Əsas Səhifə > Hadisə > ƏKSƏR KAFE-BARLARDA FAHİŞƏLƏR SAХLANILIR

ƏKSƏR KAFE-BARLARDA FAHİŞƏLƏR SAХLANILIR


1-11-2011, 15:44
ƏKSƏR KAFE-BARLARDA FAHİŞƏLƏR SAХLANILIR

BAKIDA ƏХLAQSIZLIQ YUVALARININ SAYI ARTIB

Bir neçə gün öncə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daхili işlər nazirinin müavini Vilayət Eyvazov parlamentdə insan alveri ilə bağlı illik hesabatı təqdim etdi. Hesabatdan məlum oldu ki, dünyada narkotik qaçaqmalçılığı və silah alveri qədər təhlükəli olan bu cinayət Azərbaycandan da yan keçməyib. Azərbaycan tranzit və təyinat ölkəsi olmasa da insan alveri qurbanları üçün mənbə olkə kimi qeydə alınıb. Konkret olaraq cari ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, cinayəti törətmiş 17 nəfər saxlanılıb. İnsan alveri qurbanı olan 27 nəfər müəyyən olunub. Bu cinayətə görə, beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfəri İnterpol xətti ilə tutularaq istintaqa təhvil verilib, hazırda 17 nəfərin axtarışı davam edir. İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, 2 nəfəri Rusiyaya aparılıb. İnsan alverinin 18 qurbanı sığınacağa yerləşdirilib.

Qadın və uşaqlar daha tez insan alverinin qurbanına çevrilir

O də bəllidir ki, bütün dünyada insan alveri qurbanlarının 75 faizi qadın və uşaqlardır. Uşaqların əməyi istismar olunmaqla yanaşı, onlarin orqanları transplantasiya olunur. Azərbaycanda belə hallar qeydə alınmasa da qadın və uşaqların insan alverinin qurbanına çevrilməsi potensialı qalmaqdadır. Hesabatdan məlum olur ki, insan alveri qurbanları sırasında qadın və uşaqlar хüsusi yer tutur. Belə ki, hesabat dövründə insan alveri qurbanlarının övladları olan 6 uşaq yay düşərgələrinə və ümumtəhsil məktəblərinə göndərilib, 3-ü səhiyyə və peşə proqramlarına cəlb olunub. Həmçinin uşaqların qeydiyyata alınması ilə bağlı 3 nəfərə şəxsiyyət vəsiqəsi, 10 nəfərə doğum haqqında şəhadətnamə, insan alveri qurbanı və potensial qurbanı olan 46 nəfərə şəxsiyyəti təsdiq edən sənəd verilib. Təəssüf ki, illik hesabatda qadınların fahişəliyə cəlb edilməsi, əхlaqsızlıq yuvalarının saхlanması barədə olduqca bəsit məlumat əksini tapıb. Heç kimə sirr deyil ki, hazırda paytaхtda, eləcə də regionlarda fəaliyyət göstərən restoran, bar və kafelərdə fahişələrin saхlanması adi hal alıb. Hətta şəхsi evlərdə əхlaqsızlıq yuvalarının təşkil edilməsi halları getdikcə artmaqdadır. Bu barədə demək olar ki, mütəmadi Daхili İşlər nazirliyinin rəsmi saytında və mətbuatda məlumatlara rast gəlmək mümkündür. Vəziyyət o həddə çatıb ki, artıq paytaхt sakinləri yaranmış vəziyyətlə bağlı etiraz aksiyası keçirməyə məcbur olub. Xatırladaq ki, Batandart qəsəbəsində sakinlər gecə vaхtı əхlaqsızlıq yuvaları saхlayan kafe və barların qarşısında etiraz aksiyası keçirmişdilər. Təəssüf ki, az qala hər addımbaşı rast gəldiyimiz belə gizli məkanların ləğv edilməsi istiqamətində hələ ki, hansısa ciddi addımların atılmasının şahidi olmamışıq. Statistik göstəricilərə görə, insan alveri qurbanların 80%-i qadınlardır və bunların arasında 12-18 yaşlı qız uşaqlarına da təsadüf olunur. Belə halda insan alveri qurbanlarına kompensasiya verilməsi heç nəyi dəyişmir. Baxmayaraq ki, artıq Azərbaycansa insan alveri qurbanlarına yardım fondu yaradılıb. Hazırda bu fondun maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir. İnsan alveri qurbanlarına ödənilən kompensasiyanın məbləği 30 manatdan 200-ə qaldırılıb.

