlanan məktubun məzmunundan da aydın olur ki, Binəqədi rayon Xocahəsən qəsəbəsinin qazla təminatı sırf olaraq yerli idarə işçilərinin tamahkarlığının qurbanıdır.

Məktubda deyilir: «Binəqədi rayon Qaz İstismar Sahəsinin rəisi Vəzirov Fərhad və sözügedən idarənin baş mühəndisi Zeynalov İlham Xocahəsən qəsəbəsinin təbii qazla təminatını müxtəlif bəhanələrlə əngəlləyirlər. Davamlı olaraq evlərə qaz verilməsində fasilələr yaranır».

Şikayətçilər bunu qəribə, lakin Azərbaycan üçün ənənəvi olan bir səbəblə izah edirlər: «Təbii ki, burada məqsəd əhalidən pul yığılmasından ibarətdir. Məqsədli olaraq qazı kəsirlər. Sonra da sakinlərdən və iş yerləri sahiblərindən müəyyən məbləğdə pulu aldıqdan sonra qaz verilir. Amma bu da müvəqqəti olur. Çünki bir neçə gündən sonra eyni problem yaranır. Yəni Fərhadla İlhamın pulları qurtaranda «razvadnoy» açarı götürüb, evlərin və obyektlərin qazlarınıi kəsirlər».

Sakinlər şikayət məktublarında onu da bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də, səslərini eşidən olmayıb: «Amma biz inanırıq ki, bu dövləti idarə edənlər bir qəsəbədə baş verən bu məmur özbaşınalığına «dur» deycəklər. Qarşıdan sərt qış gəlir və bu soyuq aylarda Vəzirov Fərhadla Zeynalov İlham camaatı soyuqda saxlayarlar ki, nədi-nədi pul qoparsınlar».


Geri qayıt