Əsas Səhifə > Güney Press, Araşdırma > ŞOK: HƏKİM XƏSTƏNİN HƏYATI İLƏ NECƏ OYNAYIB?
ŞOK: HƏKİM XƏSTƏNİN HƏYATI İLƏ NECƏ OYNAYIB?24-09-2012, 09:01 |
XƏSTƏLƏRİ “TƏCRÜBƏ DOVŞANI” KİMİ GÖRƏN HƏKİM KİMDİR? DİA.AZ: - Redaksiyamıza Salyan rayonu, 20 yanvar küçəsi ev 412 b-də yaşayan Bəxtiyar Quliyev tərəfindən prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə və baş prokuror Zakir Qaralova ünvanlanmış şikayət məktubunun surəti daxil olub. Şikayətçi yazır ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının cərrahı Ceyhun Sultanov bədxassəli döş xərçəngindən əziyyət çəkən anası Nəğmə Quliyevanı ixtisasına uyğun olmasa da, əməliyyat etməklə, daha da ağır vəziyyətə gətirib: «Anamı müayinə edən Ceyhun Sultanov dedi ki, onu 650 manata əməliyyat edərək həyata qaytaracaq. O qədər əmin danışdı ki, biz də ona inanmağa məcbur qaldıq. Beləliklə, o, bizi diaqnoz üçün Respublika Onkologiya Mərkəzinə göndərdi. Orada həkim Rəna Babayeva anamı müayinə edərək, dedi ki, burada qalmalı və əməliyyat olunmalıdır. Bunun üçün 1000 manat pul istədilər. Ona görə də Ceyhun həkimin sözlərini xatırlatdıq. Amma Rəna xanım dedi ki, belə xəstələr rayonda əməliyyat oluna bilməz. Əminlik üçün Rəna xanımla Ceyhun həkimi telefonla calaşdırdıq. Ceyhun israrla xəstəni geriyə qaytarmağı tələb etdi. Rəna xanım ona «Doktor, siz əminsiniz ki, onu əməliyyat edə biləcəksiniz», - deyə, sual etdi. Ceyhun onu əmin etdikdən sonra Rəna xanım «məsləhət özünüzündür» dedi». Ceyhun Sultanovun israrı üzündən geriyə qayıdan Quliyevlər səhəri rayon xəstəxanasında olublar: «Həmin vaxtı təkrar Ceyhun həkimlə söhbət elədik. O, əmin etdi ki, əməliyyat uğurlu olacaq. Onun istədiyi 650 manatın 450-ni verdim. Geridə qalan pulu isə 15-20 günə düzəldəcəyimi bildirdim. Həkim bundan sonra anamı əməliyyat elədi. 3 saatdan sonra anamın kəsilmiş döşünü gətirən tibb bacısı dedi ki, apar basdır. Anam palataya çıxarılandan sonra Ceyhunun «bu, mənim ilk əməliyyatım idi, uğurla bitdi» deməsi, məni və bacılarımı əndişələndirsə də, həmin an ümidimizi itirmədik. Amma əməliyyatdan sonra anamın vəziyyəti daha da pisləşməyə doğru getdi. Belə olanda tez-tez Ceyhunla əlaqə saxlayıb, məsləhət istəyirdim. Əvvəl mənimlə normal danışan həkim sonradan məndən qaçmağa başladı. Nəhayət, o, mənə «nə istəyirsən məndən, bilmirdiniz ki, belə olacaq» deyəndə, etiraf edim ki, onunla kəskin mübahisəyə girdim. O, məni hədələyib dedi ki, hara istəyirik, şikayət edə bilərik». Şikayətçi yazır ki, bundan sonra Bakıya gəlib Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib: «Orada mənə məsləhət gördülər ki, ərizə yazım. Lakin Ceyhunun soyadını həmin vaxt unutduğumdan ərizəni tamamlaya bilmədim. Dedilər get dəqiqləşdir, gəl ərizəni yaz. Artıq neçə illərdir qazandığım pulları apteklərə tökürük. Ona görə indi də Bakıya getməyə imkanımız yoxdur. Odur ki, mətbuat vasitəsi ilə Baş Prokurorluqdan xahiş edirəm ki, Salyan Mərkəzi Rayon Xəstəxanasında xərçəng xəstələrinin əməliyyat olunması və məndən alınmış 450 manatla bağlı araşdırma aparılsın. Eyni zamanda, xüsusən cənab prezidentdən də ailəmiz adından xahiş edirik ki, maddiyyatı önə çəkərək anamı daha da ağır vəziyyətdə qoyan, əzablarını artıran xəstəxananın həkimləri haqda müvafiq ölçü götürülməsinə göstəriş verilsin…». Geri qayıt |