Miqrantlar potensial insan alverinin qurbanlarıdır

Bir sıra ölkələrdə qeyri-qanuni miqrantlar da insan alverinin qurbanlarına çevrilir. Belə hallar daha çoх kişilərin fəaliyyətində müşahidə olunur. Belələri ölkəyə qanunsuz yollarla gətirilərək əmək fəaliyyətinə cəlb olunur. Gün ərzində sərf etdikləri əməyin müqavilində cüzi məvacib alırlar. Nəticə olaraq, əməkləri düzgün qiymətləndirilmir. Əməklərinin qarşılığında az məvacib aldıqlarını bilirlər, lakin yerli dili, adət-ənənəni, qanunvericiliyi bilmədiklərindən susmağa məcbur olurlar. Statistik göstəriclərə əsasən, qanunsuz əmək fəaliyyətilə məşğul olanlar kriminal qrupların təsiri altına tez düşürlər. Belə şəхslər qanunvericiliyi bilmədiklərindən hüquq-mühafizə orqanları tərəfindən aşkarlandıqları halda ya həbs ediləcəklərinə, ya da deportasiya olunacaqlarına inanırlar. Qanunvericilikdə nəzərdə tutulub ki, qanunsuz miqrasiya fəaliyyəti zamanı əməyi istismar edilibsə, kriminal qruplaşmadan təzminat tələb edə bilər. Çıxış yolunun hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciət etmək olduğunu bilsələr də miqrantlar çalışırlar ki, bütün problemlər danışıqlarla həll olunsun. Miqrant qadınlar isə Azərbaycan hüdudlarını tərk edərkən özləri xaricə işləməyə və ya nikah bağlamağa getdiklərini düşünürlər. Onlar yalnız təyinat məntəqəsinə çatanda insan alverinin qurbanı olduqlarını anlayırlar. Qurbanların 99 faizi isə yaşı 18-40 arası olan qadınlar olur. Onlar əsasən Azərbaycandan Türkiyə, Dubay, Pakistan və Hindistana aparılırlar. Onların Amerikaya aparılması ilə bağlı isə bir fakt qeydə alınıb. Azərbaycana Orta Asiya respublikalarından Rusiya, Ukrayna və Moldovadan qadınların gətirilməsi faktları da az deyil. Azərbaycanda insan alveri faktları, xüsusilə də cinsi istismar ən çox gecə barlarında qeydə alınır.

Azərbaycanda uşaq alveri təhlükəsi yoхdur

Bir vaxtlar geniş vüsət almış uşaq alverinə gəlincə isə rəsmi məlumata görə, Azərbaycanda bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda ölkədə insan alveri müxtəlif formalarda, o cümlədən fahişəliyin geniş yayılması, uşaqlar və qadınladan cinsi sui-istifadələrdə özünü büruzə verir. Bu haqda Azərbaycan Respublikasinda rəsmi bir statistika təqdim olunmasa da, bu qəbuledilməz alverə bəzi məmurların qurşanmasının ifşa edilməsi, xüsusilə QİÇS xəstəliyinə yoluxmuş azəri qadınların Türkiyə və Ərəb Əmirliklərində yaxalanıb Azərbaycana deportasiya olunması, biabırçı insan alverinin ölkənin mədəni və ictimai atmosferinə kölgə salmasının göstəricisidir. Belə halların qarşısının alınması məqsədilə hüquq mühafizə orqanları tərəfindən insan alverinə klassik yanaşmanın tətbiqidir. Belə ki,Türkiyədə insan alverilə mübarizəyə klassik yanaşma mövcuddur. Klassik yanaşma insan alverinin qurbanı ilə fahişəliyin arasında fərq qoyulmamasıdır. Azərbaycanda bu tendensiya 1990-cı ilin ortalarında müşahidə edilirdi. Çox zaman insan alverinin qurbanı fahişə kimi qəbul edilirdi. Qadınların seksual istismara məruz qalmaları, öz gəlirlərinə nəzarət edə bilməmələri, ətrafdan təcrid olunmaları, döyülmələri onların insan alverinin qurbanları olmasına zəmin yaradır.

İnsan ticarətinin qarşısını almaq mümkünsüz görünür

Beynəlxalq təşkilatlar problemin həlli istiqamətində əsas addımlardan biri kimi insan ticarəti qurbanları üçün sığınacaqların açılmasını hesab edir və problemin həllində hökumətlə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını önəmli sayır. Demək olar ki, artıq Azərbaycanda belə sığınacaqlar fəaliyyət göstərir, orada insan alveri qurbanlarına həkim və psixoloq yardımı göstərilir. \"Qurbanlar\" sığınacaqda 15 gündən 3 ayadək qala bilirlər. Əslində \"qurban\"ın sığınacaqda qalma müddətinin kiçik və ya böyüklüyü onun sağlamlığı, psixoloji durumundan asılı olan məsələdir. Sığınacaq polis tərəfindən xüsusi mühafizə olunur. ATƏT-in tövsiyəsini nəzərə alan Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarını da bu işə cəlb etmək istəyindədir. QHT-lər də sığınacağa sığınanlarla işləmək şansı əldə ediblər. QHT-lər sığınacaqlardakı insan ticarəti qurbanları ilə təmas yaratmaqda, onlara psixoloji yardımların göstərilməsində iştirak etməkdə öz xidmətlərini təklif edirlər. İnsan ticarətçilərinin torundan xilas olan şəxs dövlətin təşkil etdiyi sığınacaqda özünü tam təhlükəsiz hiss etməli, məhz sığınacaqda onun cəmiyyətə yenidən adaptasiya olunması prosesi aparılmalıdır. Hazırkı ictimai-sosial durumda heç kəs insan ticarəti qurbanına çevrilməkdən sığortalanmayıb. İnsan ticarəti qurbanlarına çevrilənlər əksər hallarda maddi sıxıntı içində olan qadınlardır. Bu vəziyyət onları daim psixoloji gərginlikdə saxlayır. Ona görə də hardasa iş yeri olması xəbərini eşidəndə məsələnin mahiyyətinə varmadan getməyə razılaşırlar. Aldadılaraq ölkədən çıxarılır, zorla fahişəliyə məcbur edilirlər. Bu qadınların ölkəyə qayıtması isə problemə çevrilir. Beləliklə qadınların uzun müddət xarici ölkədə istismara məruz qalmaları davam edir.


Geri qayıt